Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:10

Femimillətçilik niyə artır


Feminizm
Feminizm

«2018-ci ilin payızında millətçi Almaniya üçün Alternativ (AfD) partiyasının üzvü Nicole Höchst «Der Spiegel» jurnalına müsahibəsində Almaniyanın gələcəyindən və qadınların radikal islamçı və miqrantlardan müdafiəsindən narahat olduğunu iddia edirdi. Partiyanın lesbian lideri Alice Weidel-sə iddia edirdi ki, Almaniyaya artan miqrasiya qızların və qadınların müdafiəsində çatışmazlıqla nəticələnib. Onlar öz cinsi bərabərlik motivlərini irqçi və ksenofob dildə ifadə etməklə qadınların bir qrupuna – AfD-yə qoşulmaq istəyən antimiqrant, antiislam etnik almanlara xitab edirlər. Onların məqsədi etnik almanlar üçün protomillətçi qaydaların təbliğinə daha geniş baza yaratmaq, müsəlmanları qadınlara təhlükə kimi qələmə vermək, qeyri-alman miqrantlar üçün kriminalizasiyanın artırılmasını təbliğ etməkdir», - «The National» jurnalında dərc edilmiş məqalədə deyilir. Məqalənin müəllifi Max Planck İnstitutunun tədqiqatçısı, tarixçi alim Edna Bonhomme-dur.

«Düşünürəm ki, biz Almaniyada həqiqətən qadın hüquqları uğrunda vuruşan yeganə partiyayıq, çünki biz qadınların …hüquq və azadlıqlarının itirilməsi təhlükəsi ilə üz-üzə olduğumuzu qabardırıq», – Höchst Almaniyada analar üçün dövlət dəstəyi proqramları, maaş bərabərliyi və ictimai təhlükəsizlik məsələləri haqda danışarkən deyib.

Ağ millətçiliyin qidası

Jurnal yazır ki, ifrat sağçı məqsədlər üçün qadın hüquqları, müdaxiləçi doğum siyasəti və feminist leksikondan istifadə yeni, yaxud qeyri-adi deyil: «Avropada liberallar, sekulyaristlər və sağçı siyasətçilər qadın hüquqları və feminizmi…, feminist alim Sara Farris-in təbirincə desək, femimillətçilik (femonationalism) bayrağı altında uzurpasiya ediblər. 2000-ci illərin əvvəllərində bir neçə Qərbi Avropa ölkəsi eyni zamanda miqrantlara və müsəlman qadınlara qarşı kriminallaşdırma qaydaları tətbiq etdi. 2002-ci ilin iyulunda italyanlar 177 saylı qanunu qəbul etdilər. Bu qanun miqrantlardan barmaq izlərinin götürülməsini tələb edir, sənədsiz miqrantlara qarşı ağır cəzalar tətbiq edirdi. Fransada hökumət müsəlman qadınların ölkənin laicité (dünyəvilik) prinsipini qəbul etməsini istəyirdi. Burada 2004-cü ildə dövlət məktəblərində baş örtüyü qadağan edildi. …Bunlar antimiqrant və antimüsəlman baza üzərində qurulan ideoloji formasiyanın Avropa siyasətində daha çox dominant olmasının yalnız bir neçə göstəricisidir.

Femimillətçilik eyni zamanda ağ millətçiliyi qidalandırır. Feminist Susan Moller Okin kimi fiqurlar qeyri-Qərb mədəniyyətlərinin qadına qarşı daha əzici davrandığını iddia edirlər. Moller Okin-dən fərqli olaraq, Rita Chin multikulturalizm böhranının miqrant və etnik azlıqların Qərb cəmiyyətinə «zərər»inin nəticəsi olmadığını, XIX əsrin irqi millətçiliyinin məhsulu olduğunu nümayiş etdirir. O dövrdə belə bir statik düşüncə var idi ki, avropalı olmaq yalnız ağ, xristian və sekulyar olmaq deməkdir. Bu qorxuların əsasını isə Joan Wallach Scott-un Qərb liberal demokratiyasının imperiya işğallarına haqq qazandıran irqçi prizmadan baxışı və ... əsasən müsəlmanları təkcə fərqli yox, həm də düşmən kimi görməsi təşkil edir. Bu, xeyli müddətdir ki, davam edir.

Alim Gayatri Spivak qeyd edirdi ki, Hindistandakı britaniyalı müstəmləkəçilər müstəmləkəçiliyə haqq qazandırırdılar, çünki özlərini «qəhvəyi qadınların qəhvəyi kişilərdən xilaskarı» kimi görürdülər. Bu düşüncə bu gün Avropadakı millətçi və ifrat sağçı qruplaşmalardan da sızmaqdadır», – məqalədə qeyd edilir.

Populizm brendi yüksəlir və...

Müəllif hesab edir ki, irqçi, antisemit və islamofob hücumların artmaqda olduğu indiki dövrdə ifrat sağçı populizmi feminist ritorikasından miqrantları kriminallaşdırmaq, müsəlman qadınlara nə geyinəcəklərini diktə etmək kimi məqsədlərinin gerçəkləşdirilməsində yararlanmağa çalışır: «Son illərdə populizm brendi yüksəldikcə, özünü bütün Avropada yeni cilddə təqdim etməklə seçicilərin yeni nəslinə cəlbedici görünməyə çalışır. Marine Le Pen-in daha çox qadın və geyləri Milli Cəbhə partiyasına səs verməyə çağıraraq atasının kampaniyasından minimal da olsa, uzaqlaşması bunun bariz nümunəsidir».

Məqalədə deyilir ki, ifrat sağçı partiyaların yüksəlişi Skandinaviyadan Cənubi Avropaya qədər bütün qitədə özünü «feminist» adlandıran millətçiləri hərəkətə gətirib. İsveç Demokratları, İsveçrə Xalq Partiyası və AfD kimi millətçi mühafizəkarlığa söykənən partiyalar öz qadın üzvlərini irəli verməklə sələflərinin etmədiyini etməyə - idarəçilikdə gender bərabərliyinə nail olmağa ümid edirlər.

Müəllif son olaraq qeyd edir ki, femimillətçiliyin feminizmlə heç bir əlaqəsi yoxdur və o, birbaşa etnik millətçiliklə bağlıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG