Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan Azərbaycan sərhəd xidmətinin məlumatını “növbəti informasiya tələsi” adlandırıb.
Bu barədə AzadlıqRadiosunun erməni xidməti - Azatutyun yazıb.
Ovannisyanın sözlərinə görə, öz ərazisində döyüş mövqelərinin dəyişdirilməsi müstəsna uğur kimi təqdim olunub.
“Ön xətdə mövqelərin dəyişməsi daimi xarakter daşıyır, ancaq Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi onu ictimai şəkildə səsləndirmir. Bizim döyüş növbətçiliyi aparmaqda məqsədimiz istənilən hərəkəti əlverişli və qeyri-əlverişli əsasla reklam etmək deyil, düşmən üzərində taktiki üstünlüyü, onu nəzarətdə saxlamaqdır. Əgər Azərbaycan tərəfi bu ruhda davam edərsə, onu operativ-strateji üstünlüklə sürprizlər gözləyir...” – Nazirliyin sözçüsü Facebook-da yazıb.
“Turan” informasiya agentliyi avqustun 14-də bir neçə qeyri-rəsmi mənbəyə istinadla son günlər Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələrinin Qazax rayonunda erməni qüvvələri ilə təmas xəttində irəlilədiyini yazıb.
Öz növbəsində Müdafiə Nazirliyinə yaxın "Azeridefence" saytı bildirib ki, Babakər dağı (700 metr) istiqamətində irəliləmə olub. Erməni tərəfinin mövqeləri önə çəkmə cəhdlərinə qarşı DSX bölmələri bir neçə döyüş postunu irəliyə çəkib.
Məlumatda deyilir ki, yeni mövqelər tutulduqdan sonra Ermənistan ərazisindəki bəzi döyüş postlarına və bu postları birləşdirən yollara nəzarət imkanı əldə olunub.
Bu arada Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov isə “Report” portalına deyib ki, DSX-nin “Sərhəd Qoşunlarının Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax rayonu istiqamətində döyüş mövqelərini irəli çəkməsi başlanan prosesin davamıdır”.
Onun sözlərinə görə, Azərbaycan ordusu bundan əvvəl də müəyyən əraziləri nəzarətə götürüb.
Xatırlatma
Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb.
1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.