Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Gürcüstanla Azərbaycan arasında nə baş verir?


Keşikçidağ qarşıdurmasının arxasında kim dayanır?
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

Yeni xəbər: Keşikçidağ qarşıdurmasının arxasında kim dayanır?

İyulun 14-də bir qrup Gürcüstan vətəndaşının Azərbaycan sərhədçilərinin əlindən silah almasına dair videogörüntülər yayılıb. İnsident Azərbaycanın “Keşikçidağ”, Gürcüstanın “David Qareji” adlandırdığı məbədlə bağlı baş verib.

Azərbaycanın Xarici İşlər Nazirliyi bunu “iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat” kimi qiymətləndirib.

Həm Azərbaycanda, həm də Gürcüstanda müstəqil şərhçilərin bir çoxu sərhəddəki insidentin arxasında Rusiyanın dayandığını iddia edirlər.

"Gürcüstan məhv ola bilər"

Məsələn, Tbilisidə, Gürcüstan-Amerika Universitetinin mühazirəçisi, siyasi təhlilçi Giorgi Gobronidze deyir ki, Azərbaycan, Gürcüstan və Türkiyə üçlüyü regional əməkdaşlığın yaxşı nümunəsidir. Azərbaycan öz qaz və neftininin əsas hissəsini Avropaya Rusiyadan yan keçməklə - Gürcüstan və Türkiyə ərazisiylə daşıyır. Bu halda, onun fikrincə, Rusiya təxribatda maraqlı tərəfə bənzəyir:

“Moskva və Qazaxıstan arasındakı münasibətlərə baxaq. Rusiya Qazaxıstan nefti və qazı üçün tranzit rolu oynamır, onun enerji resurslarını sərhəddə alır və özününkü kimi baha qiymətə satır. Əlbəttə ki, Gürcüstan və Azərbaycan arasında münasibətlər pisləşsə, Moskva rəsmi Bakıya alternativ marşrutlar təklif edəcək. Bu alternativ marşrutlar Azərbaycanı Rusiyadan asılı vəziyyətə salacaq. Bu, Azərbaycanın izolyasiyası, Gürcüstanın isə faktiki olaraq iqtisadi cəhətdən məhvi demək olacaq”.

Sovetlər Birliyi dağılandan sonra Gürcüstan Azərbaycan üçün önəmli strateji tərəfdaş, Qərbə açılan qapı rolunu oynayır.

Əvəzində Azərbaycan da Gürcüstan üçün önəmli iqtisadi tərəfdaşdır.

ReAl partiyasının icra katibi, iqtisadi təhlilçi Natiq Cəfərli bildirir ki, Azərbaycan Gürcüstanda ən böyük üç investordan biridir. Bakı-Tbilisi-Qars dəmiryol layihəsində isə Azərbaycan Gürcüstana güzəştli kredit verib.

“Azərbaycan Gürcüstana 200 milyon kredit dollar verib. İlk 10 il faizsiz kreditdir. Növbəti 10 il bir faizdir. Amma şərt də qoyulub ki, dəmiryolunun özünün qazancından ödəniləcək. Yəni, əgər qazanc borcu qaytarmağa çatmasa, müddət uzadılacaq. Azərbaycan Gürcüstana bu layihədə dünyanın ən yaxşı şərtləri ilə kredit verib”.

Gürcüstan mediası yazır ki, son insidentə səbəb azərbaycanlı sərhədçilərin məbəddəki ikonaları götürməsi olub.

Gürcüstanda radikallar

Bəs məbəd ətrafında baş verənlərə Gürcüstan ictimaiyyətinin münasibəti necədir?

Tbilisidə siyasi təhlilçi Giorgi Gobronidze deyir ki, Gürcüstanda ultra millətçi, faşist qüvvələr yaranmağa başlayıb. Bu qüvvələr indiki durumda Azərbaycan əleyhinə kampaniya aparırlar:

“Bu qüvvələr artıq Azərbaycanı da, Rusiyanı da işğalçı kimi təqdim etməyə çalışırlar. Amma məncə, Rusiya ilə Azərbaycanı müqayisə edənlər yumşaq desək, heç nə anlamırlar. Çox yaxşı haldır ki, nə siyasi qüvvələr, nə siyasi elita, nə ictimiayyət bu radikal-siyasi qruplaşmanı dəstəkləmir və onlar azlıqda qalıblar. Artıq Gürcüstanda bu qüvvələr özlərini faşist kimi aparırlar”.

Giorgi Gobronidze
Giorgi Gobronidze

Şərhçi deyir ki, əhalinin 95 faizindən çoxu Azərbaycanla bağlı radikal fikirləri bölüşmür.

Bəs Gürcüstanda bu siyasi qüvvələrin imkanları hara qədərdir və perspektivi nədir?

Bakıda siyasi şərhçi Rəşad Şirin iyulun 15-də öz Facebook səhifəsində yazır ki, məbəd ətrafında baş verənlər Gürcüstandakı daxili siyasi çəkişmələrin bir parçasıdır. Bu çəkişmə həm də Gürcüstanın Qərblə Rusiya arasında seçim edə bilməməsi ilə bağlıdır.

Rəşad Şirin onu da bildirir ki, əsas etiraz edən qüvvə parlamentdə beş faizə sahib olan Vətənpərvərlər Alyansıdır. Bu partiya rusiyayönlü cib müxalifətidir və Gürcüstanın Qərbə aid olmadığını iddia edir.

Gürcüstanın Xarici İşlər Nazirliyi isə bu gün, iyulun 16-da toplantı keçirib və bildirib ki, danışıqlar davam etməlidir:

“Bu insident iki ölkənin strateji və tərəfdaşlıq münasibətlərinə uyğun gəlmir. Odur ki, hesab edirik ki, ekspert qrupları delimitasiyası ilə bağlı işləri davam etdirməlidir. Gürcüstan hökuməti buna tam hazırdır”.

Hadisədən sonra sərhəddəki məbəd kompleksinə giriş müvəqqəti bağlanıb, amma Gürcüstan polisi məbədin tezliklə açılacağını bildirib.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Keşikçidağda baş verənlər haqda nə eşitmisiniz? Sizcə, orada nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Keşikçidağ, və ya David Qareji məbədi ətrafında müzakirələr son aylar başlayıb.

Gürcü fəallar məbədin Azərbaycan ərazisindəki hissəsi ilə bağlı bir neçə aksiya keçiriblər, gürcü turistlərin məbədə girişinə maneçilik törədildiyini iddia ediblər.

Azərbaycan tərəfi bu iddianı rədd edir. Gürcüstan və Azərbaycan tərəfi hazırda sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar aparır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG