Noyabrın 24-də 5 qadın və azyaşlı qız uşağı da daxil Fransadan Britaniyaya keçməyə cəhd göstərən 31 nəfər rezin qayığın batması nəticəsində La Manş boğazında boğulub.
Dünyanın gəmi hərəkəti baxımından ən məşğul dəniz yollarından biri olan La Manşda güclü su və hava axınları mövcuddur.
Reuters yazır ki, bu səbəbdən Fransadan Britaniyaya kiçik qayıqlarla keçməyə cəhd göstərən miqrantlar həyatlarını riskə atırlar.
Fransanın daxili işlər naziri Jerald Darmanin deyib ki, sözü gedən qayıqda olan 34 nəfərdən 31-i ölüb, ikisi xilas edilib, daha bir nəfər isə hələ də tapılmayıb.
Nazir deyib ki, sağ qalan iki nəfərin vəziyyəti ağırdır.
Darmanin deyib ki, miqrantların vətəndaşlığı və kimliyi məlum deyil. Nazir əlavə edib ki, bu hadisə ilə bağlı olduğu düşünülən 4 insan qaçaqmalçısı həbs edilib.
Makronun çağırışı
Fransa prezidenti Emmanuel Makron deyib ki, Avropa İttifaqının Frontex sərhəd xidmətinə blokun xarici hüdudlarının daha yaxşı mühafizəsi üçün daha çox vəsait ayrılmalıdır.
O yaranmış vəziyyətin müzakirə edilməsi üçün Avropa nazirlərinin təcili müşavirəsinin keçirilməsinə çağırıb.
Makron deyib ki, Fransa La Manşın “məzarlığıa çevrilməsinə yol verə bilməz”.
Reuters xəbər verir ki, noyabrın 24-də dənizin sakit olmasından fürsətlənən çox sayda miqrant Britaniyaya keçməyə cəhd göstərib.
Həmin dəniz bölgəsində olan balıqçılardan bir deyib ki, o noyabrın 24-də dənizdə iki qayıq görüb. Onun sözlərinə görə qayıqlardan birində miqrantlar olub, digər qayıq isə boş idi.
Balıqçı bildirib ki, onun yoldaşlarından biri boş qayığı və ətraf sulara səpələnmiş 15-dək hərəkətsiz adamı gördükdən sonra xilasetmə xidmətlərinə zəng edib.
Darmanin deyib ki, xilasedicilər çatanda qayığın havası tamamilə boşalmışdı.
Kimdir təqsirkar?
Bu da xəbər verilir ki, ötən illə müqayisədə bu il Fransa polisi daha çox miqrantın dənizə çıxmasının qarşısını alıb, lakin bu miqrant axınını dayandırmayıb.
Britaniyanın baş naziri Boris Conson hadisədən sarsıldığını deyib.
Fransa və Britaniya hökumətləri baş verən ölümlərə görə insan qaçaqmalçılarını ittiham etsələr də, Kale şəhərinin meri Nataşa Buxart da daxil, bir sıra fransız siyasətçilər Britaniyanın miqrasiya siyasətlərinin yanlış olduğunu deyirlər.
Bəzi insan haqları fəalları isə bildirirlər ki, daha sıx müşahidə və sərt nəzarət miqrantları daha təhlükəli vasitələrə əl atmağa vadar edir.
Bu il Britaniyaya keçməyə cəhd edən daha 14 miqrant La Manşda boğulub.
Noyabrın 24-də Reuters müxbirləri Fransadan qayıqla Britaniyaya gedən daha 40 miqrant gördüklərini xəbər veriblər.
Onların Britaniya sahilinə sağ-salamat çatdıqları xəbər verilir.