Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Facebook-da şərh yazandan bir gün sonra 'polislər birbaşa evə gəldilər'


Facebook
Facebook

«Evdə vəziyyət çox pis idi. Problemlər yığılıb qalıb, az qala, acından ölürdük. Belə bir vəziyyətdə hisslərə qapılıb yazmışdım. Amma yazdıqlarımda söyüş yox idi. Bir neçə nəfərin adını çəkib yazmışdım ki, «bunlar xalqın malıyla kef eləyir, yetim-yesir acından ölür, haramları olsun». Bir gün sonra polislər birbaşa evə gəlmişdilər», – Bakıdakı şadlıq evlərindən birində ofisiant işləyən 23 yaşlı gənc AzadlıqRadiosuna həbs olunmasından danışır.

Deyir, eyni hadisələrin təkrarlanması, xəstə anasının yenidən stress keçirməsindən ehtiyatlandığı üçün adının çəkilməsini istəmir. O, bir müddət öncə Yasamal Rayon Məhkəməsinin qərarıyla 10 gün inzibati həbs cəzası alıb. Rəsmi səbəb budur ki, polisin qanuni tələbinə tabe olmayıb, müqavimət göstərib. Ancaq özü hesab edir ki, Facebook-da səhifələrdən birində yazdığı şərhə görə cəzalandırılıb. Şərh də hakim ailə barədə paylaşıma yazılıb:

«Öz ayağımla getmişəm, nə müqavimət? «Uçastkovı» evimizə gəlib ki, guya, məhəllədə bir nəfər haqqında məndən nəsə soruşacaq. Getdim, bölməyə apardılar, oradan da məhkəməyə. Məhkəmədə hakimə də dedim ki, mənim heç bir günahım yoxdur, evdə xəstə anam var, xahiş edirəm, buraxın gedim. Qayıtdı ki, «onda dinc oturaydın, elə anana görə sənə 30 yox, 10 sutka verirəm»».

Danışır ki, ondan əvvəl bibisi oğlunun da başına bənzər hadisə gəlmişdi. O, internet televiziyalardan birinin küçədə keçirdiyi sorğuya cavabında polisin fəaliyyətini tənqid etdiyinə görə iki gün sonra onu iş yerindən tutub aparmışdılar: «Qohumlardan biri tanış tapdı, onun vasitəsilə birtəhər qurtarmaq mümkün oldu».

R.Məmmədli
R.Məmmədli

«Valideynləri icazə vermədi»

İctimai fəal Rövşən Məmmədli də bildirir ki, 2017-ci ildə ona verilmiş 30 sutkalıq həbs cəzasını çəkərkən təcridxanada sosial şəbəkələrdəki yazılarına görə tutulan xeyli adam görüb. Rövşən özü də İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddəsiylə təqsirləndirilsə də, həbsinin əsl səbəbinin ilahiyyatçı Taleh Bağırov haqqındakı yazıları olduğunu söyləyirdi.

R.Məmmədlinin fikrincə, Facebook-da yaydığı fikirlərinə görə hәbs olunanların az bir qismi ictimailəşir:

«Çoxu ictimailәşdirmәk istəmir - bәzilәri qorxudan, bәzilәri bunda maraqsız olduqlarından, bәzilәri də işi uzatmaq istәmәdiklәrindәn. Mәsәlәn, mәnimlә bir kamerada Murad adlı oğlan var idi, hansısa statusları bәyәndiyinә görә saxlanılmışdı. 4-cü kurs tәlәbәsi idi. Hәbs olunduğuna görә semestr imtahanlarında da iştirak edә bilmәdi. Özü vәkil tutmaq, işi davam etdirmәk istәsә dә, valideynlәri icazә vermәmişdi».

Vəkil Yalçın İmanov da danışır ki, Binəqədidə inzibati xətalara görə həbs olunanların saxlandığı təcridxanada hüquqlarını müdafiə etdiyi şəxslərlə görüşəndə sosial şəbəkələrdəki fəaliyyətinə görə tutulduğunu deyən bir çox gənclər görüb: «Əhsən Nuruzadə və bir neçə başqa müvəkkillərimlə görüşmək üçün təcridxanaya gedəndə orada belə adamlarla qarşılaşmışam. Əksəriyyəti də xüsusi ictimai-siyasi fəallığı olmayan, sadəcə, sosial şəbəkədə narazılığını hansısa formada ifadə etmiş sıradan gənclər idi».

Ə.Nuriyev
Ə.Nuriyev

İstirahət hüququnu pozduğuna görə saxlananlar var

«Konstitusiya» Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev isə bildirir ki, illərdir həbs yerlərində, təcridxanalarda monitorinq aparır, ancaq sosial şəbəkələrdə yazdıqlarına görə həbs edilən şəxslə qarşılaşmayıb. Eyni zamanda, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü olan Ə.Nuriyev inzibati həbs cəzası alanların saxlandığı təcridxanaya da mütəmadi baxış keçirdiyini söyləyir:

«İnzibati qaydada saxlanılanların əksəriyyəti adətən avtoxuliqanlığa, aliment ödənişiylə bağlı məhkəmə qərarını icra etməməyə, vəzifəli şəxsə, polisə müqavimət göstərməyə görə cəzalandırılanlar olur. Bir də, son vaxtlar ətrafdakıların istirahət hüququnu pozmağa görə cəzalandırılanlar var».

Bölgələrdə inzibati qaydada həbs olunanlar cəzalarını polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarında çəkirlər. Ə.Nuriyev deyir ki, bu yaxınlarda cənub bölgəsinə səfəri zamanı bir çox rayonların polis şöbələrindəki müvəqqəti saxlama yerlərinə baxış keçirib. Orada da sosial şəbəkələrdə fəaliyyətinə görə saxlanılan şəxsə rast gəlməyib.

Rəsmilər də Azərbaycanda heç kimin yazılarına görə cəzalandırılmadığını, həbsdəki jurnalist və bloqqerlərin konkret cinayət əməllərinə görə cəzalandırıldığını iddia edir.

R.Cəfərov
R.Cəfərov

Dilemma

Ancaq İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov deyir ki, təkcə Bakıda yox, bölgələrdə də nəinki sosial şəbəkələrdəki yazısına, hətta haqqının pozulmasına, hansısa qərara etiraz etdiyinə görə həbs olunanlar barədə tez-tez məlumat alırlar. Hüquq müdafiəçisinin sözlərinə görə, bir çox hallarda cəzalandırılanlar ictimai-siyasi proseslərdən uzaq adamlar olurlar. R.Cəfərov deyir ki, əksəriyyətinin də ya özü, ya da qohumları məsələnin ictimailəşməsini istəmir: «Hədələyirlər ki, dərinə getsən, haqqında cinayət işi başlanar, illərlə həbsdə çürüyərsən. İşgəncə ilə hədələnənlər də olur. Adamlar da fikirləşir ki, 20-30 günü başa vurum, canım qurtarsın».

R.Cəfərovun da üzv olduğu Vahid siyasi məhbus siyahısının hazırlanması üzrə İşçi Qrup bu qəbildən olan adamlarla bağlı araşdırma aparmır. Hüquq müdafiəçisi deyir ki, bunun da obyektiv səbəbləri var: «Birincisi, resurs çatışmazlığıdır. Bu qədər problemlərin qarşısında 3-4 nəfər adam çox azdır. İkincisi, biz dilemma qarşısında qalırıq. Adamlar ictimailəşməsini istəmir, biz də onların vəziyyətini ağırlaşdırmaqdan ehtiyatlanırıq».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG