Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:51

RSF: 'Azərbaycanda olan-qalan tənqidi jurnalistlər də əzilir'


Sərhədsiz Reportyorlar Təşkilatı
Sərhədsiz Reportyorlar Təşkilatı

Fransada mənzillənən Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Azərbaycanda mediaya təzyiqlərin yeniləndiyini bildirir və bunu pisləyir. Qurum son vaxtlar ölkədə azı 15 bloqqerin, media işçisinin və müstəqil jurnalistin saxlandığını vurğulayır, onları dərhal azadlığa buraxmağa çağırır.

«BARIŞDIRICI JESTİ KÖLGƏLƏYİR»

«Son iki ayda tənqidçilərə hücumların güclənməsi hökumətin 2016-cı ilin yazında sərgilədiyi barışdırıcı jestinə, xeyli siyasi məhbusu azadlığa buraxmasına kölgə salır», – qurum iyunun 22-də yaydığı bəyanatda bildirir.

Yeni təzyiq kampaniyasının qurbanları siyahısında bu günlərdə 7 illik həbs cəzasına məhkum edilmiş jurnalist Fikrət Fərəməzoğlunun adı çəkilir. Azadlığa buraxılandan sonra onun jurnalist fəaliyyətinə iki illik qadağa qoyulub. Jurnalist bir restoran sahibindən pul tələbetmədə təqsirli bilinsə də, özü və vəkili ittihamın qondarma olduğunu deyir. Həyat yoldaşı Fərəməzoğluna həbsdə işgəncə verildiyini açıqlayıb.

Jurnalist Nicat Əmiraslanov da oxşar taleylə üzləşib. O, sosial şəbəkələrdə hakimiyyətlə bağlı tənqidi yazılarından sonra saxlanıb, 30 sutkalıq cəza alıb. Vəkili onun hədələndiyini, apellyasiya şikayətini geri çəkməyə məcbur edildiyini söyləyib.

NORMALAR

«Həbs, işgəncə və qondarma ittihamlarla məhkumluq Azərbaycanda müstəqil jurnalistlərdən ötrü bir normaya çevrilib. Bu, hakimiyyətin ölkədə qalan tənqidçilərə yekun zərbə vurmaq istəyini göstərir», – RSF bildirir.

Azərbaycanın demokratiya balı yenə düşdü, Bakı tənqidləri eşitmək belə istəmir
Gözlə

No media source currently available

0:00 0:14:37 0:00

«Saxlanmış bütün jurnalistlər dərhal buraxılmalıdır. Bu, təcili həyata keçirilməlidir. Çünki onlardan bəzilərinə işgəncə verilir və ciddi sağlıq problemləri var. Biz Azərbaycan hökumətinin beynəlxalq tərəfdaşlarını onlara insan haqları öhdəliklərini xatırlatmağa səsləyirik», –media təşkilatı vurğulayır.

Daha sonra bəyanatda hazırda istintaqı gedən jurnalistlərin də adları sadalanır. Onlardan biri sərhədi qanunsuz keçməkdə, qaçaqmalçılıqda və polisə tabe olmamaqda suçlanan Əfqan Muxtarlıdır. «Kanal 13» internet televiziyasının rəhbəri Əziz Orucov da istintaq altındadır. «Azadlıq» qəzetinin yayım direktoru Faiq Əmirovun məhkəməsi başlanıb.

ONLAYN MEDİAYA TƏZYİQLƏR

RSF onlayn media orqanlarına təzyiqlərdən söz açır, onların «yenilənmiş enerjiylə» təqib olunduğunu bildirir. Mayın 12-də məhkəmə beş müstəqil saytı bağlayıb. Bu saytlar siyahısına Azad Avropa/Azadlıq Radiolarının Azərbaycan xidməti də daxildir. Həmin sayt prezident İlham Əliyevin yaxınlarının maliyyə fəaliyyətiylə bağlı araşdırmalar dərc edəndən sonra milli təhlükəsizliyə təhlükə yaratmaqda ittiham olunub.

«Azadlıq» qəzetinin, Berlində mənzillənən Meydan TV-nin də saytlarına çıxış qapadılıb.

RSF prezident Əliyevin səlahiyyətlərinin ötən ilki sentyabr referendumunda artırıldığını yada salır.

«Onun həyat yoldaşının bu ilin fevralında Birinci vitse-prezident təyin olunması rejimin hakimiyyəti öz əlində saxlamaq arzusunu göstərir», – bəyanatda deyilir.

RSF-in Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə içində 162-ci yeri tutur.

Ancaq hakimiyyət təmsilçiləri bu tənqidləri qəbul etmirlər. Hakimiyyət ölkədə bütün digər fundamental azadlıqlar kimi, mətbuat azadlığının da tam təmin olunduğunu, heç kəsin jurnalist fəaliyyətinə görə təqibə məruz qalmadığını bildirir.

XS
SM
MD
LG