Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 18:49

Şahin Hacıyev: 'Hakimiyyət özünü bu ölkədə heç nə baş verməyəcəyinə inandırıb'


Şahin Hacıyev, 2010
Şahin Hacıyev, 2010

“Təxribat o zaman yarandı ki, Elmar Vəliyev kimi adamı ölkənin ikinci böyük şəhərinə icra başçısı təyin etdilər”.

“Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyev Gəncə hadisələri ilə əlaqədar AzadliqRadiosunun suallarını cavablandırır.

-Şahin bəy, Gəncə hadisələrində hökumətin indormasiya siyasəti qənaətbəxs sayıla bilərmi?

-Azərbaycan hökumətinin nə Gəncə hadisələrindən əvvəl, nə də həmin vaxt normal informasiya siyasəti olub. Həmişəki kimi hakimiyyət fövqəladə vəziyyətdə özünü itirir, bilmir hansı addımı atsın, yaxud hansı formada, məzmunda xəbər yaysın. Birinci gün deyirlər ki, Elmar Vəliyevə qarşı silahlı basqın adi kriminal olaydır, ikinci gün radikal dindarların addımı adlandırırlar, növbəti gün xarici təxribat sayırlar, yaxud ermənilərin əli olduğu qeyd edilir. Tamamilə başlarını itirmiş vəziyyətdədirlər, bunun da bir neçə səbəbi var.

Buna da bax: Gəncə müəmması: Məmurların ziddiyyətli açıqlamaları, cavabsız suallar​

- Nədən ibarətdir bu səbəblər?

- Birinci səbəb odur ki, heç kəs məsuliyyəti üzərinə götürmək istəmir, qorxur, hansı açıqlamanı verməyi bilmir, hamısı birinci şəxsin göstərişini gözləyir. Nəhayət, bütün izahatlarını həmin göstəriş üzərində qururlar. Bəzən çox gülməli mənzərə alınır. Məsələn, iyulun 13-də XİN sözçüsü Hikmət Hacıyev bildirdi ki, Ermənistan prezidenti Nikol Paşinyanın Brüsseldə danışdıqları cəfəngiyyatdır, o, dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlməsinə bəraət qazandırmaq istəyir. Amma iki həftə əvvəl müdafiə naziri Zakir Həsənov bildirmişdi ki, Ermənistanda hakimiyyət dəyişikliyi prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsiydi, biz silah istifadə etmədən kriminal rejimin dəyişməsinə nail olduq. Əgər Paşinyan dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlibsə, Zakir Həsənovun dedikləri nə idi, yaxud əksinə, baş verənlər İlham Əliyevin uğurlu siyasətinin nəticəsi idisə dövlət çevrilişi nə demək idi? Hökumətin informasiya siyasətinin əsasında dayanan fikir budur ki, bizim heç bir günahımız yoxdur, nə baş verirsə, bizə qarşı düşmənlərin hiyləsidir.

Buna da bax: 'Terrora çağırışa görə' 25 cinayət işi qaldırılıb

-Ümumiyyətlə, Gəncə hadisələrində təxribat vardımı, yoxsa bunun görüntüsünü yaratdılar?

Elmar Vəliyev
Elmar Vəliyev

- Təxribat o zaman yarandı ki, Elmar Vəliyev kimi adamı ölkənin ikinci böyük şəhərinə icra başçısı təyin etdilər. Bu amil öz-özlüyündə göstəricidir. İsmayıllı, Quba hadisələrini xatırlayın, hakimiyyət özünü bu ölkədə heç nə baş verməyəcəyinə inandırıb. Ordumuz, DİN, DTX çox yaxşı işləyir, kimsə təxribat törətsə, qarşısı alınacaq. Hökumət anlamaq istəmir ki, iğtişaş, yaxud narazılıq gözlənilmədən də yarana bilər. Seçkiləri saxtalaşdırarsan, insanların hüquqlarını poza bilərsən, xalq da bunlara dözər, amma xırda hadisədən, məsələn, kimisə təhqir edirsənsə, vəziyyət dəyişə bilər. Bu, artıq sosial partlayışdır, burda məntiq işləmir, sadəcə, bir partlayışdır. Gəncədə baş verənlər isə illərlə toplanmış problemlərin fəsadı idi. İcra başçısı şəhərə çıxıb insanları təhqir edir və bunlar Gəncə kimi şəhərdə olur. Ona görə də məsuliyyət Elmar Vəliyevi belə şəhərə başçı təyin edənin üzərinə düşür.

- Baş verənləri hakimiyyətdaxili qarşıdurmaların təzahürü hesab edənlər də var, bu barədə deyilənləri bölüşürsünüzmü?

- Təbii ki, hakimiyyətdaxili qüvvələr bu vəziyyətdən istifadə edəcək. Çəkişmə və qarşıdurma var, onlar da öz mövqelərini möhkəmləndirməyə çalışacaqlar. Kimsə Elmar Vəliyevi önə çəkməyin vacibliyini qabardırdı, onların mövqeyi zəifləyəcək, əks yanaşmanı sərgiləyənlərin isə mövqeyi güclənəcək. Qarşıdurma bu səviyyədə ola bilər, çünki dövlət sistemini, idarəetməni dəyişməyin vacibliyini gündəmə gətirən qüvvə də yoxdur.

- Hadisələrin gedişatında baş verənlərin səbəbini Azərbaycanın müstəqil xarici siyasət ilə izah edənlər də oldu. Bəziləri deyir ki, Azərbaycan ABŞ prezidenti Trumpın anti-İran siyasətinə dəstək vermir, yaxud TAP, TANAP layihələrinə qatılır ki, bu da Rusiyanın qaz bazarındakı inhisarçı maraqlarına cavab vermir. Ona görə qonşu dövlətlər Azərbaycanda gərginliyin olmasını istəyirlər və buna çalışırlar. Bu ehtimalları əsaslı saymaq olarmı?

TANAP-ın keçdiyi ərazini göstərən xəritə
TANAP-ın keçdiyi ərazini göstərən xəritə

- Elə şeylər ola bilər, amma buna əsas da olmalıdır. Məsələ ondadır ki, Azərbaycanda iğtişaşların yaranmasını Rusiya da, ABŞ-da, İran da istəmir. Yalnız Azərbaycan ərazilərini işğal edən Ermənistan bunda maraqlı ola bilər. Təsəvvür edin ki, Azərbaycanda sabitlik pozuldu, “dindar radikal” deyilənlər hakimiyyətə gəldilər, bu, Rusiya və ABŞ-ın mövqeyinin zəifləməsi deməkdir. Bu mənada Moskva və Vaşinqton Azərbaycanda sabitliyin pozulmasında maraqlı deyillər. Ona görə də bu barədə deyilənlər daxilə hesablanmış təbliğatdan başqa bir şey deyil. Yaxud Azərbaycanda iğtişaşlar başladı, məgər, Avropaya qaz getməyəcəkmi? Qazın satılmaması üçün rejim dəyişməli və yeni gələn qüvvə TAP və TANAP kimi layihələrin əleyhinə olmalıdır. Təsəvvür edək ki, rejim dəyişdi və yeni qüvvə hakimiyyətə gəldi, o zaman qazın xaricə satılmasının əleyhinə olanlar bunu hara satacaqlar? Artıq həmin mərhələ geridə qalıb. Nəhayət, Xəzər dənizinin statusu barədə son danışıqlar haqda məlumatlar mətbuata sızdırıldı və imzalanacaq sazişin mətni də yayıldı. Deyilir ki, Xəzər hövzəsi dövlətləri dənizin üzərindən tikiləcək qaz-neft kəmərlərinin əleyhinə deyillər. Bu, artıq Rusiyanın qaz layihələrinin qarşısını almaq niyyətində olmadığını göstərir. Nəinki Azərbaycan, hətta Türkmənistan qazı da dənizin dibiylə keçib Avropaya gedəcək. Ona görə qazla bağlı deyilənlər cəfəngiyyatdır. Ən əsası Rusiya və başqa böyük dövlətlərin sərhədində olan ölkələrdə sabitlik vacibdir, fərqi yoxdur, hansı rejimdir, rejimin necə olması onlar üçün əhəmiyyətsizdir. Onlar üçün sabitlik lazımdır, hakimiyyətdə kimin olmasından asılı olmayaraq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG