Keçid linkləri

2017, 13 Dekabr, çərşənbə, Bakı vaxtı 18:45

Gürcülərlə ermənilərin ‘kilsə mübahisəsinə’ kompromis tapılıbmı?


Gürcüstandakı qədim Kumurdo məbədi

Ötən həftə Gürcüstanın cənubunda əhalisinin çoxu ermənilər olan Kumurdo kəndindəki 1000 yaşlı kiləsinin həyətində aşkar edilmiş qədim sümüklər ehtirasları coşdurmuş və burada ermənilərlə gürcü polisi arasında qarşıdurma yaşanmışdı.

AzadlıqRadiosunun müxbiri yazır ki, Gürcüstanın Ermənistan və Türkiyə ilə sərhədinin cəmi 25 kilometrliyində yerləşən kəndin sakinləri çoxdan bəridir ki, qədim tikilinin erməni kilsəsi olduğunu iddia edirlər.

Lakin gürcü arxeoloqların burada apardığı qazıntı və bərpa işləri həmin iddiaları fiziki qarşıdurmaya çevirmişdi. 2016-cı ilin yayında Kumurdo kilsəsinin yaxınlığında aşkar edilmiş bir qalaq insan sümüyünü elə oradaca dəfn etmişdilər.

Kumurdonun etnik erməni sakinləri bu sümüklərin onların əcdadlarına aid olduğunu iddia edir və bildirirlər ki, Gürcüstan Mədəniyyət Nazirliyinin kilsədə apardığı bərpa işləri erməni keçmişinin tarixi izlərini yox etmək məqsədi güdür.

Sentyabrın 30-da və oktyabrın 1-də ehtiraslar daha da qızışmış və kəndlilər bərpaçıları kiləsinin həyətinə buraxmamışdılar.

Təcili qaydada bura göndərilən Gürcüstan xüsusi təyinatlıları ilə kənd camaatı arasında toqquşmalar olmuşdu.

Polis daşa basılıb

Jnews.ge saytı üçün yazan jurnalist Ağunik Ayvazyan AzadlıqRadiosuna deyuib ki, toqquşma bir qrup kənd qadını şam yandırmaq və dua etmək üçün kilsənin həyətinə daxil olmaq istəyəndə baş verib.

Eyni zamanda kəndin erməni kişilərindən ibarət bir qrup sümüklərin dəfn olunduğu yerdə xaçkar-başdaşı ucaltmağa cəhd edib.

Lakin buna imkan verməyən xüsusi təyinatlı polislər 150-dək kənd sakini tərəfindən daşa basılıb.

Hadisənin videosunda polisin kilsəyə soxulmaq istəyənləri dəyənəklərlə vurduğu görünür. Kəndlilər şikayət edirdilər ki, “ermənilərin dəfn edildiyi yer” təhqir olunub.

Gürcüstan daxili işlər naziri Giorgi Mğebrişvilinin kəndə gəlməsindən və qəzəbli sakinlərlə söhbətindən sonra ehtiraslarlı bir qədər yatırtmaq mümkün olub. Nazir adamları hakimiyyətə hörmət etməyə çağırıb və vəd edib ki, onların narahatlığına və şikayətlərinə dair tədbilər görüləcək.

Xaçkar kilsədən kənarda olacaq

Gərginliyin aradan qaldırılması məqsədilə bundan əvvəl həbs edilmiş iki erməni heç bir ittiham qoyulmadan azad edilib.

Gürcüstan Milli Mədəniyyət İrsi Agentliyinin rəhbəri Nikoloz Antidze kənd camaatına vəd edib ki, onlara xaçkar ucaldılması üçün yaxınlıqda, lakin kilsənin həyətindən kənarda yer ayrılacaq.

Ermənistanın Xarici İşlər Nazirliyi bildirir ki, xaçkarın yeri məsələsi hazırda Ermənistan və Gürcüstanın dini rəhbərləri arasında müzakirə olunur.

Nikoloz Antidze
Nikoloz Antidze

Lakin Antidze qəti şəkildə bildirib ki, kilsənin həyətində hər hansı daş abidənin qoyulması bərpa işlərinə maneçilik törədə və Tbilisinin bu tarixi tikilini UNESCO-nin Dünya İrsi Siyahısına saldırmaq cəhdlərinə əngəl yarada bilər.

Gürcüstan Mədəniyyət Nazirliyi sümüklərin kilsə həyətindən çıxarılmasına dair ermənilərin iddialarını rədd edir və bildirir ki, burada aparılan işlər yalnız kilsənin və onun divarlarındakı yazıların bərpası məqsədini güdür.

Erməni kilsəsi geri çəkilib

Ermənistanın hakim Respublikaçı Partiyasından millət vəkili Vahram Bağdasaryan AzadlıqRadiosuna deyib ki, Kumurdoda baş vermiş zorakılığın erməni-gürcü münasibətlərini korlamasına yol vermək olmaz.

Bağdasaryan deyib ki, kilsənin həyətindəki məzarlıq “qarışıq qəbirstanlıqdır” və oradakı sümüklərdən bəziləri etnik ermənilərin əcdadlarına aiddir.

Lakin Bağdasaryan bunu da deyib ki, Kumurdonun erməni sakinlərinin bu məbədin erməni kilsəsi olduğunu iddia etmələri yanlışdır.

Mamuka Areşidze
Mamuka Areşidze

Əslində Erməni Qriqorian (son illərdə ermənilər “qriqorian kilsəsi” yox, “apostol kilsəsi” ifadəsinin işlədilməsinə üstünlük verirlər) Kilsəsi Kumurdo məbədinə açıq şəkildə iddia irəli sürmür.

Gürcüstan qafqazşünaslarından Mamuka Areşidze deyib ki, kəndliləri qızışdıran kiminsə camaata səhvən kilsədəki yazıların qədim erməni dilində olduğunu deməsi olub. Ermənilər bu yazıları oxuya bilmirlər.

Abxaz kilsəsi?

Gürcüstan Pravoslav Kiləsinin patriarxlığı bildirib ki, kilsədəki daş kitabələr Asomtavruli xətti ilə yazılıb. Bu, Gürcüstanda 5-ci əsrdən istifadədə olan üç yazı xəttindən biridir.

5-ci əsrdə yaradıldığı düşünülən Asomtavruli qədim erməni yazılarına oxşayır.

UNESCO Asomtavruli yazısını “yaşayan qeyri-maddi mədəniyyət” kimi tanıyır və bildirir ki, bu yazıdan Gürcü Pravoslav Kilsəsinin dini mərasim mətnlərində və ikonoqrafikasında istifadə olunur.

Gürcü Kilsəsi bildirir ki, Kumurdo məbədindəki yazılarda onun tikintisinin 964-cü ildə, Abxaziya çarı III Leonun hakimiyyəti dövründə başa çatdırıldığı qeyd olunub.

Həmin dövrdə Abxaziya Krallığı Bizansın vassallığında olan orta əsr feodal dövləti idi.

Bu krallıq Gürcüstan çarlığı ilə sülalə izdivacı vasitəsilə 1008-ci ildə birləşdirilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG