Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 05:09

Gəncə işi: ''Otopleniyaya' bağlayıb o qədər döydülər ki...'


Foto illüstrasiya

«Məni bir otağa salanda gördüm ki, orada çoxlu stul ayaqları var. Bir az keçmişdi ki, əl-ayağımı bağlayıb, məni yerə yıxdılar, başladılar o stul ayaqları ilə döyməyə. Prokurorluğun bir əməkdaşı vardı orada, Nihad, ayaqqabısını ağzıma soxurdu. Ayaqqabının dabanıyla qulağıma o qədər vurdu ki, qulağım parça-parça oldu. Bir il keçib, ancaq hələ də o zədənin izləri qalıb», – Gəncə hadisələrinə görə həbs olunan Vaqif Əşrəfovun sözləridir. Gəncədə kütləvi iğtişaşların təşkili, polislərə zor tətbiq etmə kimi ittihamlarla ona 7 il 6 ay həbs cəzası verilib.

Həm V.Əşrəfov, həm də onunla birlikdə mühakimə olunmuş daha 10 nəfər hökmdən şikayət veriblər. İyunun 4-də Bakı Apellyasiya Məhkəməsində onların şikayətinə baxılıb. Məhkəmədə təqsirləndirilən 11 nəfərin 4-ü danışıb, hamısı da günahsız olduqlarını, işgəncəyə məruz qaldıqlarını deyib.

«Görüntüləri göstərsinlər»

8 il həbs cəzası almış Toğrul Verdiyev deyir ki, onu ötən il iyulun 10-da Gəncədə keçirilən aksiyadan iki gün sonra saxlayıblar. Səbəb də bu olub ki, iyulun 10-da kamera görüntülərinə düşüb. Həmin görüntülərin məhkəmədə də araşdırılmasını tələb edən T.Verdiyev bildirir ki, kameraya düşübsə belə, onun heç bir qanunsuz əməli ola bilməzdi. Çünki həmin gün açar yaddan çıxıb işdə qalmışdı, günorta namazına məscidə gedəndə yadına düşüb, o ərazidən keçib iş yerinə qayıdıb ki, yaddan çıxmış açarı götürsün: «Əgər mən doğrudan da cinayət törətmişəmsə, o zaman meydandakı kamera görüntülərini niyə tələb edirəm? Yazıblar ki, guya polisə daş atmışıq, qruplaşma yaratmışıq. Mən bu uşaqların hamısını tutulandan sonra tanımışam, nə qruplaşma?».

8 il azadlıqdan məhrum edilmiş Seymur Əliyev də günahsız olduğunu söyləyib. Deyir ki, ittihamda onun aksiya vaxtı polisə daş atdığı yazılıb, amma polisin ad-soyadı, kimliyi barədə bir kəlmə yoxdur: «Meydandakı kameralardan o polisin üzünü tapıb, kimliyini araşdıra bilməzlər? Yazıblar ki, məni guya iyulun 10-da tutublar. Halbuki, ayın 12-də müstəntiq Xanların çayxanasından aparıblar».

«Camaatı bir yerə yığıb elə dəhlizdə döyürdülər»

8 il 6 aylıq həbslə cəzalandırılmış Orxan Yağnaliyev bildirir ki, iyulun 9-da nənəsinin yasında iştirak etməkdən ötrü Gəncəyə getmişdi. Dediyinə görə, orada olanda dayısının həyat yoldaşına dərman almaq üçün onun oğlu ilə gəzə-gəzə aptekə gedib. Hər yer bağlı olub. Nizami Rayon Məhkəməsinin yanından keçəndə onların ikisini də saxlayıb polis idarəsinə gətiriblər: «İdarədə tutulan adamlardan tərpənməyə yer yoxdur. Camaatı bir yerə yığıb, elə dəhlizdə döyürdülər. Bizi təhvil verəndə də dedilər ki, bunların günahı yoxdur. Bildirdilər ki, artıq saxlanmısınız deyə, sizə sutka verilər, qurtararsız. İyulun 11-də mənə 15 sutka, dayım oğluna da 20 sutka inzibati cəza verib, Samuxa apardılar. Bir gün sonra yenə qaytarıb gətirdilər polis idarəsinə.

İdarənin rəisi Ədalət Sadıqov, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin müstəntiqi Orxan Babayev oradaydı. Müstəntiq qayıtdı ki, sizin kimiləri ağıllandırmağı mən bilirəm. Məni soyundurdular, əl-ayağımı bağladılar. Sonra da aparıb özümü “otopleniyaya” bağladılar. O qədər döydülər ki, qulağımın biri sıradan çıxdı, indi də eşitmirəm. Burnum sındı. Başımı «otopleniyaya» elə vurmuşdular ki, başım partlamışdı. Ayağımın ağrısından günlərlə yeriyə bilmədim. Bütün bu işgəncələrdən sonra da Gəncə təcridxanasında karsa atdılar, üç gün ac-susuz qaldıq».

O.Yağnaliyev özü də daxil, Gəncə hadisələrinə görə saxlanılan şəxslərin cibindəki pulun, əllərindəki üzük, bilərzik kimi zinət əşyalarının qaytarılmadığını deyir.

Təqsirləndirilən V.Əşrəfov 10 iyul aksiyasından xeyli sonra – iyulun 28-də saxlanılıb. Öncə ona küçədə yüksək səslə telefonla danışıb, söyüş söymək ittihamıyla 15 sutka inzibati həbs verilib, ancaq iki gün sonra haqqında cinayət işi başlanıb: «Üç ildir ki, işləməyən telefonumu aktlaşdırıblar ki, guya bu nömrə ilə aksiya iştirakçıları ilə öncədən danışıb, yazışmışam».

Gəncə hadisələrinə görə həbs olunanların işi sonradan bir neçə qrupa ayrılaraq məhkəməyə göndərilib. 11 nəfərlik bu qrupun məhkəməsi iyunun 20-də davam edəcək.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar BalakişiyevSəməd Abbasov qətlə yetiriliblər.

Baş Prokurorluğun bir müddət öncə bildirməsinə görə, Gəncə olayları ilə bağlı ümumilikdə altı qrupun (51 nəfər) işi məhkəməyə göndərilib. Onlardan yalnız, hələlik, iki qrupun məhkəməsi başa çatıb. Onlar, əsasən, zorakılıqların, talanların törədilməsi, odlu silahdan, partlayıcı maddələrdən istifadə, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət ilə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər. Mühakimə edilənlərə 5 ildən 9 ilə qədər həbs cəzası verilib. Onların çoxu özlərini günahsız sayıb.

Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.

Gəncə hadisələri ilə bağlı tutulanlardan bəzilərinin işi isə, hələlik, heç məhkəməyə göndərilməyib. Ümumilikdə bu olaylarla bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanmışdı.

Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

Daxili İşlər Nazirliyi saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə həqiqətəuyğun olmayan iddialar səsləndirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG