Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:05

Gələcək feminizmə 'bağlıdır'


Foto illüstrasiya
Foto illüstrasiya

«Oksford lüğətində feminizmin tərifi bu şəkildə verilib: «Qadın hüquqlarının cinslərin bərabərliyi prinsipi əsasında irəli çəkilməsi». Feminist prinsiplərdən çıxış edən hərəkat həyatın bütün aspektlərində cinslərarası bərabərlik istəyir», – fastcompany.com saytında iş adamı Annie Liao Jones-un yazdığı məqalədə belə deyilir.

Ancaq müəllif bu yazıda feministlərin özlərinin bu məfhuma verdiyi təriflərə diqqət çəkməyə çalışır. Bu təriflər bəzən əsas tərifə çoxlu maraqlı nüans da əlavə edir.

Müəllifin özü feminizmi «məhz olduğun insan olmaq azadlığı», «yalnız ortaya qoyduğu işə görə mühakimə olunmaq» kimi görür. Onun nəzərində bura, məsələn, ciddi qəbul olunmaq üçün işə kişisayağı geyimlərdə gəlmək məcburiyyəti duymamaq da daxildir.

«#MeToo hərəkatına ehtiyac qalmazdı»

«Mən inanıram ki, qadınların təbiətindən doğan …insanları birləşdirmək bacarığı feminizmə çox fayda verərdi. Ancaq insan olaraq biz cinsləri bərabər dəyərləndirsəydik, nə qədər birlik və insaniyyətə nail ola, uğurlarımızı paylaşa bilərdik. Hələ necə bir tarixə sahib ola biləcəyimizi demirəm.

Hər hansı bacarığın verə bildiyi dəyəri pulla ölçmək əvəzinə, əsl mənasına, yaxud cəmiyyətə göstərdiyi təsirlə ölçərdik. İntibah dövründə olduğu kimi, incəsənətə də elm qədər dəyər verərdik. Psixologiyaya bizi aya göndərmədiyi, əvəzində insanlara şəxsi problemlərinin öhdəsindən gəlməyə kömək etdiyi üçün daha aşağı qiymət verilməzdi. Evdə qalıb uşağına baxan ataya da evdə uşağına baxan və işləyən ana qədər qiymət verərdik. Qadınsayağı, yaxud qadınlar üçün olan şeylərə daha çox əhəmiyyət verərdik.

Oğlanların da qızlar kimi insanları [razı salan] adam kimi böyüdülməsini, emosional dərrakənin onları haralara aparıb çıxara biləcəyini öyrənməsini təsəvvür edirsiniz? Cəmiyyət olaraq biz kişilərin narahat mövzularda söhbətlərə başlamasını, bir-biri ilə vuruşmaq əvəzinə bir-birindən öyrənməsini təsəvvür edə bilirikmi? O zaman #MeToo hərəkatının baş verməsinə ehtiyac da qalmazdı, indi də bəzi kişilər iş yerində qadınlarla danışmaqdan «qorxmazdı». Kişilərin güclü vəzifələrlə bağlı daha yaxşı rol modelləri olmuş olsaydı, indi o vəzifələr indiki adamlar tərəfindən tutulmazdı.

Hər iki cins açıq ünsiyyətə, sağlam qarşıdurmaya, başqasının perspektivindən öyrənmək istəyinə, öz hisslərini təbii bir şey kimi ifadə etməyə eyni dərəcədə dəyər versəydi, bizim kollektiv əqli sağlamlığımız yaxşılaşar, zorakılıq səviyyəsi isə aşağı düşərdi.

Empatiyaya daha çox dəyər versəydik, siyasi parçalanma bu qədər çox ziyan vura bilməzdi. Kişilər heç vaxt qadın CEO-nun haqqında …»yəqin aybaşı vaxtıdır» kimi replikalar atmazdı», – məqalədə deyilir.

Keçmişdən öyrənmək

Feminizmin ümumən yalnız bir tərifi olsa da, fərqli qrupların və insanların ona verdiyi mənaların sayı-hesabı yoxdur. Bu mənalara diqqətlə baxanda feminizmin bəşəriyyətə nələr verdiyi və bundan sonra nələr verə biləcəyini bir daha anlamaq olar.

Müəllif bizim cəmiyyət olaraq kim olduğumuz və dəyərlərimizin yerini dəyişməklə kim ola biləcəyimiz haqda az biliyə sahib olduğumuzu qabardır və bunun bütün sahələrə təsir etdiyini deyir.

Onun sözlərinə görə, biz keçmişi dəyişə bilməsək də, keçmişdən öyrənmək çox vacibdir.

«Biz gələcəyin bərabərliyə inanmayan insanların yox, insan Ruhuna təkan verən hər şeydə dəyər görməyə çalışanların əlində olmasını istəyirik.

… Öz şirkətimi quranda anladım ki, adam ən çox üsyankar insanların tamamilə özləri kimi olmasından öyrənir», – müəllif yazır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG