Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 02:09

AXCP fəalının məhkəməsi vəsatətlərin rəddi ilə başladı


Fuad Əhmədli (illüstrasiya, Gündüz Ağayev)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki üzvlərindən Fuad Əhmədlinin apellyasiya şikayətinə baxış onun vəkillərinin vəsatətlərinin rədd edilməsi ilə start götürüb.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrlik etdiyi heyət baxır.

Bu gün, avqustun 2-də keçirilən ilk iclasda F.Əhmədlinin vəkillərindən Əsabəli Mustafayev bir neçə vəsatətlə çıxış edib. O, iclasdan sonra prosesin gedişi ilə bağlı AzadlıqRadiosu-na məlumat verib.

Buna da bax:​ Fuad Əhmədliyə bəraət istənilir

Vəkil deməsinə görə, məhkəmə prosesi barədə məlumatı gec aldığından o, vəsatətləri şifahi təqdim edib.

Vəsatətlərdən biri Fuad Əhmədlinin dəmir barmaqlıqlar arasından çıxarılaraq müdafiəçinin yanında əyləşməsi istəyi ilə bağlı olub.

Vəkilin sözlərinə görə, hakim bu vəsatətlə bağlı rəyi Ədliyyə Nazirliyinin zaldakı əməkdaşlarının (“konvoy”ların) ixtiyarına buraxıb. Buna lüzum olmadığı bildirildiyindən, məhkəmə heyəti vəsatəti rədd edib.

Vəkillər məhkəmə iclası protokollarının sonradan təhrif olunduğunu bildirərək məhkəmə prosesinin audio və video çəkilişlərinin aparılmasına icazə verilməsini də istəyiblər. Ancaq Ə.Mustafayevin deməsinə görə, hakim bu vəsatəti də rədd edib.

Buna da bax: Fuad Əhmədli: 'Susmadım, savaşdım, şərləndim və girovam!' [video]

F.Əhmədli barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, habelə, apellyasiya şikayətinə qismən məhkəmə istintaqı ilə baxılması barədə vəsatətlərin də heç biri təmin edilməyib. Dövlət ittihamçısı həmin vəsatətlərin hamısının əleyhinə çıxıb.

Vəsatətlər rədd edildikdən sonra məhkəmə heyəti prosesi avqustun 16-na kimi ertələyib.

F.Əhmədlinin vəkilləri apellyasiya şikayətlərində ona bəraət verilməsini tələb edirlər.

XATIRLATMA

Fuad Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb. İttihama görə, o, işlədiyi «Azerfon» şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqda fərdi məlumatları kənar şəxslərə ötürüb. Həmçinin, iddia olunur ki, Fuad Əhmədlinin həbsindən sonra onun yaşadığı evdə aparılan axtarış nəticəsində Fethullah Gülen-lə bağlı materiallar olan disklər, kitablar tapılıb.

Buna da bax:​ AXCP fəalı Fuad Əhmədli 4 il azadlıqdan məhrum edildi

F.Əhmədli Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Ötən ay Bakı Ağır Cinayətlər Məhkəməsində ona 4 il həbs cəzası verilib.

F.Əhmədli və AXCP ittihamı rədd edir, həbsi siyasi sifariş sayırlar.

Hazırda, ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen ötən il Türkiyədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırılır. İlahiyyatçının özü bu ittihamı böhtan sayır.

Buna da bax:​ Vəkil: 'Dələduzluqda ittiham olunan, axtarışda olanın həyəcan keçirməsi...'

AXCP hesab edir ki, F.Əhmədlini Fethullah Gülen işinə bağlamaqla Azərbaycan hökuməti bir tərəfdən Türkiyə hakimiyyətinə saxta yollarla yarınmaq, digər tərəfdən də öz siyasi rəqiblərini şərləmək niyyəti güdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG