Türkiyə prezidenti Racep Tayyip Erdogan bildirib ki, Rusiya 2015-2016-cı illərdə verilən qaza görə Türkiyəyə endirim edəcək.
Onun sözlərinə görə, endirimin həcmi təxminən 1 milyard dollardır.
Erdogan Ərzurumda seçkiqabağı mitinqdə çıxış edərkən deyib ki, Türkiyə beynəlxalq arbitiraj məhkəməsinə müraciət etdiyinə görə Rusiya öncə bundan imtina edirdi, amma sonta 10,25 faiz endirim etmək razılığına gəldi.
“Qazprom” şirkəti hələlik məlumata münasibət bildirməyib.
Buna da bax:Putin Türkiyəyə qarşı daha bir neçə sanksiyanı qaldırdı
Qeyd edək ki, 2015-ci ilin sonunda Türkiyənin Suriya sərhədində Rusiya təyyarəsini vurması nəticəsində iki ölkə arasında münasibətlər kəskin pisləşmişdi.
Rusiya buna görə Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq elədi, “Türk axını” qaz layihəsi də daxil olmaqla bütün layihələri dayandırdı.
Amma Erdogan sonradan həmin insident nəticəsində həlak olan pilotların ailələrindən üzr istədi və bundan sonra münasibətlər sürətlə düzəlməyə başladı, sanksiyalar aradan qaldırıldı.