Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Keşikçidağda nə baş verir? Təxribat, yoxsa adi insident?


Keşikçidağ kompleksi
Keşikçidağ kompleksi

“Azərbaycan rəsmilərinin ciddi reaksiyası lazım idi”

“Bu, bütün hallarda ciddi insidentdir. Azərbaycan sərhədçilərinin silahlarını əlindən almağa qədər getmiş bir insidentə Azərbaycan rəsmilərinin ciddi reaksiyası lazım idi. Mən rəsmi qurumların açıqlamasını yetərli hesab etmirəm. Ən azı, nota verilməsi daha məqsədəuyğun olardı”, - siyasi şərhçi, Müsavat Partiyasının Divan üzvü Alya Yaqublu iyulun 14-də Keşikçidağ sərhəd məntəqəsində baş verənləri AzadlıqRadiosuna şərh edərkən belə deyir.

Həmin gün bir qrup Gürcüstan vətəndaşının Azərbaycan sərhədçilərinin əlindən silahını almasını əks etdirən videogörüntülər yayılıb.

Bu hadisə Azərbaycanda narazılqıla qarşılanıb, müzakirələrdə Azərbaycanın strateji müttəfiqi olan Gürcüstanı qınayanlar da olub, “Tbilisidən jurnalisti oğurlayan hakimiyyətin Gürcüstanın yanında gözükölgəli” olduğunu iddia edən də tapılıb, Azərbaycanın adekvat reaksiya verməli olduğunu tələb edən də.

Dövlət Sərhəd Xidməti (DSX-nın) olaydan bir gün sonra bildirib ki, iyulun 14-də saat 14:50 radələrində DSX-nın “Keçikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları Azərbaycan sərhəd naryadına qarşı insident törədiblər.

Təxirəsalınmaz tədbirlər görülməklə insidentin qısa müddətdə aradan qaldırıldığı və ərazidə təhlükəsizlik tədbirlərinin təmin edildiyi bildirilir. Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirildiyi, hadisənin birgə araşdırıldığı, bu kimi hallara yol verilməməsi üçün görülməli tədbirlərin müzakirə edildiyi deyilir.

“Müəmmalı qərarı kim verib?”

Sosial şəbəkələrdə yayılan reaksiyalar Azərbaycanda DSX-nın açıqlamasını yetərsiz sayanların az olmadığını söylməyə əsas verə bilər. Başqa sözlə, rəsmi Bakının qarşı tərəflə daha kəskin danışmalı olduğunu düşünənlər az deyil.

Doğrudur, siyasi şərhçinin qənaətincə, insidentin yaranmasında Azərbaycan tərəfinin də suçu var. O sözügedən məbədin uzun illərdir ziyarət edildiyinə, ancaq son zamanlar “müəmmalı qərar”la ziyarətin məhdudlaşdırıldığına diqqət çəkir:

“Azərbaycan tərəf ora ziyarəti məhdudlaşdırır, “Exo Kavkaza” saytına inansaq, kilsədən ikonalar götürülüb. Buna görə də mülki vətəndaşla Azərbaycan sərhədçisinin konflikti baş verir. Bilmirəm, bunu hər dəfə konfliktə çevirmək kimə lazımdır? Rəsmi qurumların açıqlamasının da bu suallara cavab verdiyini düşünmürəm”, - Alya Yaqublunun sözləridir.

Tofiq Zülfüqarov: “Tam vəziyyətə uyğun…”

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov DSX-nın açıqlamasını “tam vəziyyətə uyğun” sayır.

O, sosial mediada Azərbaycan əsgərinin silahını əldən verməsini “biabırçılıq, rəzalət” sayanlarla razılaşmır, Azərbaycan sərhədçisinin “normal reaksiya” verdiyini bildirir:

“Əlbəttə, avtomatı silahsız adamlara tuşlayıb atəş də açmaq olardı. Buna çox ağıl işlətmək lazım deyil. Amma gəlin görək bunun təsiri nə olacaqdı? Biz o zaman təxribatı planlayan dairələrin oyununa düşəcəkdik”.

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

Keçmiş nazirin narazı qaldığı məqam da var. Onun fikrincə, vaxtaşırı bu cür narazılıqların olduğunu nəzərə alan Azərbaycan tərəf sərhəddə onun qarşısını almaq məqsədilə “çevik qruplar” yerləşdirməli, “yəni silahla yox, başqa üsulla qarşısını almalı idi”.

Diplomat belə addımın atılmamasını sərhədçilərin səhvi sayır.

“Bu, yeganə iradımdır. Ümid edirəm nəticə çıxarılacaq. Axı gələcəkdə də bu cür təxribatların baş verməsi planlaşdırıla bilər”.

Keçmiş xarici işlər naziri sərhəddəki insidenti “əvvəlcədən düşünülmüş təxribat” adlandırır.

Yeri gəlmişkən, Xarici İşlər Nazirliyi də baş verənləri “iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat” kimi qiymətləndirib.

Bununla belə, Gürcüstanın Azərbaycandakı səfiri XİN-ə çağrılaraq, ondan olayla bağlı izahat istənilib.

Rəsmi Bakı təxribatın arxasındakıları açıqlamasa da, Tofiq Zülfüqarov bu haqda açıq danışır. Onun qənaətincə, kimlərsə iki ölkə arasında münasibətləri pozmaqda maraqlıdır. Keçmiş nazir və diplomat bunda iki ölkənin - Rusiya və Ermənistanın maraqlı ola biləcyini düşünür:

“İndiki halda Ruisya-Gürcüstan əlaqələri böhran içindədir. Bundan öncə biz Gürcüstanda pravoslav kilsələri ilə bağlı tədbirdə baş verənləri də gördük. Bu baxımdan o mərkəzlərin ünvanı bəllidir. Ermənistan isə çalışır ki, Azərbaycanla Gürcüstan arasındakı tərəfdaşlıq pozulsun. Bu baxımdan son hadisəyə təxribat cəhdi kimi yanaşmalıyıq”.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Zərdüşt Əlizadə: “O boyda Abxaziyan, Osetiyan gedib…”

Siyasi şərhçi Zərdüşt Əlizadə də son insidenti “xarici qüvvələrin qəsdən qızışdırdığı oyun” sayır:

“Gürcüstan və Azərbaycan hökumətləri anlayıb qabaqlayıcı tədbirlər görməsələr, bunun çox pis aqibəti ola bilər. Hər iki dövlətin arasını vuraraq münaqişə yaratmaqla onları mühüm strateji üstünlüklərdən məhrum etmək, nəticədə xarici qüvvələrdən asılı vəziyyətə salmaq istəyirlər”.

Zərdüşt Əlizadə də bu hadisədə Rusiya amilini bir ehtimal sayır:

“Ermənistanla Azərbaycan arasında münaqişə yaradıb onları özündən asılı vəziyyətdə saxlayırlar. İndiki halda Gürcüstanla Azərbaycan da ucuz vətənşüvənlik edir, guya David Qareci gürcü xalqının mənəvi rəmzidir və s. O boyda Abxaziyan, Osetiyan gedib, sənin mənəvi rəmzin onlardır, balaca əraziyə görə şüvən salırsan? Bizdə də eyni şeyi edirlər, yazırlar ki, bizi zəif sayırlar. Zəif deyilik, nəyik? Ortaq dil tapmalıyıq, güzəştlərə nail olmalıyıq, münaqişəni beşiyindəcə həll etməliyik ki, böyüməsin, mənfi izlər qoymasın”.

Xatırlatma

Gürcüstanın bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlara görə, bu ilin əvvəlində də bu ölkə ilə Azərbaycan sərhədində yerləşən Keşikçidağ-David Qareci məbəd kompleksində narazılıq yaşanmışdı.

Gürcüstanla Azərbaycan arasında sərhəd delimitasiya (sərhədin dəqiqləşdirilməsi) məsələləri, əsasən, razılaşdırılsa da, bu kompleksin yerləşdiyi ərazidə sərhədin tam müəyyənləşdirilmədiyi bildirilir. Mübahisələr özəlliklə Udabno məbədindən qaynaqlanır. SSRİ zamanında ora Azərbaycanın ərazisi olub.

Bu ilin may ayında iki ölkə rəsmiləri arasında sərhəddin delimitasiyası ilə bağlı müzakirələrin yenidən bərpa edildiyi açıqlanıb.

Azərbaycan prezidentin sərəncamı ilə 2007-ci ildə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Orda 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri var. Ağstafa rayonunun mərkəzindən 75 kilometr, rayonun sonuncu yaşayış məntəqəsindən – Böyük Kəsik kəndindənsə 28 kilometr uzaqda yerləşir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG