Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 10:27

«The Financial Times» qəzeti yazır ki, sosial şəbəkələrin açıqlığı kreativliyə şərait yaratsa da, istismara yol aça bilir.

Facebook və Twitter-də çoxsaylı iri və xırda qalmaqalların ardı-arası kəsilmir. Rusların ABŞ seçkilərinə müdaxiləsindən tutmuş kiminsə ekstremistlər və pornoqrafiya yayanların qurbanı olmasına qədər.

«TOPLUMUN FACİƏSİ»

YouTube-da reklamla müşayiət olunan ekstremist videoları yerləşdirilmişdi. Üstündən aylar keçəndən sonra reklam sifarişçiləri YouTube-a öz etirazlarını bildirmiş, «Diageo» və «Mars» kimi iri şirkətlər reklamlarını geri götürməli olmuşdular.

Hər belə qalmaqalın ardınca sosial şəbəkələrə xəbər qurumu kimi yanaşılması çağırışları səslənir. Hər çağırışdan sonra sosial şəbəkələr öz istifadəçi standartlarını daha da sərtləşdirir və kontentə nəzarət edən əməkdaşlarının sayını artırır. Facebook gələn il özünün senzura bölməsi olan «icma əməliyyatları» üçün 20 min adamı işə götürməyi planlaşdırır.

Müəllif John Gapper yazır ki, Facebook sadəcə 2.1 milyard oxucusu olan qəzet deyil. Ancaq platforma olması onu məsuliyyətdən yayındırmır, əksinə, bu yükü daha da artırır.

Rusiyanın yerləşdirdiyi siyasi reklamlar, ekstremist videolar, saxta xəbərlər və ictimai resursları çirkləndirən digər amillər kontekstində ağla gələn ifadə «toplumun faciəsidir». Bütöv icmaların paylaşdığı açıq ekosistemlər adətən çirkləndirilir.

Hər belə qalmaqal yarandıqca, sosial şəbəkələr redaktə və kontentin monitorinqi işini daha da sərtləşdirəcək, bu isə onların mahiyyətini dəyişdirəcək.

AÇIQ VƏ PULSUZ OTLAQ

1968-ci ildə «toplumun faciəsi» terminini gündəmə gətirmiş amerikalı ekoloq və filosof Garrett Hardin xəbərdar etmişdi ki, «toplumun mahiyyəti amansızcasına faciə doğurur». «Bütün insanların tələsdiyi mənzilbaşı xarabalıqdır. Toplumun azadlığına inanan cəmiyyətdə onların hər biri öz marağını düşünür», – filosofun bədbin proqnozunda deyilir.

Garrett Hardin-in irəli sürdüyü məşhur misalsa otlaqla bağlıdır. Müəyyən sayda fermer eyni açıq və pulsuz otlaqdan istifadə edir. (Onların hər biri öz qoyunlarını təyin olunmuş vaxt ərzində otararsa, bütün icma bu otlaqdan yararlana bilər. Əks halda, otlaq istifadəyə yararsız olacaq. Fermer və çobanlarınsa bəziləri vəziyyətdən sui-istifadə edərək, öz qoyunlarını daha uzun müddət otarır və otlaq yararsız hala düşür. - tərc.) Filosof həmçinin, yaratdıqları tullantıları təmizləməkdənsə, kanalizasiya, kimyəvi və s. tullantılarla ətraf mühiti çirkləndirən şirkətləri də misal çəkir. Rasional şəkildə öz marağını güdmək ümumun ziyanınadır.

Sosial şəbəkələr də bu təhlükə ilə üzləşir. Onlar yüz milyonlarla insana «istifadəçi kontenti» yaymaq, bir-biri ilə ünsiyyətdə olmaq imkanı verən ortam kimi fəaliyyət göstərir. Ancaq insanlar və qurumlar bu pulsuz resursdan çirkli niyyətlər üçün yararlanırlar. Bu, rəqəmsal ortamı çirkləndirənlər, «otlaq»dan sui-istifadə edənlərdir.

Hardin-in qeyd etdiyi kimi, bu, qaçılmazdır. YouTube yaradıcılığın inkişafına əyləncə sferasının yarada bilmədiyi imkanları yaradır. Ancaq o, həm də pornoqrafiya və terror təbliğatı yayanların alətinə çevrilir.

TEXNİKİ HƏLL YOXDUR

Hardin özünün «ortama» pessimist yanaşmasında qeyd edirdi ki, bunun texniki həlli yoxdur və yeganə çıxış yolu «çoxluğun qarşılıqlı şəkildə razılaşdığı qarşılıqlı nəzarətdir». Bu isə Facebook, Twitter və YouTube kimi şəbəkələrin açıqlıqdan çox, daha sərt istifadə və davranış qaydaları tətbiq etməsi deməkdir.

Müəllif yazır ki, sosial şəbəkələrin özləri buna dirəniş göstərir. Çünki onlar «toplum» halında qalmaq istəyirlər. Ancaq hər qalmaqaldan sonra qaydalarını sərtləşdirmələri bir gün onların mahiyyətini dəyişə bilər.

Hardin-in düşüncəsinə rəğmən, onlar texniki həll yolu da tapıblar: süni zəka müəllif hüquqları pozuntularını hətta istifadəçilərdən də qabaq aşkarlaya bilir.

YouTube-da paylaşılmış ekstremist videoların 75%-dən çoxu alqoritmlər tərəfindən silinib. Facebook-sa İŞİD və «Əl-Qaidə» ilə bağlı videoların 99%-ni aşkar edərək silib. Bu, bir növ Hardin-in dediyi otlağın ətrafında istismarçıları içəri buraxmayan avtomatlaşdırılmış hasarın çəkilməsinə bənzəyir.

«Ancaq maşınlar hər şeyi həll edə bilməz. Onlar bütün yaramazları aradan götürə bilsə, onda ortam tamamilə başqa bir şeyə çevriləcək. Azad cəmiyyət ideyası cəlbedici olsa da, utopiyalar daim həssasdır», – məqalədə deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG