Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:18

Fikrət Qocanın oğlunun ölümünə görə 26 il həbs tələbi


Xalq şairi Fikrət Qoca
Xalq şairi Fikrət Qoca

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevin ölümünə görə həbs olunan üç nəfərə ümumilikdə 26 il cəza istənilib. Noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Y.Qocayev martın 11-də dünyasını dəyişib. Öncə onun sərxoş vəziyyətdə, ehtiyatsızlıqdan hündürlükdən yıxılıb öldüyü ehtimal olunsa da, sonradan üzərində küt alətlə yetirilmiş xəsarət izi aşkarlanıb. Hadisə gecə saat 2 radələrində Nəsimi rayonu, Mir Cəlal küçəsində - Vətən Müharibəsi Veteranlar Birliyinin rayon şöbəsinin binasında baş verib.

Məhkəmə qarşısına çıxarılan üç nəfərdən Elnur Nəhmədov CM-nin 120 (qəsdən adam öldürmə), Ruslan MəmmədovPərviz Hüseynov isə 221-ci (xuliqanlıq) maddəsi ilə məsuliyyətə cəlb olunub. Prokuror E.Nəhmədova 19, R.Məmmədova 4, P.Hüseynova isə 3 il həbs cəzası verilməsini təklif edib.

«GƏLƏNDƏ ÜSTÜ TOZ-TORPAQ İDİ»

Məhkəmədə mərhumun oğlu Əli Qocayev də zərərçəkmiş qismində qısa çıxış edib. Deyib ki, təqsirləndirilən şəxslərdən şikayətçi deyil.

Məhkəmə noyabrın 17-də vəkillərin çıxışı və təqsirləndirilən şəxslərin son sözləri ilə davam edəcək.

Şairin oğlunu qətlə yetirməkdə suçlanan E.Nəhmədov özünü qismən təqsirli bilir. Deyir ki, mübahisə zəminində onu itələsə də, qətiyyən öldürmək məqsədi olmayıb. Y.Qocayev yıxılıb, başı dəyib və nəticədə dünyasını dəyişib.

Digər iki nəfər isə özlərini ümumiyyətlə, təqsirli bilmirlər. Veteranlar Birliyində mühafizəçi işləmiş R.Məmmədov deyir ki, hadisə günü birlikdə yeyib-içəndən sonra Elnurla mərhumun arasında mübahisə başlayıb:

«Yalçın gələndə üstü toz-torpaq idi. Soruşdum ki, nə baş verib? Dedi ki, məhəllədə yıxılıb. Üstünü təmizlədik. Dedi ki, araq alaq, içək. Sonra domino oynadıq. Elnurgil də gəldi. Yalçın Elnura dedi ki, «gecə bizim evə niyə zəng eləmisən?». Elnur da cavab verdi ki, «biz dostuq, qardaşıq, telefonun məndə qalmışdı, ona görə zəng eləmişdim ki, gətirim verim». Yalçın söyüş söydü. Elnur onu itələdi ki, «danışığını bilmirsən». Yalçın başından xəsarət aldı. Biz onu ayıltdıq, su verdik. Yalçın dedi ki, «heç nə olmayıb, salamatçılıqdır». Hətta eyvana da çıxdı, hava alıb içəri girdi. Divanda oturmuşdu. Sual verdim, cavab gəlmədi. Yaxınlaşanda gördüm ki, xırıldayır. Təcili yardım gəlib dedi ki, artıq ölüb».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG