Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Entoni Hopkins 'Quzuların sükutu'nun uşaq hekayəsi olduğunu düşünürmüş


E.Hopkins
E.Hopkins

"Quzuların sükutu" (The Silence of the Lambs) filminin 30 yaşı tamam olur. Hannibal Lekterlə Klaris Starlinqin dialoqları təkcə tamaşaçıları yox, filmin ulduzlarını belə öz təsiri altına salmışdı.

Hannibal və Klarisi canlandıran Entoni Hopkins ilə Codi Foster "Variety" saytının illik "Actors on Actors" seriyasında yenidən görüşərək bu psixoloji qorxu filmindəki rollarından danışıblar.

Hər iki aktyor filmdəki rollarına görə "ən yaxşı baş rol ifaçısı" nominasiyasında "Oskar"a layiq görülüb. Üstündən 30 il keçsə də, onlar hələ də bu filmin çəkilişinin hər anını xatırlayırlar.

"Bu film hər ikimizin həyatını dəyişən macəra oldu", – 58-yaşlı Foster deyir.

Səslər

Aktyorlar oynadıqları qəhrəmanları səsləri ilə tapmaqlarından danışıblar. 83-yaşlı Hopkins Hannibalın qan donduran səsini tez tapdığını deyir.

"Mən bu qəhrəmanın necə göründüyünü bilirdim. [Onun səsi ssenarini] ilk dəfə oxuyanda gəlib məni tapdı", – o deyir.

"Sizin o spesifik səsiniz, səsinizdəki metal cingiltisini xatırlayıram. Kris Nyuman səs [mühəndisi] idi və o da bunu hiss etmişdi. O bu səsi bir qədər də yüksəldə bilmişdi", – Foster deyir.

Foster Klarisi quzularla bağlı yaşadığı dəhşətin qarşıdakı illər ərzində ona necə təsir edəcəyi haqda düşünməklə tapa bilib.

"Mənim üçün Klarisin həm də səsi vacib idi. Çünki quzuların qanının tökülməsi və onlara kömək edə bilməməsi onu yaralamışdı", – Foster deyir.

"O, bir növ daha böyük və daha güclü olmamasından utanırdı. İçində doğulduğu bədənin uğursuzluğuna üstün gələ bilmirdi. Mən anladım ki, bu onun gücüdür. Müəyyən mənada o, elə qurbanlar kimi idi – yad şəhərdə yaşayan başqa bir qız idi. Onun özünü həmin qurbanlara bağlaya bilməsi onu qəhrəmana çevirmişdi".

"Bu, uşaq hekayəsidir?"

Entoni Hopkins isə "Quzuların sükutu" ilə bağlı ilk təcrübəsinin tamamilə fərqli olduğunu deyir. Hopkins psixoloji qorxu trillerinin ona göndərilmiş ssenarisini ilk dəfə oxuyanda onun uşaq hekayəsi olduğunu düşünüb. "Bu, uşaq hekayəsidir?", –o özündən soruşub.

Uelsli aktyor həmin vaxt Londonda "M.Butterfly" adlı tamaşanın üzərində işləyirmiş. Ssenarini də ona agenti göndərib.

"Variety" saytı yazır ki, Hopkins ilk 10 səhifəni oxuyandan sonra yenidən öz agentinə zəng vuraraq bunun real təklif olub-olmadığını soruşub. "Bu mənim bu vaxtadək oxuduğum ən yaxşı ssenaridir", – o, agentinə deyib.

"Mən bəxtimin bu qədər gətirdiyinə inana bilmirdim. Mən sizinlə danışmağa belə qorxurdum", – Foster deyib. "Mənsə düşündüm ki, o, təzəcə "Oskar" udub", – Hopkins cavabında deyib. Hopkins Fosterin 1989-cu ildə "Müttəhim" (The Accused) filmində oynadığı rola görə layiq görüldüyü "Oskar" mükafatını nəzərdə tutub.

"Narahat idim"

Aktyorların virtual söhbəti zamanı Hopkins Hannibal Lekter rolunu qəbul etməzdən əvvəl xeyli narahat olduğunu deyib. Rejissor Conatan Demmi onu bu rol üçün ideal namizəd olduğuna inandırıb və aktyor bu rolu qəbul edib.

"Təbii ki, narahat idim. Mənim kimi ingilis, uelsli, amerikalı serial qatili oynayır", - Hopkins xatırlayır.

"Quzuların sükutu” filmi Tomas Harrisin "Qırmızı əjdaha" (Red Dragon) romanı əsasında çəkilib. Əsərin baş qəhrəmanı, adam yeyən psixiatr Hannibal Lekter Baltimorda yaşasa da, müəllif bu ideyanı Meksika həbsxanasından götürüb. Hannibal Lekterin prototipi Meksika xəstəxanasında cəza çəkən amerikalı qatil həkim olub.

Rejissor Conatan Demmi hələ 1991-ci ildə verdiyi müsahibələrinin birində deyib ki, bu film onu triller kimi yox, qadının portreti kimi maraqlandırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG