Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:04

Ermənistanda vəkillər tətil edir


Erməni vəkillər tətil edir. 13sent.2017
Erməni vəkillər tətil edir. 13sent.2017

Ermənistanda məhkəmə sistemindən narazı 184 vəkil ötən gün – sentyabrın 13-də birgünlük tətil keçirib. Onlar məhkəmə zalına girişlərinin alçaldıcı axtarışlarla əngəllənməsinə qarşı çıxırlar.

Ötən gün tətil iştirakçılarının keçirdiyi müzakirə zamanı vəkil Tigran Atanesian bildirib ki, durum dəyişməsə, etiraz aksiyası davam edəcək və daha geniş miqyas alacaq.

Buna da bax:​ Ermənistanın müxalifət fraksiyası ölkənin Avrasiya iqtisadi birliyindən çıxmasını təklif edib

“VƏKİLLƏRİN TƏQİBİNİ GERÇƏKLƏŞDİRƏN ALƏT”

«Vəkillərə ədalət yoxdur. Əldə hansı dəlillər olur-olsun, vəkilin iştirak etmədiyi hər hansı məhkəmə prosesi artıq tam deyil. Ümid edirik ki, bu birgünlük aksiya dövlət orqanlarının bu problemi daha dərindən öyrənərək hamıya uyğun bir qərar çıxarmasına yetər», – deyə Atanesian bildirib.

Tətil iştirakçılarından biri, Yervand Varosyan sual edib ki, vəkillərin təhlükəli əşyalar gətirərək cinayətə şərait yaratması ilə bağlı presedent varmı.

«Sasna tsrer» silahlı qruplaşmasının işi üzrə vəkil Musheg Shushanian deyib ki, vəkillərin məhkəmə zalına girərkən çantalarının yoxlanması ilə bağlı görünməmiş təqiblər təxminən üç ay öncədən, Yerevan polisinin polis patrul xidmətini tutmuş silahlı dəstənin işi üzrə məhkəmə prosesi başlayandan bəri həyata keçirilir. Bu üç ay ərzində cəmi iki məhkəmə iclasında iştirak edə bilmiş Shushanian əmindir ki, Vəkillər Palatası öncədən onların maraqlarını müdafiə etsəydi, bu problemlər yaranmazdı.

Buna da bax: 'Söz və ifadə azadlığı ilə bağlı bütün yaxşı sözlər kağız üzərindədir'

«Vəkillər Palatasının nümayəndələri vəkillərin təqibini gerçəkləşdirən alətə çevriliblər. Belə təəssürat yaranır ki, Palata nümayəndəsi qarşısında azad vəkillərə qarşı kampaniya aparmaq vəzifəsi durur», – deyə Shushanian bildirib.

“TARAZLI HƏRƏKƏT ETMƏLİYƏM”

Vəkillər Palatasının bu günlərdə yenidən seçilmiş sədri Ara Zohrabian da, özünün dediyinə görə, vəkillərlə həmrəylik əlaməti olaraq müzakirəyə qoşulub. Ancaq o, həm də tətildə iştirak etmədiyini vurğulayıb. Zohrabian öz ünvanına ittihamları “əsassız” adlandırıb. O deyib ki, məhkəmələrdə baş verən axtarış yox, baxışdır və bu, qanunla nəzərdə tutulub.

«Əgər vəkil çantasını açmaqdan imtina edirsə, axtarış zamanı vəkildən heç nə soruşmurlar, çantasını götürüb açırlar. Bax, bu axtarışdır. Ancaq vəkilin çantasına heç kim toxunmursa, burada axtarışdan söhbət getmir», – deyə Ara Zohrabian bildirib.

Buna da bax:​ Rusiya səfiri erməni jurnalistləri Azərbaycanla bağlı eyni sualı verməkdə günahlandırıb (Video)

Vəkil Lusine Sahakian buna etiraz edərək deyib ki, vəkillər baxışa məcbur edilirlər, çünki əks halda onlar məhkəmə binasına daxil olmaq imkanından məhrumdurlar.

Vəkillər Palatası rəhbəri hesab edir ki, baxışın qaydası problem doğurur və onlar tədricən Məhkəmə Departamentinin güzəştə getməsinə çalışırlar.

«Mən Vəkillər Palatasını dərhal kəskin addımlar atmağa vadar edə bilmərəm. Əminəm ki, bunu məndən yaxşı bilirsiniz. Ən azı, tarazlı hərəkət etməliyəm. Çünki indi burada 30 vəkil var və bu 30 vəkilin fikri, məsələn, 200 vəkillə üst-üstə düşməyə bilər. Mənsə hamının maraqlarını nəzərə almağa borcluyam», – Ara Zohrabian deyib.

Buna da bax:​ "NASA-da ermənistanlı alimlər işləyir"

MƏHKƏMƏDƏ YASAQLANAN ƏŞYALAR

Vəkillər Palatası və Məhkəmə Departamenti təqribən bir ay öncə birgə bəyanat verərək, vəkillərin məhkəmə zalına girərkən yoxlanması qaydalarını müəyyən ediblər.

Vəkillər Palatasının keçmiş sədri Ruben Sahakiansa ötən gün keçirilən müzakirədə buna təəccübləndiyini bildirib: "Axtarış aparılmasa belə, baxış qaydalarını necə heç bir hüquqi qüvvəsi olmayan bəyanatla müəyyən etmək olar?"

«...Mənə desələr ki, bu bizim qanunumuzdur və ona uyğun olaraq, sənin üzərində baxış keçirməliyik, özümü alçaldılmış hiss edərəm», – Vəkillər Palatasının keçmiş sədri deyib.

Buna da bax:​ Roskomnadzor "qanuni oğru" kimi tanınan erməni biznesmen barədə yazının saytdan çxarılmasını tələb edir

Vəkillər Palatasının bəyanatı əsasında Məhkəmə Nümayəndələri Şurası ötən gün məhkəmədə yasaqlanan əşyaların siyahısını dərc edib. Bu qaydalara görə, məhkəmə zalına silah, kəsici-deşici əşyalar, partlayıcı maddələr, sürünən heyvanlar, balıq, virus, balıq tutmaq üçün qarmaq, qayıq avarı və başqa bu kimi əşyalar gətirmək olmaz. Vəkillər bu siyahını gülməli adlandıraraq bildiriblər ki, Məhkəmə Nümayəndələri Şurası öz səlahiyyətlərindən sui-istifadə edib. Belə ki, Konstitusiyaya görə, vəzifələr yalnız qanunla müəyyən edilə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG