Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 01:22

Vəkil müvəkkili olduğu üç saxlanılandan danışdı


Lawyer Elcin (Elchin) Sadigov

Azərbaycan Xalq Cəbhəsi partiyası sədrinin müavini Gözəl Bayramlının, jurnalist Əfqan Muxtarlının səhhətində problemlər var. “Kanal 13” internet resursunun rəhbəri Əziz Orucova isə ailə üzvləri ilə görüşməyə imkan vermirlər.

Bu haqda AzadlıqRadiosu-na vəkil Elçin Sadıqov məlumat verib. Vəkil onlarla Bakı istintaq təcridxanasında görüşüb.

Gözəl Bayramlı aclıq aksiyasına başlamaq istəyir

Buna da bax:​ Gözəl Bayramlı ombudsmanla görüşmək istəyir

Vəkili deyir ki, Gözəl Bayramlının səhhətində çox ciddi problemlər yaranıb.

“Ayaq oynağında şişmələr var. Müalicəyə şərait yaradılmır. Baxmayaraq ki, bununla bağlı müvafiq qurumlara müraciət edilib. Yalnız ağrıkəsicilər vururlar. Bu da onun mədə sistemində başqa ciddi problemlər doğurur”.

E.Sadıqov G.Bayramlının qanuni maraq kəsb edən şəxslərlə, o cümlədən vəkilləriylə danışmasına da imkan verilmədiyini deyir.

“Gözəl xanım bildirdi ki, istədiyi şəxslərlə telefonla danışmasına qoyulan yasaq qaldırılmazsa, gələn həftə aclıq aksiyasına başlayacaq”.

Buna da bax:​ Vəkil: 'Muxtarlını döyülməsindən 31 gün sonra tibbi ekspertizadan keçirdilər'

“Əfqan Muxtarlının mədə ağrıları şiddətlənib”

Vəkilin sözlərinə görə, Əfqan Muxtarlının səhhətindəki problemlər qalır.

“İsti xörək yeməsinə şərait yaradılmadığına görə, mədəsindəki ağrılar şiddətlənib. Ağrılar digər tərəfdən qida qəbul etməsinə də problem yaradır”.

Vəkil jurnalistə qanunvericiliyin tələbinə uyğun olaraq yaxınları ilə telefonla əlaqə saxlamasına imkan verilmədiyini də qeyd edir: “Onun ailəsi Gürcüstanda yaşayır. Gürcüstanla kod vasitəsilə nömrəni yığıb əlaqə yaratmağa xeyli zaman sərf edilir. Kodun yığılmasına sərf olunan vaxt da danışıq vaxtı kimi hesablanır, demək olar ki, ailəsi ilə danışa bilmir”.

Buna da bax:​ Gözəl Bayramlı: 'Başıma bir iş gəlsə...'

Əziz Orucov 1 aydır, ailəsi ilə əlaqə saxlaya bilmir

“Kanal 13” internet resursunun rəhbərlərindən Əziz Orucovun durumuna gəlincə, vəkil deyib ki, indiyədək onun barəsində heç bir istintaq hərəkəti aparılmayıb. Onu demək olar ki, “təcrid edilmiş” vəziyyətdə saxlayırlar.

“1 aydır ki, ailə üzvləri ilə görüşməsinə imkan verilmir. Halbuki, bu, müvafiq qanunvericiliyə ziddir”, - vəkil əlavə edib.

XATIRLATMA

AXCP sədrinin müavini Gözəl Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.

Buna da bax:​ Ə.Orucovun şikayəti yenə təmin olunmadı

Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir.

Gözəl Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır, Gürcüstana isə müalicə məqsədilə gedib.

Jurnalist Əfqan Muxtarlı bildirir ki, Tbilisidən oğurlanaraq Azərbaycana gətirilib. O, AR Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur.

Əfqan Muxtarlı ittihamları rədd edir.

Buna da bax:​ RSF: 'Azərbaycanda olan-qalan tənqidi jurnalistlər də əzilir'

O Azərbaycanda təqibdən qaçaraq iki ildir ki, Gürcüstanda yaşayırdı.

«Kanal 13» internet resursunun Bakı bürosunun rəhbəri Əziz Orucova mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. İnzibati cəza başa çatan gün - iyunun 1-də ona qarşı cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG