Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:52

'İqtidar icra başçılarının zülmünə son qoymalıdır' - İlham Əliyevə müraciət


Qəzəb yaradan icra başçıları kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

Qəzəb yaradan icra başçıları kimlərdir?

Bir qrup ictimai fəal prezident İlham Əliyevə müraciət ediblər ki, hakimiyyət xalqa güzəştə getsin, icra hakimiyyəti başçıları xalqla pis rəftarı dayandırsınlar.

Onlar bu gün, iyulun 17-də Bakıda toplaşıblar, sonra bir ayda baş vermis Gəncə və Mingəçevir hadisələrini qınayıblar, Gəncənin icra başçısına sui-qəsdi pisləyiblər, amma həm də əlavə ediblər ki, hakimiyyət bundan nəticə çıxartmalıdır:

“Dövlət cinayətkarları cəzalandırmalıdır, amma buna gətirib çıxaran səbəblər də araşdırılmalıdır. Elmar Vəliyevin nalayiq davranışı haqqında çoxsaylı nəşrlərə və narahatlıq doğuran siqnallara baxmayaraq, bu məmurun vəzifədə qalmasının səbəbləri araşdırılmalıdır. Təkcə Gəncədə deyil, bir çox digər şəhərlərdə və rayonlarda icra hakimiyyəti başçıları insanlarla pis davranır, Vəliyevdən fərqlənmirlər. Buna son qoyulmalıdır, hakimiyyət xalqa güzəştə getməlidir”.

Lerikin Biləvər kənd sakini Ağababa Azadov deyir ki, hazırda rayonun icra başçısı Rövşən Bağırov kənd sakinlərini güclə təmin edən bulaq suyunu qonşu Şingədulan kəndi ərazisinə vermək istəyir, onları dinləyən yoxdur:

“Biz hökuməti məhkəməyə verə bilmərik. Rövşən Bağırov hökumətin inanılmış adamıdır, yaxşı alınmaz ki, biz rayonun rəhbərliyini məhkəməyə verək. Bu da düz alınmaz, amma başqa çarəsiz qalanda, biz məcburuq bu işlərə də əl ataq. Rövşən Bağırov rayonun rəhbəridir, o rayonda cəmiyyəti gərək bir yerə toplaya, ikinci bir münaqişə ocağı yaratmaya”.

Ağababa Azadov deyir ki, bu sudan məhrum olarlarsa, kənd yaşanmaz vəziyyətə gələcək və köçməli olacaqlar.

Kənd sakinin bu şikayəti ilə bağlı Lerik rayon icra hakimiyyəti ilə əlaqə cəhdimiz alınmadı, telefon zənglərimizə cavab verən olmadı.

AzadlıqRadiosuna danışan başqa bir şikayətçi Nizami Tağıyev deyir ki, 2016-cı ildə Abşeron rayonunun keçmiş icra başçısının qəbuluna üç ay ərzində bircə dəfə də düşə bilməyib:

“Üç ay getdim gəldim, əlimdə sənədlər. Gördüm yox, qəbula düşmək mümkün deyil. Qapıya gələnlə elə davranırlar ki elə bil acından ölən dilənçidir, qapının ağzında dayananlar insanla elə rəftar edirlər. Yekə-yekə danışır, “nəyə gəlmisən, nə şikayətin var?!” deyirlər”.

Bəs icra hakimiyyətləri Azərbaycanın idarəetmə sistemində hansı yeri tutur? Onların səlahiyyətləri nədir? Keçmiş baş nazir Pənah Hüseyn icra başçılarını obrazlı şəkildə kiçik padşahlar adlandırır:

“Bəzi publisistlərin dediyi kimi padşah necədirsə, bu kiçik padşahlar da özlərini elə aparırlar. Və hər biri də öz qabiliyyətinə, tərbiyəsinə, mərifətinə uyğun şəkildə özlərini oxşatmağa çalışırlar böyük padşaha. Ona görə də avtoritar rejim həm mental qaydada, həm də zahirən diqtə edir. Odur ki, yerlərdə də avtoritar rejim kimi fəaliyyət göstərirlər.

Hakimiyyət rəsmiləri hələ ki, bu iddialara cavab verməyiblər, amma hakimiyyətə yaxın Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı, Gəncənin icra başçısı Elmar Vəliyevin güllələnməsi ilə bağlı modern.az saytına müsahibəsində bunları deyib:

“İcra başçısı xalqın yanında olmalıdır. Onun yanında mühafizəçinin nə işi var? İcra başçısı xalqın içində olmalıdır. Əgər icra başçısı mühafizəçi ilə gəzirsə, işdən evə xüsusi polis maşınları ilə müşayiət olunursa, bu, başadüşülən deyil. Düşünürəm ki, burada incə məsələlər var”.

AzadlıqRadiosu bu məsələ ilə bağlı Bakı sakinlərinin fikirlərini öyrənib:

İcra hakimiyyəti başçıları necə işləyir?
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

Harvard Universitetinin ictimai idarəetmə ixtisası üzrə məzunu Bəxtiyar Hacıyev deyir ki, seçki olmalıdır, şəhər merlərini camaat seçməlidir, əhalinin ən azı 50 faizini toplamış şəxs şəhərlərə rəhbərlik etməlidir:

“Həmin şəxs o 50 nəfərin, 60 nəfərin rəğbətini itirməmək üçün gecə-gündüz çalışacaq ki, eyni zamanda yerdə qalan, o azlıqda qalan insanların da dəstəyini qazanmaq üçün də yenidən qələbə qazana bilsin. Seçkilər olduğu halda, icra başçıları bir neçə namizəd arasından təkcə intellektinə görə yox, həm də emosional intellektinə görə ən yaxşı namizəd seçilə bilər”.

İyulun 4-də Gəncənin icra başçısı Elmar Vəliyev güllələnib. Uzun illərdir ki, mətbuat Elmar Vəliyevin Gəncədə sakinlərlə yaxşı davranmadığını yazır.

Hüquq mühafizə orqanları hadisəni dini radikal qrupların törətdiklərini deyirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG