Ermənistanda Parakar kənd icmasının müxalifətdən olan başçısının qətlinə görə iki şübhəli saxlanılıb.
İcma sədri Volodya Qriqoryan və onun polis dostu Karen Abramyan sentyabrın 22-də paytaxt Yerevandan qərbdə yerləşən Merdzavan kəndində, Qriqoryanın evinin qarşısında güllələnərək qətlə yetiriliblər.
Merdzavan həmin icmaya daxil olan doqquz kənddən biridir. Abramyanın hadisə vaxtı xidməti vəzifədə olmadığı açıqlanıb.
Şübhəlilərdən biri ifadə verib
Ermənistan İstintaq Komitəsi bildirir ki, şübhəlilərdən biri – yerli sakin Qevorq Harutyunyan maskalı silahlı şəxs olduğunu, hər iki şəxsi öldürdüyünü etiraf edib. O, ifadəsində cinayəti qisas məqsədilə törətdiyini bildirib. Bu barədə İctimai Televiziyanın efirində İstintaq Komitəsinin sədri Artur Poqosyan məlumat verib.
AzadlıqRadiosunun erməni xidməti mənbələrə istinadla digər həbs olunan şübhəli Narek Ohanyanın ifadə verməkdən imtina etdiyini yazır. Ona qətldə yardım etmək ittihamı irəli sürülüb. Ohanyanın 29 yaşlı qardaşı bu ilin fevralında Merdzavanda baş verən atışmada öldürülüb. Həmin insident hakim "Mülki Müqavilə" partiyasından olan kənd icma sədri Mher Axtoyanın evinin qarşısında baş verib.
Öldürülmüş icma sədri Qriqoryanın qardaşı həmin atışma ilə bağlı ittiham olunan bir neçə nəfərdən biridir. O, ev dustaqlığındadır, insidentdə iştirakını inkar edir.
V.Qriqoryanın üzvü olduğu "Aprelu Yerkir" partiyası isə rəsmi versiyanı rədd edərək istintaqı qətlin təşkilatçılarını tapmağa çağırıb.
Təhlükəsizlik tədbirləri
"Azatutyun" yazır ki, Merdzavan sakinləri qətllə bağlı kameraya danışmaq istəməyiblər. Bəziləri rəsmi versiya ilə razılaşsa da, hakimiyyəti hadisənin qarşısını ala bilmədiyinə görə tənqid edirlər.
Kənddə təhlükəsizlik tədbirləri gücləndirilib. AzadlıqRadiosunun müxbiri Ohanyanların evinin qarşısında polis keşikçiliyi müşahidə edib.
Sentyabrın 26-da isə hadisələrin baş verdiyi Armavir vilayətində İstintaq Komitəsi və polis rəhbərliyinin iki yüksəkvəzifəli şəxsi vəzifədən azad olunub. Dünən – sentyabrın 29-da vilayətin baş prokuroru işdən çıxarılıb.
Qriqoryanın başçılıq etdiyi müxalifət bloku altı ay öncə baş nazir Nikol Paşinyanın partiyasını yerli seçkidə məğlub edib. Bəzi müxalif siyasətçilər açıq şəkildə Paşinyanı bu qətlə görə məsuliyyət daşıdığını deyirlər. Onların iddiasına görə, bu cinayət Paşinyanın müxaliflərə təzyiqləri, tərəfdarlarının cəzasız qalması nəticəsində mümkün olub.