Keçid linkləri

Təcili xəbərlər
2019, 26 Avqust, Bazar ertəsi, Bakı vaxtı 07:54

‘Gәncә işi’ üzrә işgəncə verilməsi iddialarına baxılacaq


İllüstrasiya

Mayın 16-da Sabunçu Rayon Mәhkәmәsindә “Gәncә işi” adlanan prosesdә tәqsirlәndirilәn şәxslәrin işgәncәlәrlә bağlı mәhkәmә-tibbi ekspertizadan keçirilmәsi vәsatәti tәmin olunub.

AzadlıqRadiosuna bu barәdә mәlumat verәn hüquq müdafiәçisi Oqtay Gülalıyev bildirib ki, bu vәsatәt “Gәncә işi” ilә bağlı hәbs olunanların 3-cü vә 4-cü qruplarına aiddir:

“Artıq bu proses başlayıb. Ekspertlәr işgәncә şikayətlərini araşdırmaq üçün zәruri tәdbirlәr görәcәklәr. Düzdür, hadisәnin üstündәn 10 ay keçib, lakin çoxusunun demələrinə görə, bədənlərində, hәlә dә işgәncә izlәri qalıb”.

2018-ci il Gəncə olaylarında həbs edilənlərin valideynləri də son günlər bir neçə dəfə etiraz aksiyası keçirərək işgəncə şikayətlərinin araşdırılmasını tələb etmişdilər.Onlar həmin olaylarda həbs edilənlərin, həm Gəncədə, həm də Bakıda ağır işgəncələrə məruz qaldığılarını iddia etmişdilər. Rəsmi qurumlar isə bu iddialara münasibət bildirməmişdilər. Rəsmilər polis və təcridxanalarda işgəncə şikayətlərini ümumən əsaslı saymır, belə məlumatları saxta iddialar adlandırırlar.

Gəncə hadisələri ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işi məhkəməyə göndərilib.Onlardan yalnız, hələlik, 2 qrupun məhkəməsi başa çatıb. Həmin iki prosesdə də işgəncələrlə bağlı eyni vəsatətlər verilsə də, qəbul edilməmişdi.

Mühakimə edilənlər əsasən zorakılıqların, talanların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər. Onlar 5 ildən 9 ilə qədər həbs cəzası verilib.Onların çoxu özlərini tamamilə günahsız sayıb.

Həmin hadisələrlə bağlı tutulanlardan bəzilərinin işi isə, hələlik, heç məhkəməyə göndərilməyib.

Umumilikdə bu hadisələrlə bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanmışdı

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir. Yunis Səfərov ittihama münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər (rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG