Keçid linkləri

2026, 07 Mart, şənbə, Bakı vaxtı 18:55

Fərid Mehralızadə AzadlıqRadiosundakı araşdırmalara görə cəzalandırıldığını deyir

Fərid Mehralızadə
Fərid Mehralızadə

Martın 6-da Ali Məhkəmədə “AbzasMedia” ilə bağlı cinayət işi üzrə həbsdə olan 7 jurnalistdən ikisinin – nəşrin koordinatoru Məhəmməd Kekalov və AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadənin şikayətinə baxılıb. Hakim Zaur Hüseynovun sədrliyilə keçirilən məhkəmə prosesinə həbsdəki jurnalistlərin özlərini də gətiriblər.

Məhkəmə iclasında F.Mehralızadənin həm özü, həm də vəkilləri Cavad Cavadov və Xaliq Hüseynov çıxış ediblər. Müdafiəçilər çıxışlarında vurğulayıblar ki, F.Mehralızadəyə qarşı irəli sürülmüş valyuta qaçaqmalçılığı, cinayət yoluyla əldə edilmiş vəsaitin leqallaşdırılması və s. ittihamları təsdiqləyəcək bircə sübut-dəlil ortaya qoyulmayıb. O, “AbzasMedia” əməkdaşları ilə əlbir olub cinayət törətməkdə suçlansa da, bu əlbirliyi və əməkdaşlığı sübut edən fakt yoxdur.

“Sadəcə, onu həbs eləmək lazım olub”

F.Mehralızadənin özünün 9 il azadlıqdan məhrum edilməsilə yanaşı, avtomobilinin də müsadirə olunduğunu yada salan vəkillər vurğulayıb ki, onun cinayət yolu ilə əldə edilmiş əmlak kimi təqdim olunması absurddur. Çünki o, peşəkar iqtisadçıdır, rəsmi qaydada bankda çalışırdı və kifayət qədər əməkhaqqı alırdı. Onun aldığı əməkhaqqı həmin avtomobili əldə etmək üçün yetərli idi.

“Heç özlərinə əziyyət verib sübut toplamağa da çalışmayıblar. Çünki özləri də əmin idilər ki, Fərid Mehralızadənin “AbzasMedia” ilə əlaqəsi yoxdur. Sadəcə, onu həbs eləmək lazım olub, bu işə qoşublar”, – vəkil Xaliq Hüseynov bildirib.

Fərid Mehralızadə həbsdə də hökumətin dediyini ifşa edir
Gözlə

No media source currently available

0:00 0:06:55 0:00

Digər vəkil Cavad Cavadov vurğulayıb ki, bu cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin heç biri F.Mehralızadənin əleyhinə ifadə verməyib. Yazışmalarda da onun adı keçmir: “Bu adamla bağlı heç bir fakt yoxdur ki, ondan yapışıb, bu işə qoşasan. Heç nə yoxdur”.

Müdafiçilər yada salıb ki, F.Mehralızadə iqtisadçı ekspert kimi müxtəlif media orqanlarına müsahibələr verib, iqtisadi mövzuda araşdırmalar hazırlayırdı. Onun araşdırmaları əməkdaşlıq etdiyi AzadlıqRadiosunda yayımlanırdı.

“Bu ittihamların mənə heç bir aidiyyəti yoxdur”

F.Mehralızadə özü də AzadlıqRadiosundakı iqtisadi araşdırmalarına görə cəzalandırıldığını düşünür. O, çıxışında vurğulayıb ki, siyasətçi olmayıb, iqtisadi sahədə analitik yazılar hazırlayıb. Yeganə versiyası da budur ki, həbsinin səbəbi həmin materiallardır.

“AbzasMedia” ilə bağlı cinayət işi üzrə təqsirləndirilməsinə gəlincə, o bildirib ki, heç vaxt bu nəşrin əməkdaşı olmayıb:

“Özümü nədən müdafiə edəcəyimi də bilmirəm. Çünki bu ittihamların mənə heç bir aidiyyəti yoxdur. İki dəfə ekspert kimi, “Abzas”a müsahibə vermişəm, vəssalam. Buna görə pul da almamışam. Əgər “Abzas”ın əməkdaşı olsaydım, düşünərdim ki, digərləri kimi, məni də həbs eləyirlər, buna təəccüblənməzdim. Mən AzadlıqRadiosunun əməkdaşı olmuşam, iqtisadi araşdırmalarım orada yayımlanıb”.

“Düşünürdüm ki, mənim də işimi ayıracaqlar, amma ayırmadılar”

F.Mehralızadə düşünür ki, həbsinə qərar veriləndə “AbzasMedia” ilə bağlı açıq cinayət işi olub, onu da həmin işə qoşublar. O, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli və “Meclis.info” saytının rəhbəri İmran Əliyevin də 2024-cü ilin aprelində həbs olunarkən öncə “AbzasMedia” işi üzrə təqsirləndirildiyini yada salıb. Sonradan onların işi ayrılıb: “Düşünürdüm ki, mənim də işimi ayıracaqlar, amma ayırmadılar”.

F.Mehralızadə çıxışının sonunda deyib ki, aşağı instansiyalardan fərqli olaraq, Ali Məhkəmənin ədalətli qərar verəcəyinə və buradan çıxıb evinə gedəcəyinə ümid edir.

Bu iş üzrə zərərçəkmiş qismində tanınan Dövlət Vergi Xidmətinin nümayəndəsi və prokuror bildirib ki, növbəti məhkəmə iclasında çıxış edəcəklər.

Hakim də deyib ki, bu cinayət işi üzrə 7 nəfər təqsirləndirilən şəxs var. Növbəti dəfə onların iştirakıyla məhkəmə keçiriləcək.

Növbəti məhkəmə iclası isə martın 13-nə təyin olunub.

Xatırlatma

“AbzasMedia” nəşri ilə bağlı həbslər 2023-cü ilin noyabrında başlayıb. Amma Fərid Mehralızadə 2024-cü il mayın 30-da saxlanılıb.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu cinayət işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı (Abbasova), “Turan” informasiya agentliyinin redaktoru, araşdırmaçı-jurnalist Hafiz Babalı və AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadənin hər biri 9 il, jurnalistlər Nərgiz AbsalamovaElnarə Qasımova 8 il, “AbzasMedia”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq, cinayət yolu ilə əldə edilmiış əmlakın leqallaşdırılması, vergidən yayınma və s. əməllərdə ittiham ediliblər. Jurnalistlər və müdafiəçiləri bu ittihamları rədd edib, ortaya tutarlı sübut qoyulmadığını bildiriblər.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamıyla həbs olunub. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 340 siyasi məhbus var.

Hökumət təmsilçiləri isə bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyətinə görə, siyasi səbəblərlə həbs edilmir. Onlar iddia edir ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar.

Beynəlxalq insan haqları təşkilatları hökuməti haqsız tutulanları azad etməyə çağırıb.

XS
SM
MD
LG