Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:48

Zöhrab İsmayıl haqda rəy həbsdəki jurnalistin işində nə gəzir


Əziz Orucov
Əziz Orucov

«Kanal 13» internet televiziyasının icraçı direktoru Əziz Orucovun 6 il azadlıqdan məhrum edilməsi haqda hökm qüvvədə saxlanıldı. Fevralın 20-də Bakı Apellyasiya Məhkəməsində Əmir Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası belə qərar çıxarıb.

Qərar elan olunmamışdan öncə jurnalistin vəkili Cavad Cavadov bir sıra məsələlərin aydınlaşdırılmasını istəyib. Vəkil deyir ki, cinayət işinin materiallarında Ədliyyə və Vergilər nazirliklərinin, eləcə də QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşlarının birgə rəyi var:

«Bu rəy guya Əziz Orucov haqda verilib, amma içində iqtisadçı Zöhrab İsmayılın adıdır. Bu da o deməkdir ki, Zöhrab İsmayılla bağlı rəyin üstündə işləyiblər. Başqa biri haqqında rəyi götürüb bu işə əlavə ediblər».

«Onsuz da heç nə eləməyəcəksiz»

C.Cavadov rəy vermiş ekspertlərin dindirilməsini istəyib.

Vəkilin daha bir vəsatəti isə Ə.Orucovun Almaniyada yaşayan qardaşı Anar Orucovun dindirilməsi haqda olub. Müdafiəçi deyir ki, iş materiallarında «Qafqaz Media Tədqiqatları Mərkəzi» İctimai Birliyinin rəhbəri kimi Ə.Orucov göstərilib və bu təşkilata görə ona ittiham verilib. Ancaq bütün rəsmi sənədlərdə də, faktiki fəaliyyətdə də o təşkilatın rəhbəri Əzizin hazırda Almaniyada yaşayan qardaşı Anar Orucov olub.

***Buna da bax-'Bir qardaşın təşkilatına görə o birinə ittiham verilib'

C.Cavadov həmçinin, Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi haqda vəsatət qaldırıb. Amma vəsatətlərin heç biri təmin olunmayıb.

Hakim Ə.Orucovdan narazı olduğu məsələlər haqda soruşanda jurnalist belə cavab verib: «Narazı olduğum məsələləri sadalasam belə, onsuz da heç nə eləməyəcəksiz. Vəsatətlərimizin heç biri təmin olunmadı. Eyni şeyləri təkrarlamağımın nə mənası var? Bilirəm ki, hökmü qüvvədə saxlayacaqsız...».

Ardınca prokuror çıxış edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanmasını istəyib.

***Buna da bax-Ailəsinə Əziz Orucovla açıq görüş verilmədiyi deyilir

Bundan sonra bir neçə dəqiqəlik müşavirəyə gedib-qayıdan hakimlərin qərarı da apellyasiya şikayətinin təmin olunmaması, hökmün qüvvədə saxlanması olub.

Jurnalistin vəkili Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya şikayəti verəcək.

Xatırlatma

Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Ə.Orucov ittihamları qəbul etmir. Almaniyada mühacir olan A.Orucov da bildirib ki, qardaşı onun özünün və rəhbərlik etdiyi media orqanının tənqidçi fəaliyyətinə görə həbs olunub.

Ancaq rəsmilər ölkədə peşə fəaliyyətinə görə jurnalistlərin həbs olunması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar iddia edirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG