Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:46

Tacikistanda eşşək ovu artıb - əti yeyilməsə də...


Tacikistanda ulaqlar ölü tapılır...
Tacikistanda ulaqlar ölü tapılır...

Gulsumoh Sharbatova iki aydır ki, eşşəyinin üzünü görmür. Başqa vaxt bundan çox da narahat olmazdı. Ancaq indi xəbər yayılıb ki, Tacikistanda ulaqlar ölü tapılır. Onların başsız və dərisi soyulmuş cəmdəyi çürüməyə buraxılır.

Xatlon əyalətinin Bulakdəşt kəndindən olan evdar qadın əvvəl buna çox da fikir vermədiyini deyir. Onun sözlərinə görə, bu dağlıq ərazinin camaatı, adətən, iş çox olmayanda eşşəklərini otlağa buraxır. İndi yaz əkinləri başladığından iş çoxalıb. Sharbatova oğlunu heyvan bazarına göndərir ki, bəlkə eşşəyi oralarda görən ola.

Buna da bax:​ Taciklər çinlilərə uzunqulaq satmaq istəmirlər

JELATİNDƏN İSTİFADƏ OLUNUR

Ən pis ssenari odur ki, eşşək pis niyyətli adamların əlinə keçib, onlar onun ətini və başqa hissələrini Çindən gələn alıcılara satıblar. Çində eşşəklərə tələbat sürətlə artmaqdadır. Onların dərisindəki jelatindən Çin xalq təbabətində istifadə olunur. Burada ondan ejiao adlı dərman vasitəsi düzəldilir.

Bu məsələ yanvarda gündəmə gəlib. Həmin vaxt internetdə Tacikistanın şimalındakı Suğd əyalətində başı kəsilmiş və dərisi soyulmuş eşşək cəmdəklərinin çay kənarına atılmasını göstərən video yayılmışdı.

Bunun ardınca Tacikistan – Qırğızıstan sərhədində onlarla eşşək cəmdəyinin yükləndiyi yük maşınları saxlanıb. Bu isə Tacikistanda eşşək ətinin qeyri-qanuni satıldığı barədə şayiələrə yol açıb. Polis məsələni araşdırmağa başlayıb.

Araşdırma nəticəsində müəyyən edilib ki, həqiqətən də fərdi dəllallar eşşək gönünü Qırğızıstan ərazisindən keçməklə Tacikistandan Çinə aparırlar.

Buna da bax: Görəndə ki eşşəyini kəsib əsgərlərə yediriblər...

Öldürülən heyvanların ətinin ölkənin qida bazarına daxil olması haqda şayiələr gəzir. Tacik ənənələrinə görə, eşşək əti yeyilmir. Ancaq insanları həm də işin sağlamlıq və heyvanlarla qəddar davranış tərəfləri narahat edir.

EŞŞƏKLƏRLƏ BAĞLI BİRBAŞA QANUN YOXDUR

Eşşək gönünün və başqa bədən hissələrinin satılmasını yasaqlayan qanunlar olmadığından, polis və müfəttişlər çox zaman sanitar və s. qaydaların pozulmasına istinad etməklə belə sövdələşmələri əngəlləyə bilirlər.

Məsələn, ilin əvvəlində ölkənin şimalında 130 eşşəyi daşıyan yük maşını saxlanılarkən, baytarlıq idarəsinin xüsusi icazəsinin olmaması əsas gətirilərək maşın müsadirə edilmişdi.

Ancaq istintaqa yaxın mənbənin AzadlıqRadiosu-nun tacik xidmətinə bildirdiyinə görə, polis həmin ərazidə 40 eşşəyin öldürülərək dərisinin soyulmasını qeydə alsa da, dərhal tədbir görə bilməyib.

Buna da bax:​ At və uzunqulaq əti satan şəxs həbs olunub

Suğd əyalətində yaşayan hüquqşünas Bakhtiyor Nasrulloev deyir ki, tacik qanunları ölkədə nəsli kəsilmək üzrə olan heyvanların öldürülməsini qadağan edir. Ancaq Tacikistanda təsərrüfatlarda geniş istifadə olunan eşşəklər bu kateqoriyaya daxil deyil. Ölkədə onların ümumi sayının 185 mini keçdiyi bildirilir.

Hüquqşünasın sözlərinə görə, eşşəklərin öldürülməsini yasaqlayan qanun olmadığından, bu halları önləməkdən ötrü heyvanlara qəddarlığı qadağan edən qanunlara istinad etmək olar.

Tacikistan (xəritə)
Tacikistan (xəritə)

EŞŞƏYİN QİYMƏTİ 2 DƏFƏ ARTIB

Nasrulloev bu dəhşətli halın qarşısını almağa çağıran yeganə şəxs deyil. Yanvarda dövlət baytarlıq agentliyi baş nazirin müavininə məktubla müraciət edib. Agentlik məktubda eşşəklərin öldürülərək dərilərinin soyulması hallarını sadaladıqdan sonra hökuməti ədaləti bərpa etməyə, bu qeyri-qanuni ticarəti qadağan etməyə, yaxud da tənzimləməyə çağırıb.

Buna da bax:​ Dünyada eşşək biznesi

Məktubda hətta ölkənin daxili işlər nazirliyi və dövlət təhlükəsizlik komitəsinin də preventiv tədbirlər görərək günahkarları cəzalandırmasının zəruriliyi vurğulanıb.

Bütün bunlarla yanaşı, Tacikistan bazarında eşşəklərin qiyməti iki dəfə, bəzi hallarda, hətta dörd dəfə artıb. Bu artım kəndlilər üçün gözlənilməz olub.

"Alıcılar deyirlər ki, eşşəkləri kəsərək dərilərini Çinə satmaq üçün alırlar", – ölkənin şimalındakı Basmanda kəndinin sakini Sharif Nazarov deyir. Onun sözlərinə görə, cavan, güclü eşşəyi indi təqribən 240 dolara satmaq olar. Bir il əvvəl qiymət 120 dollar civarında idi.

Buna da bax:​ Statistika Komitəsi xaricdən 4500 dollara eşşək alınmasına aydınlıq gətirib

Xatırladaq ki, Tacikistan dünyanın ən yoxsul ölkələrindəndir. Ölkədə adambaşına ÜDM 3 min dollar təşkil edir. Əhalinin 36 faizi isə yoxsulluq həddindən aşağı yaşayır. Bu səbəbdən hökumətin çiçəklənən bazarı bağlamaq istəməsi bir qədər şübhə doğurur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG