Keçid linkləri

2024, 30 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 07:45

Entoni Hopkins Freydi canlandıracaq


Entoni Hopkins
Entoni Hopkins

İki dəfə "Oskar" mükafatına layiq görülmüş aktyor Entoni Hopkins Mark St.Cermeynin "Freud's Last Session" pyesinin ekran adaptasiyasında Ziqmund Freydi canlandıracaq.

Canlı debat

collider.com saytı yazır ki, birbaşa Kann kinobazarında təqdim edilən layihəni "WestEnd Films" və "CAA Media Finance" şirkətləri satın alıb. Filmin rejissorluğunu "The Man Who Knew Infinity" filmini çəkən Metyu Braunun edəcəyi bildirilir.

Ssenariyə gəlincə, onun müəllifi də orijinal pyesi yazan dramaturq St.Cermeyn olacaq. "The New York Times" qəzeti premyerası 2009-cu ildə olmuş pyes haqqında bunları yazıb: "İti, canlı diskurs. Canlı debat axtaran auditoriya üzvləri bəyənəcək… Mark St.Cermeynin ssenarisi çox itidir. Çoxlu yumor var".

"Freud's Last Session" filmində hadisələr əfsanəvi avstriyalı psixoanalitik Ziqmund Freydin gənc britaniyalı yazar Klayv Steyplz Lüisi Londondakı evinə dəvət etməsi ətrafında cərəyan edir. Lüis məşhur "The Chronicles of Narnia" adlı silsilə kitabların müəllifi olması ilə tanınır. İkinci Dünya müharibəsi ərəfəsinə təsadüf edən bu görüş zamanı iki şəxsiyyət sevgi, seksuallıq və tanrının varlığı kimi çox sayda maraqlı mövzuda mübahisə edir.

Unikal münasibətlər

Bundan əlavə, filmdə doktor Freydin homoseksual qızı Anna Freydlə unikal münasibətlərindən də söz açılır. Anna Freyd də atasının yolu ilə gedərək psixoanalitik olub.

Filmdə Lüisin ən yaxın dostunun anası ilə sevgi romanına da toxunulur. Film də pyes kimi keçmiş, indiki zaman və fantaziyanın qarışığından ibarətdir. Hamısı da Freydin kabinetinin divarları arasında baş verir.

"The Hollywood Reporter" Braunun bu sözlərini dərc edib: "Özümün bu pyesə intellektual maraq və meylimdən başqa, filmin necə inanılmaz dərəcədə vaxtına düşməsi və əhəmiyyətli olmasını da anlayıram. Biz ideoloji baxımdan qütbləşmiş, hər kəsin öz qrupunda ilişib qaldığı, real dialoqun olmadığı dövrdə yaşayırıq. Bütün auditoriyalar üçün, emosional, düşünməyə vadar edən və kreativ bir film çəkmək istəyirəm. Böyük suallar verən, insanın özəyində dayanan şeyləri – sevgi, inam və ölümlülüyü araşdıran bir film".

Söhbət etməmək

Freydin özü də hesab edirdi ki, söhbət etməkdən daha təhlükəli olan yeganə şey söhbət etməməkdir. Başqa sözlə, o, dialoq və ünsiyyətin olmamasının təhlükəli olduğunu deyirdi.

Mark St.Cermeyn bu pyesi 2010-cu ildə yazıb. "The Guardian" əsərlə bağlı rəyində yazır ki, pyesdə Ziqmund Freydin son dərəcə rasional olması, Lüisin isə, əksinə, rasional olmağa çalışmaması qabardılıb. "Görəsən, Tanrı niyə dünyada bu qədər ağrı-acıya imkan verir?" – bir neçə ailə üzvünü itirmiş Freyd sual edir. "Tanrı bizi iztirab vasitəsilə təkmilləşdirmək istəyir", – hər şeyə nonsens cavabları olan Lüis deyir.

Ümumən bu söhbətin Freydlə Lüis arasında deyil, adi adamlar arasında baş verəcəyi halda insanların marağına səbəb olacağı şübhəlidir. Buna görə də pyesə səhnə və ekran quruluşu verən rejissorlardan çox şey asılıdır.

"Braunun dediyi kimi, fərqli baxış bucağına malik iki dahi şəxsiyyətin son dərəcə məhsuldar və mənalı söhbətini əks etdirən layihə, həqiqətən də, indiki vaxtda çox yerinə düşüb. İnsanların ideoloji müharibənin bir-birinə əks səngərlərində gizləndiyi indiki dövrdə bu film dialoqun hər zaman mümkünlüyünü və çox zaman çıxış yolu olduğunu nümayiş etdirəcək", – məqalədə deyilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG