Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 04:31

Birgə Rusiya-Ermənistan hərbi qruplaşması təsdiqləndi


Birgə rus-erməni hərbi birləşmələri. 12Mart2016
Birgə rus-erməni hərbi birləşmələri. 12Mart2016

Ötən gün Ermənistan parlamenti birləşmiş Rusiya-Ermənistan hərbi qruplaşmasının yaradılması haqda müqaviləni təsdiqləyib. Deputatların 87 faizi müqavilənin lehinə, 7-si isə əleyhinə səs verib. Yalnız "Yelk" müxalifət fraksiyasından millət vəkilləri müqaviləyə qarşı səs veriblər.

Ötən ilin sonlarında imzalanmış sazişə görə, birləşmiş qruplaşma hər iki ölkənin vətəndaşlarını xarici və daxili təhlükələrdən qorumalı, "regionun hərbi təhlükəsizliyini təmin etməlidır".

Buna da bax:​ Ermənistan Rusiya ilə qoşun birləşməsi yaradılması sazişini ratifikasiya etdi

DAĞLIQ QARABAĞA MÜDAXİLƏ EDƏ BİLMƏYƏCƏK

Çərşənbə günü parlament müzakirələri zamanı "Yelk" fraksiyasının deputatları bildiriblər ki, bu saziş Ermənistanın suverenliyini məhdudlaşdıracaq və onun silahlı qüvvələrini Rusiyanın nəzarəti altına atacaq. Parlamentdəki iqtidar çoxluğu isə bu iddiaları rədd edib.

Ermənistan müdafiə nazirinin müavini Artak Zakarian parlament müzakirəsi zamanı təsdiqləyib ki, sözügedən Rusiya-Ermənistan hərbi qruplaşması yalnız Ermənistanın beynəlxalq qurumlar tərəfindən tanınan ərazilərini müdafiə edəcək. Bu isə o deməkdir ki, qruplaşma Dağlıq Qarabağda mümkün toqquşmalar zamanı müdaxilə edə bilməyəcək.

Parlamentdə müxalifət təmsilçiləri bildiriblər ki, Rusiya son illərdə Azərbaycana milyardlarla dollar dəyərində müasir hücum silahları satıb və ona inanmaq olmaz. Vitse-spiker Sharmazanov-sa onların bu iddialarını rədd edərək vurğulayıb ki, Ermənistanın Rusiya ilə sıx hərbi bağlarının alternativi yoxdur. “Biz bu birləşmiş hərbi qruplaşmanı yaratmayacağıqsa, onun yerinə nə yaradacağıq?" – deyə o sual edib.

Buna da bax:​ XİN: 'Məsuliyyət Ermənistanın üzərinə düşür'

Ermənistan parlamenti
Ermənistan parlamenti

XARİCİ TƏHDİDLƏRDƏN QORUMAQ

Qeyd edək ki, əslində ilk belə qruplaşmalar hələ 2001-ci ildə yaradılmağa başlayıb. Rusiyanın Ermənistandakı hərbi bazasında qərarlaşmış qoşunlarla Ermənistanın ordu korpusunun birgə hərbi qruplaşmasına yarandığı 2001-ci ildən Ermənistan ordu generalları rəhbərlik edib.

Hakim Respublikaçılar partiyasının mətbuat katibi, Ermənistan parlamentinin vitse-spikeri Eduard Sharmazanov AzadlıqRadiosu-nun erməni xidmətinə bildirib ki, Ermənistan-Rusiya birləşmiş hərbi qruplaşması Ermənistanın təhlükəsizliyi və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün lazımdır. Onun sözlərinə görə, bu qruplaşmanın məqsədi Ermənistanın təhlükəsizliyini həm Azərbaycan, həm də Türkiyədən qaynaqlanan xarici təhdidlərdən qrumaqdır.

Bununla yanaşı, müqaviləyə görə, Qarabağa hücum edilərsə, Ermənistan-Rusiya birləşmiş hərbi qruplaşması duruma müdaxilə edə bilməz.

Buna da bax:​ Hikmət Hacızadə: “Əsas təhdid İran və Rusiya yox, daxildə...

DAHA QLOBAL YANAŞMA...

Jurnalistlərin "Ermənistanın Tavuş rayonu hücuma məruz qalarsa, bu qruplaşma nə edəcək?" sualına cavab olaraq Sharmazanov belə deyib: «İstəmirəm bu qruplaşmaya belə primitiv yanaşaq. Mən buna daha qlobal baxıram».

Bəs vəziyyət gərginləşərsə, ermənilər bu birləşmiş qruplaşmanın köməyinə ümid bəsləyə bilərlərmi? Vitse-spiker bu suala belə cavab verib: «İlk növbədə Ermənistan Respublikasının sərhədlərində gərgin vəziyyət müşahidə olunanda və Ermənistan Respublikası öz müttəfiqlərinə – KTMT və Rusiyaya müraciət edəndə onlar, o cümlədən də bu qruplaşma, KTMT-nin nizamnaməsinə uyğun olaraq, müdaxilə etməyə və Ermənistan Respublikasını müdafiə etməyə borcludurlar».

«Sülh şəraitində bu qruplaşmanın rəhbəri Ermənistan Respublikasının Ali baş komandanına tabe olur. Allah eləməmiş, çağırışlar və müharibə vaxtı hər iki tərəf – həm Ermənistan həm də Rusiya tərəfi - konsensus əsasında birgə rəhbərlik edirlər», – Sharmazanov söyləyib.

Buna da bax:​ Ekspert: 'Ermənistan Rusiya silahlarından fərəhlənərək...' [video]

“BİRLİKDƏ YARADIRIQ”

«Sizcə, ictimaiyyət Rusiyanın Azərbaycanı ən yeni hücum silahları ilə təchiz etməsini, ardınca da bu təhdidləri neytrallaşdırmaqdan ötrü Ermənistanla birgə qruplaşma yaratmasını düzgün qəbul edə bilərmi?" sualına Sharmazanov belə cavab verib: «Birincisi, Rusiya yaratmır, biz birlikdə yaradırıq, ikincisi də, ictimaiyyətin yerinə danışa bilmərəm...».

Bu həftə Ermənistan parlamentində Rusiya ilə Ermənistan arasında hələ 2013-cü ildə imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsi də müzakirə olunub. Müqavilənin birinci bəndində deyilir ki, "hərbi texnikanı satan tərəf (yəni Rusiya) onun mövcudluğuna və məqsədyönlü istifadəsinə nəzarət hüququna malikdir. Silahı alan tərəfsə bundan ötrü gərəkən şərait yaratmalıdır". Başqa sözlə, müqavilənin şərtlərinə görə, Rusiya Ermənistana satdığı silahlara nəzarət edəcək.

Buna da bax:​ S. Sarkisian: “Ermənistan yalnız qarşılıqlı güzəştə gedə bilər”

Parlamentdəki müxalif «Yelk» fraksiyasının rəhbəri Nikola Pashinian deyib ki, bu müqavilə ilə Ermənistan növbəti dəfə öz suverenliyinin bir hissəsini güzəştə gedir. «Çox peşəkar oyunçular olur, onlar deyirlər ki, sizin bir kisə buğdanız olsa, onlar onu sizdən dənə-dənə alacaqlar. Son 20-25 ildə Rusiya bu müqavilələrlə bizim suverenliyimizi dənə-dənə əlimizdən alır. Bizsə qıraqdan baxıb deyirik ki, bu, beynəlxalq praktikadır, belə olmalıdır və s.», – deyə Pashinian bildirib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG