Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:28

Bu gün, oktyabrın 17-də Ukraynada Borispol Şəhər Məhkəməsinin Niderland vətəndaşı olan jurnalist Fikrət Hüseynli barəsində 18 günlük həbs-qətimkan tədbiri seçdiyi bildirilir.

Bu haqda «Turan» agentliyinə onun vəkili Dmytro Mazurok məlumat verib. Jurnalistin müdafiəsini Ukrayna Helsinki İnsan Haqları Birliyi təmin edir.

Vəkilin bildirdiyinə görə, F.Hüseynli 18 gün boyunca Kiyevdəki müvəqqəti saxlama təcridxanasında tutulacaq.

F.Hüseynlinin müdafiə tərəfi Borispol məhkəməsinin qərarı ilə razılaşmır. Onlar hesab edirlər ki, F.Hüseynli dərhal azadlığa buraxılmalı, onun vətəndaşı olduğu ölkəyə getməsi təmin edilməlidir.

Vəkil bildirib ki, qərardan ən qısa zamanda apellyasiya şikayəti veriləcək.

«Müdafiə tərəfi F.Hüseynli barəsində çıxarılmış qərardan apellyasiya şikayəti hazırlayır. Onun Niderlanddan jurnalist fəaliyyətinə görə basqılara məruz qalması ucbatından, siyasi mülahizələr üzrə sığınacaq alması haqda gərəkli bilgilər də bu gün keçirilən prosesdə təqdim edilmədi. Niderland Krallığının Ukraynadakı konsulluğu apellyasiya məhkəməsinədək həmin məlumatları da təmin edəcək», - vəkil qeyd edib.

***Buna da bax-Fikrət Hüseynli: 'Məni Əfqan kimi oğurlamaq istəyirlər'

XATIRLATMA

Fikrət Hüseynli oktyabrın 14-də Ukraynadan Almaniyanın Düsseldorf şəhərinə yola çıxarkən Kiyevin Borispol hava limanında saxlanıb. O, bir neçə gün Ukraynanın paytaxtında qalıb.

F.Hüseynlinin Azərbaycan tərəfinin İnterpola verdiyi təqdimat əsasında saxlandığı deyilir. Azərbaycan tərəfinin jurnalisti Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 178-ci (Dələduzluq) maddələri ilə ittiham etdiyi bildirilir.

Jurnalistin özü isə ittihamları rədd edib.

Azərbaycanın hüquq-mühafizə orqanları hələlik F.Hüseynlinin saxlanılması ilə bağlı şərh vermirlər.

F.Hüseynli Avropada siyasi mühacirlərin tədbirlərinə fəal şəkildə qatılırdı. Son vaxtlar Avropadan yayımlanan «Turan TV» peyk telekanalı ilə əməkdaşlıq edirdi.

F.Hüseynli müxalif «Azadlıq» qəzetinin əməkdaşı olarkən - 2006-cı ilin martında Bakının Badamdar qəsəbəsində maskalı naməlum şəxslərin hücumuna məruz qaldığını açıqlamışdı. Onun həmin vaxt döyüldüyü, bıçaqlandığı bildirilirdi. Jurnalist bundan sonra rəsmi şəkildə şikayət etsə də, baş verənlərə görə kimsə məsuliyyətə alınmamışdı. 2008-ci ilin əvvəllərində o, Azərbaycandan mühacirət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG