Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 10:45

Faiq Əmirli ev dustaqlığına buraxılmadı [video]


Faiq Əmirli həbsdə qaldı
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

Faiq Əmirli həbsdə qaldı

Fevralın 8-də Nəsimi Rayon Məhkəməsində AXCP sədrinin köməkçisi, «Azadlıq» qəzetinin yayım direktoru Faiq Əmirlinin səhhətindəki problemlərlə əlaqədar həbsdən ev dustaqlığına buraxılması haqda vəsatətə baxılıb.

Qapalı keçirilən məhkəmədə Faiq Əmirli özü də iştirak edib.

Nəsimi Rayon Məhkəməsinin icraçıları Faiq Əmirlinin məhkəməsinə gələnlərə qarşı kobudluq ediblər. Adamların nəinki məhkəmə binasının dəhlizində, hətta həyətində də dayanmasına imkan verilməyib. Prosesi izləməyə gələnlər, o cümlədən jurnalistlər zorla məhkəmənin həyətindən də çıxarılıb.

Buna da bax: Faiq Əmirlinin səhhəti pisləşib

“CİBİNDƏ TORBA GƏZDİRİR”

Vəkil Aqil Layıcov məhkəmədən sonra AzadlıqRadiosu-na bildirib ki, Faiq Əmirlinin həbsdən buraxılması üçün yetərincə əsaslar olmasına baxmayaraq, vəsatət təmin olunmayıb:

"Biz vəsatətimizi yetərincə əsaslandırmışdıq. Biz bir Quranlıq söz danışıb, Faiq Əmirlinin həbsdən buraxılmasının zəruriliyini məhkəmənin nəzərinə çatdırdıq. Amma hakim bütün bunları nəzərə almadı. Prokurorluq nümayəndəsi bizim arqumentlərimizin qarşılığında bir kəlmə "vəsatət təmin olunmasın" deməklə kifayətləndi. Məhkəmə də onların mövqeyinə uyğun qərar verdi. Gərək bundan sonra həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün bundan sonra məhkəməyə yox, prokurorluğa müraciət edək. Çünki bu tip işlərdə qərarı onlar verir".

Aqil Layıcov bildirib ki, Nəsimi Rayon Məhkəməsinin bugünkü qərarından apellyasiya şikayəti veriləcək. Çünki Faiq Əmirlinin vəziyyəti yaxşı deyil: "Təsəvvür edin, adam yediyini o qədər tez-tez qaytarır ki, cibində torba gəzdirir".

Buna da bax: Qırmızı Xaç Faiq Əmirli ilə maraqlanıb

“YEMƏK QIZDIRMAĞA ŞƏRAİT YOXDU”

Məhkəmədə Faiq Əmirli özü səhhətindəki problemlərdən danışıb. Bildirib ki, səhhətindəki problemlərin əsas səbəbi normal qidalana bilməməsidi: "Təcridxanada verilən yeməklər keyfiyyətsizdir. Evdən isə mədəsi problemli adamlar üçün zəruri olan gündəlik duru yeməklər gətirmək olmur, yeməkləri qızdırmağa şərait yoxdu".

Qəbul etdiyi dərmanların da nəticəsi olmadığını deyən Faiq Əmirli həbsdən buraxılması haqda qərar çıxarılmasını istəyib.

Həyat yoldaşı Lalə Əmirli də deyir ki, təcridxanada Faiqə lazımi tibbi yardım göstərilmir:

Buna da bax: 'Azadlıq'ın baş redaktor müavini prokurorluqda dindirilib

"Bu adam günlərlə qida qəbul edə bilmir. Gəlib Ultrasəs müayinəsindən keçiriblər, deyiblər ki, ödündə qalınlaşma gedir. Vəssalam. Heç bir dava-dərman yoxdu".

XATIRLATMA

F.Əmirli ötən il avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar vermişdi. Sonradan onun həbs müddəti yenidən artırılıb. O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanı onu ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edib.

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır, hakimiyyətin bununla rəqiblərini sıradan çıxarmağa çalışdığını bildirir.

F.Əmirlinin həbsindən bir müddət sonra «Azadlıq» qəzetinin çapı da dayanıb.

Türkiyə rəsmiləri Fethullah Gülen-i ötən il iyulun 15-də bu ölkədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırırlar. Onun özü isə bu iddiaları yalanlayıb.

XS
SM
MD
LG