Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:31

Ekspertlər Gəncə hadisələrinin dinlə bağlı olduğuna şübhə edirlər


Elektrik xətlərinin altında müəmmalı yanğınlar - İşıqların sönməsini kim istəyir?
Gözlə

No media source currently available

0:00 0:14:16 0:00

Elektrik xətlərinin altında müəmmalı yanğınlar - İşıqların sönməsini kim istəyir?

Gəncədə icra basçısına qarşı sui-qəsd və daha sonrakı iğtişaşı, rəsmilər daha çox dini radikal qruplarla əlaqələndirirlər.

Hələ ki, istintaq gedir, amma siyasi şərhçilər və siyasətçilər bu arqumentlə bağlı müzakirələr açırlar.

Radikal şiə qüvvələr

Keçmiş xarici işlər naziri, ixtisasca şərqşünas olan Tofiq Zülfüqarov da deyir ki, əldə olan məlumatlar işarəni radikal şiə qruplarına verir.

Onun sözlərinə görə, sosial şəbəkədə, sui-qəsdi törətməkdə ittiham olunan Yunis Hüseynovun fotosunun üzərinə “Hüseyn” yazıb, xəncərli fotolarını paylaşıblar, 10 iyul hadisəsində, zabitlərə zərbə endirən şəxs də qara geyimdə olub.

“Bu hadisələr haqqında danışılarkən bu sui-qəsdi törədən insanı “şəhid” adlandırırlar. Və o guya ki, məzlum olmuş və təzyiqə məruz qalmış insanları müdafiə edərkən, ya da onların hüquqlarını müdafiə edərkən şəhidliyə getməyə hazır olduğunu bəyan edir. Bu da daha çox şiə radikal dini qruplara işarə verir”.

Tofiq Zülfüqarov deyir ki, ilk baxışda, işarə şiə radikal qruplara verilsə də, istintaq bitməyənə qədər demək olmaz ki, doğrudan da belədir, yoxsa kimsə ictimaiyyətə özünü bu şəkildə təqdim edir.

“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, siyasi şərhçi Azər Rəşidoğlu isə, radikal şiə dəstələrinin bu olaylarda əli olduğunu ümumiyyətlə qəbul etmir, deyir ki, kiminsə qətli fərmanı mütləq “mərceyi- təqlid” tərəfindən verilir və heç vaxt gizli olmur, açıq bəyan olunur, Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı isə fətva olmayıb:

“Məsələn, vaxtilə Rafiq Tağı, İslam peyğəmbəri barədə təhqiramiz formada yazı yazanda, bir neçə müctəhid onun barəsində də ayrıca olmasa da, bildirmişdi ki, peyğəmbəri təhqir edənin cəzası ölümdür. Nə Elmar Vəliyev, nə qətlə yetirilən polislər haqqında belə bir fətva yoxdur”.

Rəsmi mənbələr isə xarici dövlətlərin adını çəkir. Məsələn, Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, sui-qəsdi törətməkdə ittiham olunan Yunis Səfərov Rusiya vətəndaşıdır, 2016-cı ildə, İranın Qum şəhərində 8 ay yaşayıb, daha sonra Suriyada döyüş təlimi keçib.

Prezidentin köməkçisi Əli Həsənov iyunun 11-də Facebook postundan deyir ki, xarici anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı mənfur niyyətləri var. Amma, Əli Həsənov bunun hansı ölkədə olduğunu açıqlamır.

Həmsöhbətlərimiz isə iki dövlətin adını çəkirlər.

"Xaricdəki qüvvələr" hansı ölkədədir?

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, verilən şiə- radikal qruplaşması işarəsi həm də İranı göstərir:

“Əlbəttə, İran haqda bir dövlət, bir millət kimi danışa bilmərik, çünki İranın daxilində Azərbaycana həddən artıq yaxın olan dostları var, amma istisna etmirəm ki, Azərbaycan xalqını, dövlətçiliyini qəbul etməyən qüvvələr də var və onların burda əlaqəsi ola bilər. Əlbəttə ki, bunlar ehtimallardır və indiki mərhələdə biz ancaq ehtimaldan danışa bilərik”.

Bu fikrə münasibətində “Ayna-Zerkalo” qəzetlərinin siyasi şərhçisi, Rauf Mirqədirov deyir ki, indi əsas problem odur ki, məlumatlar qıtdır və analiz etmək üçün yetərli deyil.

Rauf Mirqədirov
Rauf Mirqədirov

Bununla belə, Rauf Mirqədirov deyir ki, indiki halda, İranın, beynəlxalq sanksiyalardan dolayı durumu elədir ki, bu dövlətin xüsusi xidmət orqanlarının Azərbaycanda iğtişaş törətməsi onun durumunu daha pisləşdirərdi, odur ki, bu versiya ilə razılaşmır.

Siyasi şərhçi Rauf Mirqədirov deyir ki, başqa bir ehtimal da budur ki, radikal dini qrup görüntüsü yaratmaq istəyən İran və ya Körfəz ölkələri deyil, başqa bir ölkədir. O, Rusiyanın da bu siyahıda ola biləcəyini istisna etmir.

Rauf Mirqədirovun sözlərinə görə, həmin xarici dövlətlər, Azərbaycanın daxilində narazı qüvvələrlə də əməkdaşlıq edə bilərlər. Şərhçi deyir ki, bu narazı qüvvələr var-dövləti əlindən alınmış nazir oliqarxlar da ola bilər:

“Bu nazir oliqarxların hamısının da olmasa, bir çoxunun qonşu xarici dövlətlərlə çox ciddi əlaqələri var. Bəziləri isə hətta qonşu dövlətlərin təsir agentləridir. Və təbii ki, onlar özlərinin təhlükəsizliyini qorumaq üçün bu cür sazişlərə gedə bilərlər”.

Rauf Mirqədirov deyir ki, bütün hallarda Azərbaycan dini radikallaşma üçün münbit məkandır, çünki insanların dinc yollarla ədalət və azadlıq əldə etməsi getdikcə məhdudlaşdırılır. Onun sözlərinə görə, hakimiyyət insanların ədalətə olan ümidini kəsməməlidir.

Gəncənin icra başçısına hücum iyulun 6-da olub. Hadisədən sonra sosial şəbəkələrdə elan verilib, rəsmi məlumata görə, iyulun 10-da şəhərin mərkəzində radikal dini qruplar iğtişaş törədib, iki polis zabitini qətlə yetirib. Gəncədə tənqidi və dövlətə yaxın olmayan media demək olar ki, qalmadığından, rəsmi məlumata alternativ məlumat almaq mümkün olmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG