Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Fikrət Qocanın oğlunun ölümünə görə hökm – qəsdən öldürülməyib...


Fikrət Qoca
Fikrət Qoca

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevin ölümü ilə bağlı məhkəmə hökm çıxarıb. Prokurorluq mərhum Qocayevin dostları tərəfindən qəsdən öldürüldüyünü iddia etsə də, məhkəmə fərqli nəticəyə gəlib.

Bu ölüm işi yarım ilə yaxın müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırıldı. Məhkəmə qarşısına çıxarılanlar isə Y.Qocayevlə iş yoldaşı və dost olmuş üç nəfər idi - Elnur Nəhmədov, Ruslan MəmmədovPərviz Hüseynov. Nəhmədova qəsdən adam öldürmə, digər ikisinə isə xuliqanlıq ittihamı verilmişdi.

***Buna da bax-Fikrət Qocanın oğlunun ölümünə görə 26 il həbs tələbi

Dekabrın 14-də məhkəmədə hökm oxunmamışdan öncə təqsirləndirilən şəxslər son sözlərini deyib. Dostunu öldürməkdə suçlanan E.Nəhmədov bildirib ki, belə bir niyyəti olmayıb. Sadəcə, yeyib-içəndən sonra aralarında mübahisə yaranıb, Y.Qocayevi itələyəndə onun başı daşa dəyib:

«Mən onunla dost olmuşam, çörək kəsmişik. Əgər onu öldürmək niyyətim olsaydı, niyə dərhal təcili yardım çağırırdım?! Hətta təcili yardım gələnə qədər taksi çağırdım ki, tez xəstəxanaya çatdırım. Amma özü imtina elədi, getmədi. Hətta qarşısında oturub ağladım ki, dur, gedək. Getmədi...».

Digər iki təqsirləndirilən də Y.Qocayevin qəsdən öldürülmədiyini, özlərinin də heç bir xuliqanlıq etmədiklərini deyiblər.

***Buna da bax-Fikrət Qocanın oğlunun ölüm işi: 'Dost olmuşuq, peşmanam...'

Müşavirədən sonra Novruz Kərimovun sədrlik etdiyi hakimlər kollegiyası hökmü elan edib. Hökmə əsasən, E.Nəhmədov dostunu ehtiyatsızlıqdan öldürüb. Ona görə də Nəhmədova CM-nin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə verilmiş ittiham 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif olunub. Nəhmədova buna görə 5 il həbs cəzası verilib. Hadisə zamanı orada olmuş digər iki təqsirləndirilən şəxsdən P.Hüseynov 2 il, R.Məmmədov isə 2 il 6 ay azadlıqdan məhrum edilib.

Y.Qocayev 2017-ci il martın 11-də dünyasını dəyişib. Öncə onun sərxoş vəziyyətdə, ehtiyatsızlıqdan hündürlükdən yıxılıb öldüyü ehtimal olunsa da, sonradan prokurorluq belə qənaətə gəlmişdi ki, Qocayev küt alətlə qətlə yetirilib. Hadisə gecə saat 2 radələrində Nəsimi rayonu, Mir Cəlal küçəsində - Vətən Müharibəsi Veteranları Birliyinin rayon şöbəsinin binasında baş verib.

Amma təqsirləndirilən şəxslər məhkəmədə ifadə verəndə bildirdilər ki, birlikdə yeyib-içəndən sonra mübahisə düşüb. Dava zamanı ehtiyatsızlıqdan yıxılıb və nəticədə dünyasını dəyişib.

Mərhumun oğlu məhkəmədə zərərçəkmiş qismində ifadə verərkən təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını söyləyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG