Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:54

Gəncənin yeni icra başçısı haqda: 'Uşaq bağçalarının qənimi'


N.Bayramov
N.Bayramov

«Uşaq bağçalarının qənimi», «paşayevlər klanının nümayəndəsi», «gözəl icra başçısı, işinin peşəkarı», «nazir Azad Rəhimovun qudası»… Bu fikirlər prezident İlham Əliyevin avqustun 28-də Gəncəyə təyin etdiyi yeni icra başçısı Niyazi Bayramov haqqında müxtəlif şəxslərin dedikləridir.

Prezident bir gündə daha iki rayona icra başçısı təyin edib. Ancaq Gəncənin yeni icra başçısına maraq fərqlidir və bu, başadüşüləndir. Ötən ay, iyulun 3-də şəhərin icra başçısı Elmar Vəliyevə və mühafizəçisinə sui-qəsd olub, nəticədə hər ikisi ağır yaralanıb. Bundan sonra onlarla şəxs həbs edilib, hüquq-mühafizə orqanları bu hadisənin arxasında dindar terrorçu qruplaşmanın durduğunu bildiriblər.

Hadisədən az sonra sosial mediada E.Vəliyevlə bağlı tənqidi fikirlər yer alıb, bəziləri ona olan sui-qəsdi vətəndaşlarla kobud, qaba davranışının nəticəsi kimi dəyərləndirib, hətta aqibətinə sevinənlər də olub. Bu baxımdan onun yerinə gələcək başçının kimliyi diqqət mərkəzindədir və sual edilir: «Kimdir Niyazi Bayramov?».

AzadlıqRadiosu son 6 ildə Mingəçevirin icra başçısı olmuş Bayramovla bağlı adıçəkilən şəhərdə yaşayanlardan cavab almağa çalışıb.

«Mingəçevir itirdi… Gəncənin bəxti gətirib»

«O, Mingəçevir üçün yaddaqalan bir insan və icra başçısıdır. Düşünürəm ki, onun getməyi Mingəçevir üçün itkidir», – «Mingəçevir işıqları» qəzetinin redaktoru Fərman Nəbiyev N.Bayramovu belə xarakterizə edir. Redaktor fikrinə bunları da qatır: «Mingəçevir onu səliqəli insan, işinin ustası kimi xatırlayacaq. Peşəkardır, hər şeyin yerini biləndir. Gözəl hüquqşünasdır. Problem olanda insanlar rahat şəkildə onun yanına gələ bilirdilər. Kobudluq görmürdülər. Mingəçevirdə işlədiyi 6 il müddətində heç kim ondan kobudluq görməyib. Bu adam özünü vətəndaş yanında «mən icra başçısıyam» deyərək yekəxana aparmayıb. Mətbuat işçisiyəm, onu qəbulda da görmüşəm, tədbirdə də, heç vaxt heç kimə səsini ucaltmayıb, təmkinlə danışıb. Mən düşünürəm ki, indən sonra Gəncənin bəxti gətirib».

Şəhər sakini: «Tanımıram onu»

Qarabağdan köçkün düşən, uzun illərdir Mingəçevirdə yaşayan Arzu xanım isə keçmiş icra başçısını yaxşı tanımadığını bildirir.

«Mingəçevirdə yaşayıram. Mənim ona bir işim düşməyib ki, deyəm necə adamdır. Hə, bir dəfə getmişəm, uşağıma iş istəmişəm, o da deyib ki, yoxdur, mən də gəlib oturmuşam yerimdə. Elə də dərindən tanımıram onu», – məcburi köçkün söyləyir.

İ.Əliyev və E.Vəliyev
İ.Əliyev və E.Vəliyev

Siyasi fəal: «Korrupsiyaya hamısı bulaşıb»

Müsavat Partiyasının Mingəçevirdəki fəali Nurəddin Rüstəmli isə köhnə icra başçısını yaddaşında belə saxlayıb: «Niyazi Bayramov özündən əvvəlki başçılara baxanda həm rəftarına, həm də intellektinə görə seçilən adam idi. Azərbaycanın dördüncü ən böyük şəhəri olmasına baxmayaraq, ondan əvvəl Mingəçeviri kəndə oxşatmışdılar. Niyazi Bayramov Bakıda yaşamışdı deyə, müasirliyi var idi».

Müsavatçı icra başçısının «ən böyük minus»undan da danışır, onu «uşaq bağçalarının qənimi» kimi təqdim edir: «Uşaq bağçalarının həyətlərinin kəsilib satılması Niyazi Bayramovun adı ilə bağlıdır. Amma Elmar Vəliyevdən fərqli olaraq, bu adam söyüş söyən deyil. Bir dəfə görüşmüşəm onunla, mədəni, intellektual adamdır. Əsəbiləşdirən də olsa, söyüş söyməyəcək. Amma korrupsiya-zad öz yerində... Korrupsiyaya hamısı bulaşıb. O da siyasi hakimiyyətin kadrıdır. Elmar Vəliyev o biri klanın üzvü idi, bu da paşayevlər klanının üzvüdür».

Hələlik, N.Bayramovdan barəsində səslənən son fikirlərə münasibət almaq mümkün olmayıb. Amma Mingəçevir icra hakimiyyətinin rəsmi saytında onun haqqında yerləşdirilən bəzi məlumatları çatdıraq.

Fəhlə, vəkil, gömrük işçisi, Qarabağ döyüşçüsü...

O, 1956-cı ildə Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır.

Əmək fəaliyyətinə 1973-cü ildə Bakıda Mayeləşdirilmiş Qazın İstehsalı və Satışı üzrə İstehsalat Birliyində fəhlə kimi başlayıb.

1980-1986-cı illərdə Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı hüquq məsləhətxanasında vəkil işləyib.

1986-1991-cı illərdə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcraiyyə Komitəsində şöbə müdiri, 1992-ci ildə burda İcra Hakimiyyətində başçının müavini kimi çalışıb. 1995-1997-ci illərdə Gömrük Komitəsi sədrinin yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Gömrük Komitəsinin Gəncə gömrükxanasının rəisi işləyib.

2010-cu ildə Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəis müavini, 2010-2012-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi, 2012-ci ilin mart-aprelində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi vəzifələrində çalışıb.

2012-ci ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Rəsmi məlumatda onun Qarabağ müharibəsi iştirakçısı olduğu bildirilir.

Ailəlidir. 2 övladı var.

A.Rəşidoğlu
A.Rəşidoğlu

Azər Rəşidoğlu: «Mən inanmıram ki...»

«Hakimiyyət ictimai rəyi nəzərə almaq məcburiyyətində qaldı», – siyasi şərhçi Azər Rəşidoğlu Gəncəyə yeni başçı təyinatını belə şərh edir. O, Gəncənin yeni icra başçısını geniş ictimaiyyətin çox az tanıdığını bildirir: «Deyilənə görə, o, nazir Azad Rəhimovun qudasıdır. Ancaq mən inanmıram ki, bu təyinat müsbət dəyişikliyə gətirsin. Artıq Azərbaycanda icra başçıları seçki yolu ilə seçilməlidir. Bu baş verməyənə qədər heç bir təyinat birmənalı qarşılanmayacaq».

A.Rəşidoğlunun qənaətincə, istənilən halda Vəliyev kimi odioz fiqurun, «ictimai rəydə nifrət qazanmış» başçının işdən uzaqlaşdırılması müsbət haldır. O, hətta keçmiş icra başçısı sağaldıqdan sonra haqqında cinayət işinin açılmasını, həbsini daha məqbul sayır.

«Elmar Vəliyevin səhhəti imkan vermirdi və artıq Gəncənin başçısı vəzifəsində qala bilməzdi. Bəlliydi ki, yaxın vaxtlarda işdən uzaqlaşdırılacaq. Digər tərəfdən, Elmar Vəliyev tam sağalıb iş qabiliyyətini bərpa etsəydi belə, onu postunda saxlamaq mümkün olmayacaqdı. Sui-qəsd hadisəsindən sonra Gəncə əhalisinin böyük hissəsi ona nifrətini bildirmişdi. Azərbaycanda icra başçılarından narazıların sayı çoxdur. Demək olar, əksər rayonlarda əhali başçılardan narazıdır. Ancaq bunların arasında Elmar Vəliyev öz amansızlığı, qəddarlığı və sadə vətəndaşlara qarşı kobudluğu ilə fərqlənirdi. Bu baxımdan onun getməsi yaxşı haldır», – siyasi şərhçi deyir.

Nüşabə Məmmədlinin gözləntisi: «Niyazi müəllim adamları yaxşı tanısın»

Gəncə sakini, qəzet redaktoru Nüşabə Məmmədli isə keçmiş icra başçısı haqda danışmaq istəmir. Zamanında qəzetində onu yetərincə tənqid etdiyini bildirir: «Dörd il əvvəl biz 28 Mayda belə manşetlə çap olunduq: «Ulu öndər, bizi bağışla, bu il səni təbrik edə bilmədik». Məmməd Əmin Rəsulzadənin Gəncədəki abidəsi hər tərəfdən bağlanmışdı, sementlə, qumla örtülmüşdü. O zaman biz başçı tərəfindən təhdid olunmadıq».

N.Məmmədli yeni başçıdan gözləntilərini isə belə sıralayır: «Mən çox istəyirəm ki, Azərbaycanda əmin-amanlıq olsun, qanunlar işləsin, heç kəsin haqqı tapdalanmasın, heç kəs həbs edilməsin. İstərdim ki, Niyazi müəllim də adamları yaxşı tanısın. Gəncə yenə də inkişaf etsin, adına layiq şəhər olsun, abadlıq işləri sürətlənsn. Bunları gözləyirəm. Bir də, istərdim ki, demokratik dəyərlərə, azad sözə önəm verilsin. Bunu istərdim».

Xatırlatma

İyulun 3-ə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyevə və polis serjantına silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Bundan sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri - İlqar BalakişiyevSəməd Abbasov qətlə yetiriliblər.

Bu hadisələr ilə bağlı 60-dan çox şəxsin həbs olunduğu bildirilir. Hüquq-mühafizə orqanlarının iddiasına görə, daha 5 silahlı şəxs isə öldürülüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG