Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:38

'İki nəfərin ad-soyadını kiməsə deməkdən ötrü adama 4 il iş veriblər'


Fuad Əhmədli. İllüstrasiya. Gündüz Ağayev.

AXCP Gənclər Təşkilatının üzvü Fuad Əhmədlinin 4 il azadlıqdan məhrum edilməsi haqda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Avqustun 16-da Bakı Apellyasiya Məhkəməsində Rizvan Səfərovun sədrlik etdiyi hakimlər kollegiyası bu haqda qərar çıxarıb.

Buna da bax:​ AXCP fəalının məhkəməsi vəsatətlərin rəddi ilə başladı

“QANUNSUZ MÜDAXİLƏNİN SÜBUTUDUR”

Qərardan öncə Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev bir neçə vəsatət qaldırıb. Vəkil cəbhəçi fəalın işlədiyi "Azerfon" şirkətinə ("Nar Mobile") sorğu göndərilməsi, şirkətin rəhbərinin məhkəmədə dindirilməsini istəyib. Bildirib ki, Fuad Əhmədli haqqında cinayət işinin başlanmasına əsas kimi təqdim olunan şirkət rəhbərinin məktubunun sonradan hazırlanıb iş materiallarına əlavə olunduğunu ehtimal edir:

Əsabəli Mustafayev
Əsabəli Mustafayev

“Fuadın həbsindən əvvəl Dövlət Təhlükəsizlik Xidmətinə “Azerfon” rəhbərliyinin məktub ünvanladığı iddia olunur. Məktubda yazılıb ki, Fuad Əhmədli hansısa məlumatları telefonu vasitəsilə müəyyən adamlara ötürüb. Əvvəla, biz bu məktubun cinayət işinə hüquqi don geyindirmək üçün sonradan hazırlanıb əlavə edildiyini düşünürük. İkincisi, bu məktub həm də Fuadın telefonuna qanunsuz müdaxiləni sübut edir. Xahiş edirik, məhkəmə şirkətin məktublar jurnalına baxış keçirsin, o məktubun nə vaxt göndərildiyi aydınlaşdırılsın. Həmçinin məktubu imzalamış şirkətin rəhbəri də dindirilsin, görək ki, hansı əsasla Fuadın telefonuna qanunsuz müdaxilə olunub”.

Vəsatətlər təmin olunmayıb.

Buna da bax: AXCP fəalı Fuad Əhmədli 4 il azadlıqdan məhrum edildi

“YALNIZ ÜMUMİ KOMPÜTER OLUB”

Ardınca vəkil və Fuad Əhmədli çıxış edib. Müdafiəçi bildirib ki, birinci instansiya məhkəməsində iclas protokolları yazılarkən ifadələr təhrif olunub. Fuad Əhmədlinin vəzifəli şəxs olmadığını və bu səbəbdən də CM-nin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə verilən ittihamın əsassız olduğunu deyən vəkil bu cinayət işinin siyasi motivli olduğunu vurğulayıb:

“Fuad Əhmədli ilə şirkət arasında bağlanmış müqavilədə də yazılıb ki, onun işi operator kimi, müştərilərin suallarına cavab verməkdən ibarət olub. Konstitusiya Məhkəməsinin qərarında da aydın yazılıb ki, kimlər vəzifəli şəxs hesab oluna bilər. Fuadın istifadəsində məxfi məlumatların əldə olunmasına imkan verən avadanlıq olmayıb, yalnız ümumi kompüter olub. İki nəfərin ad-soyadını kiməsə deməkdən ötrü adama dörd il iş veriblər. Zərərçəkmiş kimi tanınan Samir Xəlilov özü satış meneceridir, internetdə telefon nömrəsini paylaşıb. Fuada ittiham verilib ki, onun ad-soyadını deməklə ziyan vurmusan. Absurddur”.

Buna da bax:​ Fuad Əhmədli: 'Susmadım, savaşdım, şərləndim və girovam!' [video]

“İSTİFADƏMDƏ HANSISA MƏXFİ MƏLUMATLAR OLMAYIB Kİ...”

Fuad Əhmədli birinci instansiya məhkəməsinin iclas protokollarında şəxsən onun özünün ifadəsinin də təhrif olunduğunu söyləyib. Gənc fəal da “Azerfon” rəhbərliyinin əvvəlcədən onunla bağlı DTX-ya məktub göndərməsinə inanmır:

“Onlar mənim həbsimdən bir neçə ay sonra evimizə məktub göndərib yazıblar ki, müqaviləmə xitam verilib. Çünki sentyabrda müqaviləm başa çatıb, iki ay keçsə də, uzadılmayıb. Ona görə də müqaviləyə xitam verilib. Yəni məni işimdə hansısa nöqsana görə çıxartdıqlarını yazmayıblar. Əvvəla, mənim istifadəmdə hansısa məxfi məlumatlar olmayıb ki, onu kiməsə ötürüm də. İkincisi, əgər “Azerfon” şirkəti müştərilərlə bağlı məlumatların yayılmasına belə həssas yanaşırsa, o zaman niyə 3-5 aylıq işçilər cəlb edib, bütün bazanı onların istifadəsinə verir? Mövsümi işçilərin niyə cəlb olunduğu da bəllidir”.

Qısa müşavirədən sonra hakimlər kollegiyası apellyasiya şikayətinin təmin olunmadığını və hökmün qüvvədə saxlandığını açıqlayıb.

Buna da bax:​ 'Fuad Əhmədlinin işində zərərçəkmiş dələduzluğa görə axtarışdadır'

Vəkil Əsabəli Mustafayev AzadlıqRadiosu-na bildirib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək: “Reallığı nəzərə alaraq, bilirik ki, Ali Məhkəmə də hökmü dəyişməyəcək. Amma bu işi Avropa Məhkəməsinə çıxarmaq üçün yerli instansiyaları keçməyə məcburuq”.

XATIRLATMA

Fuad Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb. İttihama görə, o, işlədiyi «Azerfon» şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqda fərdi məlumatları kənar şəxslərə ötürüb. Həmçinin, iddia olunur ki, Fuad Əhmədlinin həbsindən sonra onun yaşadığı evdə aparılan axtarış nəticəsində Fethullah Gülen-lə bağlı materiallar olan disklər, kitablar tapılıb.

F.Əhmədli Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Buna da bax:​ 'Fuad Əhmədlinin telefonuna qanunsuz müdaxilə edilib'

İyunun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona 4 il həbs cəzası verilib.

F.Əhmədli və AXCP ittihamı rədd edir, həbsi siyasi sifariş sayırlar.

Hazırda, ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen ötən il Türkiyədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırılır. İlahiyyatçının özü bu ittihamı böhtan sayır.

AXCP hesab edir ki, F.Əhmədlini Fethullah Gülen işinə bağlamaqla Azərbaycan hökuməti bir tərəfdən Türkiyə hakimiyyətinə saxta yollarla yarınmaq, digər tərəfdən də öz siyasi rəqiblərini şərləmək niyyəti güdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG