Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Bolqarıstana gedəndə təyyarənin GPS sistemi bloklanıb. Bu əməliyyatı Rusiyanın gerçəkləşdirməsindən şübhələnirlər. Pilotlar ehtiyat naviqasiyaya, kağız xəritələr vasitəsilə təhlükəsiz eniş ediblər.
Təyyarə Plovdiv aeroportuna yaxınlaşanda təyyarəni müşayiət edən GPS siqnalları qəfildən itib. Pilotlar təxminən bir saat "kor" kimi uçublar.
Moskva bu uçuşda hər hansı rolu olmadığını bildirib. Bolqarıstan rəsmiləri son vaxtlar GPS bloklamasının tez-tez baş verdiyini, buna görə də Fon der Lyayenlə bağlı hal daxil individual halların xüsusi araşdırılmadığını deyirlər.
Amma sabiq müdafiə naziri Todor Taqarev bununla razılaşmır.
"Siqnalın bloklanması baş veribsə, bu, ölkə xaricindən qaynaqlana bilməzdi", – Taqarev AzadlıqRadiosunun bolqar xidmətinə bildirib. Onun fikrincə, belə hallarda təhlükəsizlik xidmətləri nə baş verdiyini araşdırmalıdır.
Aviasiya analitikləri deyirlər ki, GPS siqnalının bloklanması, yaxud saxtalaşdırılması halları artır. Bu, özəlliklə aviasiya və dənizçilik sektorlarında, Ukrayna, Qara dəniz və Şərqi Avropa kimi münaqişə zonaları ətrafında müşahidə olunur.
Martda BMT-nin telekommunikasiya, aviasiya və dəniz nəqliyyatı üzrə agentlikləri radio naviqasiya peyk xidmətinin (RNSS) təcili qorunmasına çağırıblar. Bu xidmət dəqiq qlobal naviqasiya və zaman sinxronizasiyasını təmin edir.
Siqnallar necə vurulur
GPS siqnalları bəzən günəş fırtınaları kimi təbiət hadisələri, bəzən də avadanlıq nasazlıqlarıdan dolayı itə bilər. Bu hallar adətən qısa çəkir, kommersiya aviasiyasında öncədən nəzərə alınır. Bu da sərnişin reysləri üçün riskləri minimuma endirir.
GPS siqnalının boğulması zamanı peyk naviqasiya siqnallarını üstələmək və legitim siqnalları bloklamaq məqsədilə GPS peyklərinin tezliklərində radio siqnalları yayılır. Yəni, GPS peykləri müəyyən tezliklərdə zəif radio siqnalları ötürür. Qəbuledici cihaz isə azı dörd peykdən gələn siqnalları qəbul edir və zaman bilgiləri əsasında öz koordinatlarını hesablayır.
Bəs siqnal boğulması nə edir? O, eyni və ya yaxın tezliklərdə peyklərin siqnallarını boğan daha güclü bir siqnal yayır. Nəticədə, qəbuledici peyklərlə əlaqə qura bilmir və siqnalı itirir. Bəzi hallarda isə boğulma əvəzinə saxtalaşdırma tətbiq olunarsa, qəbuledici cihaz yanlış koordinatlar göstərə bilər.
Həm asandır, həm də çox yayılıb
Siqnalları bloklayan cihazlara gəlincə, onlar ucuz və texniki baxımdan sadə ola bilər, adətən qısa məsafələrdən, bir neçə yüz metrdən bir neçə yüz kilometrədək məsafəni əhatə edirlər.
Fon der Lyayen insidentində cihazlar Avropa hava məkanına yaxın olublar, bir neçə min kilometr məsafədə yerləşən Rusiya daxilində deyil. AzadlıqRadiosuna danışan ekspertlər müdaxilə siqnalının mənbəyinin aeroporta yaxın olduğunu deyiblər.
GPS saxtalaşdırması zamanı təyyarə siqnalının surəti yaradılır və yayılır, yəni təyyarənin haradasa olması təəssüratı yaradılır. Yaxud iş vaxtı dəyişdirilir.
GPS bloklanması bir çox ölkələrdə qanunsuzdur, onu müəyyənləşdirib bu işi görənləri aşkarlamaq da asandır.
Siqnalın qarşısı bəzən müdafiə məqsədilə alınır. Amma ekspertlər iddia edirlər ki, Rusiya bu üsuldan Avropa ölkələrini getdikcə daha çox hədəfə almaq, çaşqınlıq və qorxu yaratmaq üçün yararlanır.
Fon der Lyayen insidentindən sonra Avropa Komissiyası Rusiyanı ittiham edib, GPS siqnalının pozulması ilə bağlı bir sıra şirkətlərə sanksiyalar açıqlayıb. Komissiya belə halların qarşısını almaq üçün aviasiya sahəsinə yönəlmiş plan hazırladığını bəyan edib.
Yazını AzadlıqRadiosunun jurnalistləri Genka Şikerova və Kian Şərifi hazırlayıblar.