Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:08

İctimai dinləmədə: “Əl-ayağı bağlı qarşısına yemək qoyublar ki, ye” (Video)


Repressiya və işgəncələr əlehyinə komitənin iclası,18 may, 2019, Bakı.
Repressiya və işgəncələr əlehyinə komitənin iclası,18 may, 2019, Bakı.

“Mənim oğlum özünü öldürməyib, onu öldürblər. İşi də ört-basdır eləmək istəyirlər. Mən buradan prezidentə səslənirəm, niyə mənim məktublarımı qəbul eləmirsiz? Mehriban xanıma ( birinci vitse prezident Mehriban Əliyeva-red) üzümü tuturam, siz də əsgər anasısınız, mənim övladımın ölümünə biganə qalmayın...”

Bu, mayın 18-də Repressiya və İşgəncələr Əleyhinə Komitənin təşkil etdiyi ictimai dinləmələrdə çıxış edən Rəxşanə Mustafayevanın sözləridir.

Oğlu Rəzi Mustafalını hərbi xidmət zamanı itirən ana deyir ki, övladının gözlərində problem olub, buna baxmayaraq, Ağsu Rayon Hərbi Komissarlığı onu xidmətə yararlı hesab edib. Hərbi xidmət zamanı çəkilən fotoları nümayiş etdirən R.Mustafayeva oğlunun gözündə eynək olduğunu göstərib: “Deyirlər ki, oğlum özü-özünü güllələyib. Amma bədəninə baxanda gördüm ki, güllələr arxa tərəfdən vurulub. İndi də var güclərini sərf edirlər ki, işi ört-basdır eləsinlər”.

Anasının bildirməsinə görə, R.Mustafalının ölümü ilə əlaqədar Cinayət Məcəlləsinin (CM) 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, biri leytenant, digəri kapitan olmaqla, iki nəfər hərbçi həbs olunub.

Hüquq müdafiəçiləri həbsxanalarda işgəncələrin artdığını deyirlər
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

“Gözlərini və ağzını bağlayıblar, bədəninə elektroşok veriblər”

2018-ci ildə baş verən Gəncə olaylarına görə həbs olunmuş Mirzə Hüseynovun anası Etibar Hüseynova isə oğluna işgəncə verildiyini iddia edib. Onun sözlərinə görə, Gəncənin Nizami və Kəpəz rayon polis idarələrində onun əl-ayağını bağlayıb, hətta su da verməyiblər: “Oğlumu iyulun 20-də tutublar. Gözlərini və ağzını bağlayıblar, bədəninə elektroşok veriblər. Mənə deyir ki, “ana, elə zülm eləyirdilər, pəncərə açıq olsaydı, özümü atardım”. Əl-ayağı bağlı vəziyyətdə qarşısına yemək qoyublar ki, ye. Bu vəziyyətdə adam necə yeyə bilər? Su istəyib, gətirib verməyiblər, üzünə çiləyiblər. Mənim balam bir ilə yaxındır ki, heç bir günahı olmadığı halda, orda əzab çəkir. Aclığa başlayacağını deyir”.

2017-ci ildə baş verən Tərtər olaylarına görə həbs olunan Müşfiq Əhmədovun atası Seymur Əhmədov da oğlunun günahsız olunduğunu, işgəncəyə məruz qaldığını söyləyib. O, oğlunun prezidentə ünvanladığı məktubun mətnini səsləndirib. M.Əhmədli yazır ki, dövlətə xəyanət ittihamıyla 16 il azadlıqdan məhrum edilib, amma bu ittiham əsassızdır.

“Mən heç vaxt vətənimə xəyanət etməmişəm, etmərəm də.”

“Məni törətmədiyim, özlərinin uydurduğu əməldə ittiham edirlər. Bu işi uydurub, adamların bir hissəsini öldürdülər, bir hissəsini şikəst elədilər, bir hissəsinə də yalançı şahidlərin əlilə uzunmüddətli cəzaya məhkum elədilər. Bədənimizə elektrik cərəyanı verməkdən tutmuş, müxtəlif vasitələrlə zorlamaya qədər dəhşətli işgəncələrə məruz qalmışıq. Bizi törətmədiyimiz əməli etiraf etməyə məcbur edirdilər. Şərt qoyurdular ki, etiraf eləsək, az cəza verəcəklər. Cənab prezidentdən xahiş və tələb edirəm, insani və konstitusion hüquqlarım bərpa olunsun, ona yanlış məlumat çatdıranlardan sübutlar tələb eləsin. Mən heç vaxt vətənimə xəyanət etməmişəm, etmərəm də. Ali Baş Komandan əmr etsə, canımdan keçərəm. Mən orduya getməmişdim ki, şərəfsizlik edim”, - M.Əhmədıi belə yazıb.

Dinləmələrdə səslənən bütün bu iddilara, hələlik, hüquq mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.Amma rəsmilər polis və təcridxanalarda işgəncə şikayətlərini əsasən düzgün saymırlar.Onlar çox vaxt belə şikayətləri həqiqətdən uzaq iddialar adlandırırlar.

Azırbaijan- Meeting of the Committee on Repression and Torture.18 may, 2019, Bakı.
Azırbaijan- Meeting of the Committee on Repression and Torture.18 may, 2019, Bakı.

Amma bununla belə bu günlərdə 2018-ci ildə baş verən Gəncə olaylarına görə, həbs edilənlərdən bir qrupunun məhkəməsində işgəncə şikayətləri ilə bağlı verilən vəsatət qəbul edilib.İşgəncəyə məruz qaldıqlarını bildirən məhkumlar məhkəmə-tibbi ekspertizadan keçirilməlidirlər.Hərçənd, onlar 10 ay əvvəl işgəncə ilə üzləşdiklərini iddia edirlər.

Eyni zamanda, bu yaxınlarda ölkənin Hərbi prokuroru bildirib ki, ordudakı cinayətlər əvvəlki illərlə müqayisədə dəfələrlə azalıb.

Buna da bax:‘Gәncә işi’ üzrә işgəncə verilməsi iddialarına baxılacaq

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumlarına görə,O, terror əməli törədib. Y.Səfərov isə ona verilən ittihamla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Baş Prokurorluğun bir müddət öncə bildirməsinə görə, Gəncə olayları ilə bağlı ümumilikdə altı qrupun (51 nəfər) işi məhkəməyə göndərilib. Onlardan yalnız, hələlik, iki qrupun məhkəməsi başa çatıb. Onlar, əsasən, zorakılıqların, talanların törədilməsi, odlu silahdan, partlayıcı maddələrdən istifadə, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət ilə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər. Mühakimə edilənlərə 5 ildən 9 ilə qədər həbs cəzası verilib. Onların çoxu özlərini günahsız sayıb.Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.

Gəncə olayları ilə bağlı tutulanlardan bəzilərinin işi isə, hələlik, heç məhkəməyə göndərilməyib. Ümumilikdə bu olaylarla bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanmışdı.

Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

Tərtər olayları

Baş Prokurorluq, müdafiə, daxili işlər nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidməti 2017-ci il mayın əvvəllərində birgə bəyanat yaymışdı. Həmin sənəddə yazılırdı ki, ölkənin suverenliyi, dövlət təhlükəsizliyi zərərinə olaraq xarici xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilmiş bir qrup hərbi qulluqçu, mülki şəxs həbs olunub. Rəsmi bəyanata görə, adları açıqlanmayan həmin şəxslər maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə edərək, Ermənistan tərəfinə ötürüblər. Bəyanatda mayın 3-də Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlandığı vurğulanırdı. Ancaq həbs edilənlərin dəqiq sayı açıqlanmırdı.

Elə bundan az sonra bəzi media orqanlarında dövlətə xəyanətdə ittiham edilən bir neçə hərbçinin istintaq zamanı işgəncələr nəticəsində öldüyü ilə bağlı iddiaların əks olunduğu məlumatlar yayılmışdı. Az sonra həmin məlumatları yayan bəzi sayt rəhbərləri baş prokurorluğa çağırılaraq xəbərdarlıq almışdılar. Həmin redaktorların bildirməsinə görə, onlara xəbərdarlıq edilib ki, son günlərdə orduda baş vermiş «xəyanət» barədə istintaq başa çatmamış, isbatını tapmayan məlumatların dərc olunması yolverilməzdir.

Rəsmi qurumlar bu işdə məhkəmə önünə çıxarılanlar və məhkəmə qərarları ilə bağlı məlumatlar yaymayıblar. Valideynlərin bildirməsinə görə, istintaq zamanı həlak olan keçmiş hərbçilərin bəzilərinin sonradan günahsızlığı üzə çıxıb.

Həmin hadisələr zamanı həbs edilənlərin valideynləri indi də tez-tez Prezident Administrasiyasının önünə toplaşaraq bu məsələlərin yenidən adələtli araşdırılmasını istəyirlər.

Amma rəsmilər bir qayda olaraq qanunsuz həbslər, işgəncələr, istintaq zamanı insanların öldürülməsi ilə bağlı deyilənləri həqiqət saymır və ya bu barədə məlumatları ictimaiyyətə təsdiq etmirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG