Keçid linkləri

2025, 06 Dekabr, şənbə, Bakı vaxtı 13:54

Ermənistanda yük maşını sürücüləri sərhəd-keçid məntəqələrinə gedən yolları bağlayıblar


Yük maşını sürücüləri Rusiyanın Ermənistandakı səfirliyi qarşısında
Yük maşını sürücüləri Rusiyanın Ermənistandakı səfirliyi qarşısında

Oktyabrın 20-də Ermənistanda yük maşını sürücüləri "Baqrataşen", "Qoqavan" və "Bavra" sərhəd-keçid məntəqələrinə gedən yolları bağlayıblar. Bu barədə sürücülər AzadlıqRadiosunun erməni xidmətinə danışıblar.

Sürücülər Rusiyada qalma müddətinin 90 günə salınmasına etiraz edirlər. Onlar deyirlər ki, Rusiya ildə 90 gün qalmağa icazə verərsə, o zaman Ermənistan ərazisinə xarici nömrəli yük maşını buraxmayacaqlar.

Yük maşını sürücüləri həmin gün daha öncə hökumət binası, daha sonra Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Sözlərinə görə, Rusiya getdikcə daha çox sürücünün ölkəyə girişinə 3-5 illik qadağa qoyur, cərimələyir. Etirazçılar hökumətdən Rusiya ilə danışıqları sürətləndirməyi tələb edirlər. Onlar Rusiyanın ayırdığı 90 günün yarısını Yuxarı Larsda (Rusiyanın Gürcüstanla sərhəd-keçid məntəqəsi) keçirdiklərini bildirirlər.

Sürücülərin daha öncə dediklərinə görə, Moskvaya gedib qayıtmaq altı gün çəkməli olduğu halda, 20 gün çəkir, çünki yollar çox vaxt bağlı olur.

Rusiyada yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, vizasız rejim tətbiq olunan ölkələrin vətəndaşları, Rusiyada işləmirlərsə, il ərzində ölkədə yalnız 90 gün qala bilərlər. Əvvəllər bu müddət 6 ay ərzində 90 gün idi.

Sürücülər miqrant olmadıqlarını, Rusiyaya işləməyə getmədiklərini vurğulayırlar. Onlar hökumətdən Moskva ilə danışıqlar aparmağı tələb edirlər.

Hökumətin mövqeyi

İqtisadiyyat naziri Qevorq Papoyan ötən həftə etiraz edən sürücülərə deyib ki, hökumət Moskvanın onlara qarşı immiqrasiya qaydasını qaldırmasına çalışır.

Nazir jurnalistlərə bildirmişdi ki, bu məsələ Avrasiya İqtisadi Birliyində (AİB) ən yüksək səviyyədə müzakirə olunur: "Mən də bilirəm ki, 90 gün işlək seçim deyil, çünki sürücülər ildə 90 gün elə Yuxarı Larsda qala bilərlər".

Son aylar Rusiya rəsmiləri Yerevanın Avropa İttifaqına (Aİ) üzvlük niyyətinin ağır iqtisadi fəsadları barədə xəbərdarlıq səsləndiriblər. Baş nazirin müavini Aleksey Overçuk avqustun 20-də Yerevana səfərindən sonra deyib ki, nəinki Ermənistanın Rusiya bazarına tarifsiz çıxışına son qoyular, Ermənistandan yük maşınları da giriş qadağası ilə üzləşər.

Baş nazir Nikol Paşinyan isə ölkəsinin sonucda Aİ ilə AİB arasında seçim etməli olacağını deyib.

Rəsmi statistikaya görə, bu ilin birinci yarısında Rusiyanın Ermənistanın xarici ticarətində azı 35 faiz, Aİ-nin isə 12 faiz payı olub.

XS
SM
MD
LG