Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:26

Ermənistan rəsmiləri: Rusiya sərhəd məsələsinə ‘sıfırdan’ başlamağı təklif edib


Hakim Vətəndaş Müqaviləsi partiyasının deputatları Artur Hovanisyan (solda), Andranik Koçaryan (ortada) və Eduard Ağacanyan mətbuat konfransında
Hakim Vətəndaş Müqaviləsi partiyasının deputatları Artur Hovanisyan (solda), Andranik Koçaryan (ortada) və Eduard Ağacanyan mətbuat konfransında

Moskvadan təklif alındığını noyabrın 18-də baş nazir Nikol Paşinyan da bəyan etmiş, təkliflərin Ermənistan üçün məqbul olduğunu bildirmişdi

Ermənistan hakimiyyətinin nümayəndələri iddia edirlər ki, Rusiya Ermənistana Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası prosesinə sıfırdan başlamağı təklif edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, onlar bunun nə demək olduğunu izah etməyiblər.

Hakim Vətəndaş Müqaviləsi partiyasının deputatları prosesin hansı xəritələr əsasında aparılacağını da bilmədiklərini söyləyiblər.

Bundan əvvəl rəsmilər delimitasiya və demarkasiya prosesinin 1920-ci ilin xəritələri ilə aparıla biləcəyini deyirdilər.

Moskvadan təklif alındığını noyabrın 18-də baş nazir Nikol Paşinyan da bəyan etmiş, təkliflərin Ermənistan üçün məqbul olduğunu bildirmişdi.

Milli Məclisin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan deyib ki, Ermənistanın mövqeyi barədə Rusiyaya rəsmi yazılı məlumat verilib.

Ərazi dəyiş-düyüşü

Azatutyun yazır ki, “Paşinyan bu təkliflərə razılıq verməzdən əvvəl bu məsələni kiminlə isə müzakirə edibmi, yoxsa müstəqil qərar qəbul edib” sualına iqtidar deputatları cavab verməyiblər.

Onlar yalnız bunu bildiriblər ki, Paşinyan Ermənistanın prosesdə maraqlı olduğunu əvvəllər dəfələrlə bəyan edib.

Deputat Ağacanyan deyib:

“Hələlik məzmundan danışmaq tezdir. Söhbət hazırlıq işlərinin başlanmasından gedir. Mənim bundan əvvəl qeyd etdiyim kimi, müəyyən texniki məsələlərə dair razılaşma əldə olunduqdan sonra Ermənistan prosesin özünə başlamağa hazır olacaq”.

İqtidar deputatlarına “Ermənistan Azərbaycanın işğal etdiyi 41 kvadrat kilometri anklavlara dəyişə bilərmi” sualı da verilib.

Azərbaycanın Ermənistanın 41 kvadrat kilometrlik ərazisini işğal etməsi barədə iddianı baş nazir Nikol Paşinyan səsləndirmişdi.

Azatutyun yazır ki, ekspertlər bu ərazinin anklavlara dəyişdirilməsi məsələsinin hətta müzakirəsini belə təhlükəli hesab edirlər, beləki Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yolu, Ermənistan-Gürcüstan magistralı məhz həmin əraziyə düşür.

Lakin iqtidar deputatları belə bir müzakirənin mümkün olduğunu deyiblər. Onlar deyiblər ki, bu suala qəti cavab yalnız delimitasiya və demarkasiya prosesi başa çatdıqdan sonra verilə bilər.

Müxalifət nə istəyir?

Azatutyunun yazdığına görə, keçmiş prezident Robert Koçaryanın müxalif Hayastan blokunun üzvləri baş nazir Paşinyanın hələ 10 gün əvvəl verdiyi bəyanatı yada salıblar.

Paşinyan demişdi ki, hər gün atəş açıldığı, atəşkəsin pozulduğu bir vaxtda delimitasiya və demarkasiya prosesinin keçiriləcəyini təsəvvür etmək belə çətindir.

Azatutyun yazır ki, indi Paşinyanın Rusiyanın təkliflərinə müsbət cavab verməsini müxalifət düşərgəsində belə qiymətləndirirlər: Paşinyan son sərhəd gərginliyindən istifadə edərək sülh bəhanəsi ilə xalqdan xəbərsiz əldə olunmuş razılaşmaları həyata keçirmək istəyir.

Müxalifət iddia edir ki, Ermənistan bu prosesə zor və təhdidlə cəlb olunur.

Keçmiş prezident Serj Sarkisyanla əlaqələndirilən “Şərəfim var” müxalifət blokundan deputat Tiqran Abraamyan deyib:

“Əgər Ermənistan hakimiyyətinin belə yaraşmayan davranışı davam edərsə, 1-2 ildən sonra Azərbaycana delimitasiya və demarkasiya prosesinin keçirilməsi lazım olmayacaq. Çünki Azərbaycan guya danışıqlarla əldə etməyə çalışdığını, zor tətbiq etməklə alacaq”.

De Vaal: 'Ölümlərin şahidi olduq... Tərəflər özlərinə sual versin: Bacarırıqmı?'
Gözlə

No media source currently available

0:00 0:04:43 0:00

“Əsas məqsəd Rusiyanın hərbi müdaxiləsi deyil”

Azatutyun xatırladır ki, Ermənistan Azərbaycanla qarşıdurmada Rusiyadan hərbi kömək istəməyə hazırlaşırdı. Lakin ötən may ayında sərhəddəki gərginliyin eskalasiyası zamanı olduğu kimi bu dəfə də Moskva bu çağırışa sərhədin delimitasiya və demarkasiyası təklifi ilə cavab vermişdi.

Azatutyun bildirir ki, Ermənistanın Rusiyadan köməyi rəsmi və yazılı qaydada istəyib-istəmədiyi məlum deyil. Hakimiyyət həftənin əvvəlində olduğundan fərqli olaraq indi bu məsələni çox da qabartmır.

Eduard Ağacanyan deyib ki, Ermənistan Rusiyaya öz ərazi bütövlüyünün bərpasında kömək üçün müraciət edib və bu məsələ sərhədin delimitasiya və demarkasiyası ilə həllini tapmalıdır:

“Əsas məqsəd Rusiyanın hərbi müdaxiləsi deyil. Hazırda Ermənistan Respublikası suveren ərazisinin toxunulmazlığının təmin edilməsi daha mühüm məsələdir. Delimitasiya və demarkasiya belə bir nəticəyə gətirib çıxaracaq alətlərdən biridir”.

Başqa bir iqtidar deputatı, müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryan deyib ki, Rusiyaya müraciət edilib-edilməməsi prinsipial məsələ deyil:

“Birincisi, Ermənistan və Rusiya arasında hərbi-siyasi razılaşma var. İkincisi, Rusiya atəşkəs rejiminin qarantıdır. Bu səbəbdən də biz bir işi niyə iki eləməliyik”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG