Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:56

'Femen'in birinci ledisinin 'sekstremist' etirazları


Anzhelina Diash: «Sadəcə, düşünürəm ki, bəzi adamlar çox mühafizəkardırlar»
Anzhelina Diash: «Sadəcə, düşünürəm ki, bəzi adamlar çox mühafizəkardırlar»

Anzhelina Diash «Femen» etiraz qrupunun üzvüdür. O bu yaxınlarda ictimai fəallığına görə Kiyevdəki uşaq bağçalarından birində iş yerini itirib.

Onun işdən qovulması Çexiya prezidenti Miloš Zeman-a etirazdan sonra baş verib. Diash «Femen»in tərzinə uyğun, açıq sinəsinin üzərinə «Zeman Putin-in fahişəsi» sözlərini yazıb və eyni şüarı qışqıraraq Praqada səsverməyə gəlmiş Zeman-ın qarşısına çıxıb.

«Mən «Femen»ə görə işdən qovulmuşam. Bilirəm ki, bəzi uşaqların valideynləri «Femen»dəki fəaliyyətimdən utanırdılar və narazı idilər», – Diash deyir.

İş yerlərini itirir, amma...

Əslən Ukraynanın qərbindəki Xmelnitsk şəhərindən olan qız bundan başqa bir internet nəşrindəki işindən də qovulub. O bu saytda modadan yazır, restoranlara rəy bildirirmiş.

«Sadəcə, düşünürəm ki, bəzi adamlar çox mühafizəkardırlar», – o deyir.

Ancaq Diash peşəkar sahədəki bütün problemlərə baxmayaraq, «Femen»dəki fəaliyyətini davam etdirmək fikrindədir.

Diash artıq səkkiz ildir öz yarıçılpaq etirazlarını «sekstremist» adlandıran «Femen» qrupunun tərkibindədir:

«Dərimin rənginə görə öz hüquqlarım uğrunda vuruşmağa öyrəncəliyəm. Kiyevin küçələrində qara qız görmək çox nadir hadisədir. Düzgün şeylər uğrunda vuruşmaq qanımdadır. Buna görə də «Femen» əsl mənlikdir».

Diash-ın atası Anqoladan Ukraynaya tibb təhsili almağa gəlib, burada onun ukraynalı anası ilə tanış olub və evlənib.

Anzhelina Diash
Anzhelina Diash

Diash Şərqi Avropanın rəhbərlərinə qarşı keçirilən bir neçə əməliyyatı uğurla gerçəkləşdirib.

«Diktatorlar dostlarımız deyil»

Zeman-ın Putin-lə həddindən artıq yaxın münasibətlərinə etiraz etməzdən öncə Diash ötən ilin iyulunda Kiyevdə ukraynalı həmkarı Petro Poroshenko ilə görüşən Belarus prezidenti Alyaksandr Lukashenka-ya etiraz edib.

«Biz demokratiyanı təbliğ edirik və hesab edirik ki, prezidentimiz Lukashenka kimi adamlarla görüşməməli, bu adamla hər hansı sövdələşmələrə getməməlidir. Bu aksiya Ukraynanın bir diktatorla hər hansı münasibətə girməsinə qarşı idi. Əgər siz azad və demokratik ölkədə yaşamaq istəyirsinizsə, diktatorlar bizim dostlarımız deyil», – o deyir.

Lukashenka-ya qarşı etirazdan sonra Diash xuliqanlıqda və polisə müqavimət göstərməkdə ittiham olunub. Günahı sübut olunarsa, onu beş ilədək həbs cəzası gözləyə bilər.

«Bizim missiyamız etirazdır! Silahımız çılpaq döşlərimizdir», – «Femen» öz saytında belə yazıb.

Diash-ın sözlərinə görə, o, Zeman-a etirazdan sonra sosial mediada çexlərdən yüzlərlə mesaj alıb. Onlar bu etirazı dəstəklədiklərini yazıblar.

Prezidentə lüt etiraz - Çexiyada
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Çexiyaya girişinə birillik qadağa qoyulub

Bu hadisəyə görə Praqada ikigünlük həbs olunan Diash çex polisinin kobud davranışından şikayətlənir. O, yanvarın 14-də məhkəmə qərarı ilə buraxılıb. Bundan sonra onun ölkədən çıxmasına üç gün vaxt verilib və Çexiyaya girişinə birillik qadağa qoyulub.

«Biz ...bilirdik ki, Zeman Ukraynanı dəstəkləmir. O, Rusiyanı və diktator Putin-i dəstəkləyir», - Diash deyir. Onun sözlərinə görə, Zeman-ın Krım yarımadasının Rusiyaya məxsus olmasını deməsi «Femen»i qəzəbləndirib.

«Biz öyrəndik ki, Zeman növbəti dəfə prezident olmaq istəyir və nəsə etmək qərarına gəldik. Çexlərə demək istədik ki, baxın, əgər siz bu adamı öz prezidentiniz kimi görmək istəyirsinizsə, bu, ölkəniz üçün təhlükəli ola bilər», - o deyir. Özünü jurnalist kimi qələmə verən Diash digər mətbuat nümayəndələrinin arasında dayanıb və 73 yaşlı prezident gələndə onun qarşısına çıxaraq köynəyini çıxarıb.

Diash-ın etirazından sonra Zeman «Femen»in hədəfinə çevrilməkdən qürur duyduğunu deyib. O, «Femen»in Vatikanda katolik kilsəsini də hədəfə aldığını xatırladıb.

Diash-ın ən məşhur etirazı Xarkovda Dünya Kubokunun seçim mərhələsi çərçivəsində Ukrayna-Türkiyə oyunu zamanı qəfildən meydana sıçrayaraq, çılpaq sinəsində yazılmış «Erdoğan qatildir» şüarını nümayiş etdirməsi olub.

Bundan başqa o, Poroshenko və onun «Roshen» şokolad imperiyasına və ABŞ prezidenti Donald Trump-a qarşı da etiraz aksiyaları keçirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG