Özbəkistanın Fərqanə vilayətində eşşək ətini kafelərə təhvil verdiyi deyilən qrup saxlanıb.
Azadlıq Radiosunun özbək xidməti xəbər verir ki, məlumatı Respublika Prokurorluğunda da təsdiqləyiblər.
Məlumata görə, qrup üzvləri uzunqulaqları fərdi evdə kəsir, ətini Fərqanə və Taşlaq rayonlarında fəaliyyət göstərən, müştərilərə samsa (ət peraşkisinə bənzəyir) və laqman (ət yeməyi) satan kafelərə təhvil verirlərmiş.
Polis bildirir ki, eşşək əti satan qrup yerli sakinlərin şikayətindən sonra ifşa edilib.
Sakinlər gecələr onları rahatsız edən uzunqulaq anqırtısından şikayət ediblər.
Polis bildirir ki, qrupu uzunqulaqları kəsdikləri evdə yaxalayıb.
Buna da bax: Polis Cəlilabadda eşşək əti satan şəxsi saxladığını deyir
Reyd zamanı sübut kimi 140 kiloqram mənşəyi məlum olmayan ət aşkar edilərək götürülb.
Azadlıq Radiosunun özbək xidməti yazır ki, ev hündür hasarla əhatələnibmiş. Həyətdə daim itlər olarmış ki, heç kəs evə yaxınlaşa bilməsin.
Məlumata görə, eşşəkləri kəsib satan qrup 4 nəfərdən ibarət imiş.
Ötən ay isə Namanqan vilayətində eşşək əti satan qrup həbs edilmişdi.
Eşşək Özbəkistanda ən ucuz ev heyvanlarındandır. Onun qiyməti 300-500 somdur (35-60 dollar).
Yəni inəkdən 4 dəfə ucuz.
AzadlıqRadiosunun özbək xidmətinə bundan əvvəl daxil olmuş başqa bir məlumatda eşşək ətinin kolbasa istehsalında istifadə olunduğu iddia edilirdi.
Buna da bax: Tacikistanda eşşək ovu artıb - əti yeyilməsə də...