Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:46

Epidemioloq epidemiya yoxdur deyir, məktəb direktoru isə...


Qrip.
Qrip.

Bakı sakinləri son günlər özəlliklə azyaşlılar arasında müşahidə olunan yoluxucu xəstəlikdən gileylənir, bunun epidemiya olmasından təlaşlanırlar.

“7 yaşlı oğlumu 10 gündür sağalda bilmirik. İki gündür qızdırması normallaşıb, ondan qabaq 38-40 arasında oynayırdı. Antibiotik, qızdırmasalan dərmanlar, - heç nəyin effekti olmur. Quru öskürək, sonra bəlğəmli öskürək, burun tutulması, bronxlarda ağrı və s. - simptomlar budur”. Jurnalist Zamin Hacı bunu “Facebook” hesabında yazıb və oğlu oxuyan məktəbdə xəstəlik üzündən sinfin yarısının dərsə gəlmədiyinə diqqət çəkib.

Bakı sakini Arzu Cavadova AzadlıqRadiosu-na deyir ki, 4-cü sinifdə oxuyan oğlu bir neçə gün öncə yüngül xəstələnsə də, ertəsi gün yaxşılaşıb. Bundan ürəklənən ana oğlunu məktəbə göndərib: “Yaxşıydı, heç bir şeyi yox idi, qayıdıb yenidən xəstələndi. Bu dəfə, deyəsən, daha ciddidir vəziyyət. Qızdırma qalxır”. Arzu Cavadova da sinifdə bir neçə şagirdin xeyli vaxtdır xəstə yatdığını bildirir.

Buna da bax:​ Ən çox hansı xəstəliklər artıb?

“Karantin elan edilməlidir”

Azyaşlı uşaqları Bakının 264 saylı məktəbdə oxuyan Ağa Əhmədov deyir ki, uşağının ikisi də xəstə yatır: "Tanış epidemioloqla danışmışam, deyir ki, başqa ölkələrdə məktəbi bağlayar, karantin elan edərdilər. Amma bizdə bunu etiraf etməyə qorxurlar. Gərək ölüm olsun ki, əl-ayağa düşsünlər?!”.

Ağa Əhmədov əlavə edir ki, iş yoldaşlarının uşaqları artıq xəstəxanaya yerləşdiriliblər. Onun sözlərinə görə, övladlarının həyatı tükdən asılıdır, “uşaqların bənizləri ağarıb, çöpə dönüblər, 5 dəqiqəlik ağırlaşmadan ölə bilərlər”. Ağa Əhmədov “niyə dezinfeksiya işləri aparılmır” sualına da cavab axtarır.

Buna da bax: Qan verənlərdən 231-ində təhlükəli infeksiya

“Məktəbdə çox uşaq xəstədir”

264 saylı məktəbin direktoru Sevda Qocayeva xəstəliyin məktəbi bir “epidemiya” kimi başına aldığını AzadlıqRadiosu-na təsdiqləyir. Direktor bütün siniflərdə xəstəlik üzündən şagirdlərin dərsə davamiyyətinin zəiflədiyini, xəstəliyin müəllimlərə də yoluxduğunu deyir. O, məktəbin həkim və tibb bacısının sinif otaqlarını dezinfeksiya etdiyini, qapı dəstəklərini təmizlədiyini vurğulayır, di gəl, bu işlərin xəstəliyin yayılmasını dayandıracağına əmin deyil. Bu üzdən, xəstə uşaqlara dərsə gəlməmələrini tövsiyə edirlər.

“Şagirdlərin davamiyyətində ciddi problem yoxdur”

Bakı Şəhər Təhsil İdarəsi mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədovun fikrincə, durum məktəblərdə karantin elanetmə səviyyəsinə çatmayıb. Onun sözlərinə görə, həkimlər qrip əlamətləri olan şagirdlərə müəyyən tövsiyələr verir, gərəkərsə, onların ambulator müalicə almasını məsləhət görürlər: “Ancaq ümumilikdə, şagirdlərin davamiyyətində ciddi problem yoxdur”.

Ölkədə müşahidə olunan qripəbənzər xəstəlik təkcə məktəblilər yox, böyüklər arasında da yayılıb. Sosial şəbəkə istifadəçiləri bu xəstəliyə yoluxanda, azı, 4-5 gün yataq xəstəsinə çevrildiklərini deyirlər. Sağalıb yenidən xəstələndiyini söyləyənlər də var. Çoxları eyni əlamətləri sadalayır: quru öskürək, qızdırma, titrətmə, başağrısı, boğaz ağrısı.

Buna da bax:​ 400 min yeniyetmə HIV-ə yoluxa bilər

“Adamlar bir-birini yoluxdurur”

“Təşvişə düşməyə ehtiyac yoxdur, bu, adi qripdir, adamlar xəstələndiyi halda işə-gücə, məktəbə gedirlər və bir-birlərini yoluxdururlar”, - ölkənin baş epidemioloqu İbadulla Ağayev AzadlıqRadiosu-na açıqlamasında belə deyir. O, qripəbənzər xəstəliklərlə dünyada hər kəs xəstələndiyini bildirir: “Xəstələnməyin səbəbi adamların özüdür. Havalar soyuyub, özlərini qorusunlar, isti geyinsinlər. Xəstələnən adama qulluq edənlər yoluxmamaq üçün qoruyucu tənziflərdən yararlansınlar. Xəstənin qab-qacağını tər-təmiz yusunlar, dezinfeksiya eləsinlər”.

İbadulla Ağayev: 'Xəstələnməyin səbəbi adamların özüdür'
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00
Direct-ə keçid

İbadulla Ağayev deyir, xəstə uşaqları valideynlərin məktəbə buraxmamalarını məsləhət görür. Beləcə, sağlam uşaqlara da virus yoluxmaz: “Nəinki məktəbdə, elə iş yerlərində də. İşçi xəstədirsə, işə gəlməsin. Bir xəstə bir kollektivi yoluxdurmağa bəs edər”.

Ölkənin baş infeksionisti Namiq Əliyev müşahidə olunan virusun qripin yeni H3N2 forması olduğunu söyləyib. İbadulla Ağayevin fikrincə, virus formulunun nə mediaya, nə də sadə adamlara dəxli var və bu, yalnız mütəxəssisləri maraqlandıra bilər.

Buna da bax: 'Zika' artıq qlobal təhlükə deyil

H3N2 – böyrək çatışmazlığı doğura bilər

Tibb Universitetinin mütəxəssisi Vasif İsmayıl “Facebook” hesabında yazır ki, H3N2 formullu virus böyrək çatışmazlığına gətirə bilən özəlliyə sahibdir. Onun qeyd etdiyinə görə, elmi adı “influenza” olan qrip virusu yalnız tənəffüs sisteminin selikli qişasını tutur və başqa orqanlara keçmək ehtimalı çox azdır: “Ancaq bu - H3N2 qandakı leykositləri də tuta bilir. Özüm bir həftədir xəstələnmişəm. Həyatım boyu qrip üzündən bir gündən artıq yatmamışdım. Tərləyə bilmirəm, ağızda pas dadı var, bütün bədənim ağrıyır, taqətim yoxdur”.

Özü də xəstə yatağına düşən həkim məsləhət görür ki, bu əlamətlərlə xəstələnənlər çoxlu maye içsinlər, içə bilməyənlərsə sistem qoşdursunlar.

Buna da bax:​ Azərbaycanda «donuz qripi» varmı?

“Bu, qrip deyil”

Tibb elmləri doktoru, professor Adil Qeybulla fərqli düşünür və deyir ki, indi müşahidə olunan xəstəliklər qrip deyil, yuxarı tənəffüs orqanlarında parazit infeksiyaların fəallaşmasıdır. Onun sözlərinə görə, soyuqdəymə olanda, immunitet azalanda orqanizmdə viruslar, paraviruslar və infeksiyaların fəaliyyəti güclənir. Beləcə, qripəbənzər əlamətlərlə müşahidə olunan xəstəliklər törənir: “Bu xəstəlik yoluxucu olduğundan, tez bir zamanda geniş bir arealı əhatə edə bilir. Ancaq hazırda epidemiya şəklində müşahidə edilmir”.

Adil Qeybulla: 'İndi müşahidə olunan xəstəliklər qrip deyil'
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00
Direct-ə keçid

Bununla belə, professor xəstələnən şəxslərə dərhal yataq rejimində müalicə almağı, çoxlu maye qəbul etməyi, başqalarına yoluxdurmamaq üçün ictimaiyyət arasında olmaqdan çəkinməyi, ən azı, qoruyucu tənziflərdən yararlanmağı məsləhət görür. Adil Qeybulla onu da qeyd edir ki, vaxtında müalicə tədbirləri alınmasa, infeksiyalar yuxarı tənəffüs orqanlarının iltihabını dərinləşdirə, pnevmoniya (sətəlcəm) kimi xəstəliklərin ortaya çıxmasına səbəb ola bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG