Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:52

Gürcüstanda erməni vətəndaşlarla polis arasında toqquşma olub (VIDEO)


Gürcüstanın Axalkalaki rayonunda yerli erməni sakinlərlə Gürcüstan polisi arasında baş vermiş toqquşmanın ardınca “polisə və hakimiyyətin başqa səlahiyyətli nümayəndəsinə hücum və ya onların alçaldılması”, “xüsusilə ağırlaşdırıcı hallarda odlu silahdan və başqa əşyalardan istifadə etməklə xuliqanlıq” ittihamları ilə cinayət işi qaldırılıb.

Bundan əvvəl yayılan xəbərlərdə deyilirdi ki, Gürcüstanın daxili işlər naziri Georgi Mğebrişvili təcili qaydada ölkənin Samtsxe-Cavaxeti regionuna səfər edib.

Daha əvvəl ermənilərin kompakt yaşadığı bu əraziyə Gürcüstanın xüsusi təyinatlıları göndərilib.

Yerli mediada yayılan xəbərlərə görə sentyabrın 30-da buradakı Kumurdo kəndinin erməni əhalisi ilə polis arasında toqquşma baş verib.

Hadisə nəticəsində polis əməkdaşları da daxil bir neçə nəfər xəsarət alıb.

AzadlıqRadiosunun Exo Kavkaza saytı xəbər verir ki, insident polis yerli əhalini kənddəki kilsəyə buraxmayanda başlanıb.

10-cu əsrə aid bu kilsədə ötən yaydan bəri bərpa işləri aparılır və Kumurdo erməniləri bərpa işləri zamanı tapılan qədim insan qalıqlarının dəfni yerində xaçkar və ya xaç abidəsi ucaltmaq istəyirdilər.

Kumurdo kəndində gürcülərdən başqa ermənilər də yaşayır. Aşkar olunmuş sümüklər Gürcüstan və Ermənistanın dini rəhbərləri arasında danışıqlardan sonra dəfn olunmuşdu.

Daxili işlər naziri artıq Kumurdoda yerli əhali ilə görüşüb və xəsarət alanlara baş çəkib.

Hazırda mərkəzi və regional hökumətlərin nümayəndələri kənddə xaçkarın qoyulması üçün danışıqlardadır.

Münaqişənin səbəbi nədir?

Gürcüstan və Ermənistan mənbələri yazırlar ki, ermənilərin “müqəddəs xaç” və ya “müqəddəs Hampartsum” adlandırdıqları Kumurdo kilsəsi Gürcüstan Pravoslav Kilsəsi ilə Erməni Qriqorian Kilsəsi arasında ən mübahisəli dini obyektlərdən biridir.

Tikilməsi 10-cu əsrə aid edilən kilsədə ötən yaydan Gürcüstanın mədəni irsinin mühafizəsi agentliyi tərəfindən bərpa işlərinə başlanıb və bu işlər 3 il müddətində davam etməlidir.

Bu da qeyd olunur ki, Gürcüstanın bu kilsənin bərpası ilə məşğul olması kəndin erməni icmasını çoxdan narahat edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG