Rusiya Paşinyanı yıxa biləcəkmi
AzadlıqRadiosuna danışan ekspertlər bildiriblər ki, Rusiyanın Ermənistanın Qərblə dərinləşən əlaqələrini strateji çağırış kimi görməsinə şübhə yoxdur.
RAND Korporasiyasının müdafiə və təhlükəsizlik üzrə tədqiqatçısı Maykl Hikari Çeçire deyib ki, Rusiyanın Ermənistan siyasətini hədəfləyən informasiya əməliyyatları ilə bağlı açıq mənbələrdə çoxlu sübutlar var.
Təhlilçi Rusiyanın kampaniyalarının siyasi proseslərə müəyyən təsir göstərə biləcəyini istisna etmir, amma seçkilərin nəticəsini köklü şəkildə dəyişdirmək ehtimalının az olduğunu vurğulayır.
Ətraflı yazını bu keçiddə oxuyun: 'Rusiya Paşinyanı yıxmaq istəyir'- ABŞ arxa durur. Kim qalib gələcək?
Paşinyan: “Moskvaya da, Vaşinqtona da gedəcəyəm”
Ermənistanın baş naziri, "Vətəndaş Müqaviləsi" partiyasından seçkiyə namizəd Nikol Paşinyan Yerevanda səs verəndən sonra jurnalistlərə deyib ki, “Ermənistan vətəndaşlarının azad iradəsinin ifadə olunacağını" gözləyir.
Paşinyan seçkidə qələbə qazanacağı halda “birinci Moskva gedəcəyi”nin səbəbini belə izah edib:
“Məsələ birinci və ya ikincidə deyil, Moskvaya da gedəcəyəm, Vaşinqtona, Brüsselə, Parisə və Tbilisiyə də. Ümid edirəm ki, Bakıda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində də iştirak etmək imkanım olacaq".
Azərbaycan prezidenti İlham Əliyev mayın 4-də Yerevanda keçirilən sammitə onlayn qatılmışdı. Sammitin 2028-ci ilin yazında Bakıda keçirilməsi planlaşdırılır.
Ermənistan-Rusiya münasibətlərində son vaxtlar baş verənlərə baxmayaraq, Paşinyan heç bir gərginlik görmədiyini bildirib.
Ölkəsinin gələcəyi ilə bağlı baş nazir deyib ki, Avropa tərəfdaşlarının dəstəyi ilə demokratik islahatlar yolunu davam etdirəcəklər və Avropa İttifaqı Yerevanın demokratik islahatların gerçəkləşməsində əsas tərəfdaşıdır.
Avropa İttifaqı ilə Rusiya arasında münasibətlərin balanslaşdırılmasına gəlincə, Paşinyan bunun xarici siyasət məsələsi olduğunu bildirib. O, Yerevanın balanslaşdırılmış və tarazlaşdırılmış xarici siyasət yürütdüyünü xatırladıb.
2025-ci ilin yazında Ermənistan parlamenti Aİ-yə qoşulma prosesinin başlanması haqqında qanun qəbul edib. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yerevan Aİ standartlarına keçməyə başlasa, Ermənistanın Avrasiya İqtisadi ittifaqı ilə inteqrasiyası dayandırılacaq.
Yerevanda səs vermək üçün növbələr yaranıb
"Azatutyun" yazır ki, Yerevandan şimalda yerləşən Arınc qəsəbəsində 29/29 saylı seçki məntəqəsində növbələr yaranıb. 2 mindən çox seçicidən təxminən 600-ü artıq səs verib. Komissiya sədri Arıncda belə fəal seçici iştirakını xatırlamadığını söyləyib.
Müxalifət liderləri son həbslər barədə
"Ermənistan" blokunun lideri, ölkənin ikinci prezidenti olmuş Robert Köçəryan müxalifətçilərə qarşı cinayət işlərini və həbsləri rüsvayçılıq adlandırır.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi seçki cinayətləri ilə bağlı ümumilikdə 209 nəfərə cinayət işi açıldığını bildirib. 194 nəfər saxlanılıb, onlardan 84 təqsirləndirilən şəxsə qarşı həbs və ev dustaqlığı qətimkan tədbiri seçilib.
Robert Köçəryan bu həbslərin qorxu aşılamaq məqsədi daşıdığını deyib.
Ermənistan parlamentinin spikeri Alen Simonyan isə müxalifət arasında həbslərin hökumətin qorxusunun əlaməti olub-olmadığı barədə sualı belə cavablandırıb:
“Qorxu hissi pul paylayanlara aiddir, seçicilərinin olmadığını bilirlər, pul paylamağa məcburdurlar, amma əminəm ki, artıq çox pis uduzacaqlarını anlayıblar”.
AzadlıqRadiosunun erməni xidmətinin xəbərinə görə, “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan bildirib ki, kollektiv müxalifətin qalib gəlmək üçün mütləq şansı var. O da tərəfdarları arasında həbslərin olduğunu bildirib.
"Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan iyunun 6-da 100-dən çox insanın həbs olunduğunu deyib, “amma qorxmağa dəyməz” deyə əlavə edib. O, rəhbəri olduğu partiyanın seçki rüşvətləri payladığı barədə hüquq-mühafizə orqanlarının dediklərini təkzib edib.
“Xalq nə qərar versə, o da olacaq”, – Karapetyan seçkidə baş nazir Nikol Paşinyan qalib gələcəyi halında planları haqda söyləyib.
Xarici əlaqələrə gəlincə, o, balanslı, yaxşı münasibətlərin vacibliyini vurğulayıb.
Rusiyada doğulmuş, milyarder Samvel Karapetyan hökuməti devirməyə çağırış etmək ittihamı ilə ev dustaqlığındadır, özü ittihamları siyasi motivli adlandırır. Onun partiyası Paşinyanı Rusiyaya qarşı təhlükəli düşmənçilik siyasəti yürütməkdə ittiham edir.