Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 19:56

Rusiyadan qovulan taciklərin yarısı yeni adlarla ora qayıdır


Tacik miqrantlar işdən sonra Moskva ətrafındakı daxmaların damında
Tacik miqrantlar işdən sonra Moskva ətrafındakı daxmaların damında

Tacikistan Ədliyyə Nazirliyinin statistikasına görə 2014-cü ildən 2021-ci ilin birinci yarısınadək 235 mindən çox vətəndaş adını dəyişib

Rusiyadan çıxarılmış tacik miqrantların təxminən yarısı Rusiyaya yeni adlarla qayıdır.

Miqrantlar vətənə qayıtdıqdan sonra pasportlarının itdiyini bəyan edir və yeni pasportlarına yeni adlarını yazdırırlar.

AzadlıqRadiosunun Tacik xidməti - Ozodi yazır ki, Tacikistanda ad və soyadın dəyişdirilməsi üçün gözləmə müddətini üç dəfə qısaldan yeni qanun qəbul edilib.

Tacikistan Ədliyyə Nazirliyinin statistikasına görə 2014-cü ildən 2021-ci ilin birinci yarısınadək 235 mindən çox vətəndaş adını dəyişib.

Dövlət təkcə addəyişdirməyə görə alınan rüsumdan 31 milyon dollar qazanıb.

Bir problem, iki izahat

Ədliyyə naziri Muzaffar Aşuriyon bunu onunla izah edib ki, tacik məmurlar ruslaşdırılmış soyadlarından imtina edirlər.

Bu barədə bir müddət əvvəl prezidnet Emomali Rahmonun xüsusi sərəncamı olmuşdu.

Amma Tacikistanda rəsmi statistikaya görə cəmi 18 minə yaxın məmur var.

Tacikistan Əmək Nazirliyinin miqrasiya xidmətində isə təsdiqləyiblər ki, addəyişmələrdə artım Rusiyaya əmək miqrasiyası ilə bağlıdır.

Xidmətin nümayəndəsi Ozodi radiosuna deyib ki, miqrantların şəxsiyyət sənədlərini kütləvi dəyişməsi 14 il bundan əvvəl, Rusiya hökuməti tacikləri müxtəlif qanun pozuntuları ilə bağlı ölkədən kütləvi deportasiya edəndən başlanıb.

Miqrasiya xidmətinin verdiyi məlumata görə 2020-ci ilin sonunadək Rusiyadan 272 min Tacikistan vətəndaşı deport edilib.

Məmurlar üçün qazanc yeri

Ozodi radiosunun jurnalisti dəfələrlə adlarını dəyişərək yeni pasportlar almış və Rusiyaya miqrasiya etmiş 12 Tacikistan vətəndaşı ilə söhbət edib.

Onların arasında son beş-altı ildə pasportlarını dörd dəfəyədək dəyişənlər də var.

Onların hamısı deyiblər ki, əsas məqsəd qazanc üçün yenidən Rusiyaya qayıda bilmək olub.

İnsan haqları müdafiəçisi Karimjon Yorov deyir ki, bir çox miqrantlar yeni sənədlərin əldə olunması üçün 500 dollaradək xərc çəkirlər.

Beləliklə, təxmini hesablamaya görə Tacikistan məmurları bu prosesdən 67.5 milyon dollar korrupsiyalı qazanc əldə ediblər.

Bu da qeyd olunmalıdır ki, Rusiyaya yeni sənədlərlə qayıdanlar cərimələr, təkrar deportasiya və hətta bəzi hallarda həbsxana ilə üzləşə bilərlər.

Tacikistanda pasportların nisbətən asanlıqla alına bilməsi məsələsi Rusiya Baş Kəşfiyyat İdarəsinin əməkdaşı Anatoli Çepiqanın Çexiyaya Tacikistan pasportu ilə getməsi üzə çıxanda gündəmə gəlmişdi.

Tacikistan Daxili İşlər Nazirliyi sözü gedən pasportu verməsini inkar edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG