Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Ermənistanda yezidi haqlarının müdafiəçisi mühakimə edilir


Saşik Sultanyan
Saşik Sultanyan

Ermənistanda yezidi milli azlığının nümayəndəsi olan insan haqları fəalına qarşı ziddiyyətli məhkəmə prosesi başlanıb.

Fəal müsahibələrindən birinə görə mühakimə olunur və bununla bağlı beynəlxalq narahatlıqlar var.

Prokurorlar Yezidi İnsan Haqları Mərkəzinin başçısı Saşik Sultanyanı “ermənilər və əsasən kürddilli dini qrup olan yezidilər arasında etnik düşmənçiliyi qızışdırmaqda” ittiham edirlər.

Sultanyana qarşı cinayət işi 2020-ci ilin oktyabrında onun Yezidinews.am saytında dərc edilmiş bir müsahibəsinə görə qaldırılıb.

Onun 6 ay müddətində ölkədən çıxmasına qadağan qoyulub.

Sözü gedən müsahibədə Sultanyan demişdi ki, yezidilər ayrıseçkiliyə məruz qoyulur, hüquqları müdafiə edilmir və onlar habelə öz dil və mədəniyyətlərini inkişaf etdirməkdən, öz dinlərinə ibadətdən məhrum olunurlar.

Fəal bunu da bildirmişdi ki, yezidilər yerli hökumət strukturlarında lazımınca təmsil olunmurlar, mülkiyyətləri ermənilər tərəfindən müsadirə olunur və icmanın iqtisadi inkişafına imkan verilmir.

Prokurorlar iddia edirlər ki, Sultanyanın bəyanatları “insan haqlarının müdafiəsi və ifadə azadlığı prinsipləri ilə təfsir edilə bilməz, çünki müsahibə reallığı əks etdirmir”.

Sultanyan israr edir ki, onun bəyanatları erməni xalqına yox, hökumətə qarşı yönəlib.

Sözü gedən müsahibə Sultanyanın öz ricası ilə elə dərc olunduğu gün silinib.

Ermənistanın ən böyük milli azlığı

Bir neçə beynəlxalq və milli insan haqları təşkilatları Sultanyana qarşı prosesi ifadə azadlığına hücum kimi pisləyiblər və bildiriblər ki, bu mühakimə azlıq hüquqlarını müdafiə edən digərlərinə neqativ təsir göstərəcək.

Avropa Şurasının insan haqları komissarı Dunya Miyatoviç ötən həftə Ermənistanın baş prokuroruna göndərdiyi məktubda yazır ki, bu ölkənin hakimiyyət orqanları insan haqları müdafiəçilərinin öz fəaliyyətlərini maneəsiz həyata keçirmələrini təmin etməlidir.

Məktubda deyilir ki, belə legitim bəyanatlar diqqəti azlıqlarla rəftar məsələsinə cəlb edir və insan haqlarının təşviq edilməsinə xidmət göstərir.

Ötən iyun ayında Human Rights Watch insan haqları təşkilatı Ermənistan hakimiyyətini Sultanyana qarşı ittihamlara xitam verilməsinə çağırmışdı.

BMT-nin, insan haqları müdafiəçiləri, azlıqların problemləri və ifadə azadlığı üzrə xüsusi məruzəçiləri də eyni istəklə Ermənistan hökumətinə müraciət etmişdilər.

Avqust ayında BMT ekspertlərinin yazdığı məktubda deyilirdi:

"Azlıqlarla rəftarla bağlı məsələnin qaldırılması nifrətin və zorakılığın qızışdırılması deyil. Biz Ermənistanı, cənab Sultanyanı və azlıqların hüquqlarını müdafiə edən başqalarını, belə görünür ki, təhdid etmək məqsədi daşıyan bu cinayət ittihamlarını ləğv etməyə çağırırıq”.

Bütün dünyada 1.5 milyon yezidinin olduğu təxmin edilir. Onların əksəriyyəti İraqın şimalında yaşayır. Suriya, Türkiyə və başqa ölkələrdə daha kiçik yezidi icmaları var. Onlar habelə diaspora şəklində Avropada da məskunlaşıblar.

Ermənistanda yaşayan yezidilərin sayı 40 min nəfər olsa da, bu, ölkənin ən böyük milli azlığı sayılır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG