Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:00

Demensiya haqda bənzərsiz film


"The Father" (Ata) filmindən kadr
"The Father" (Ata) filmindən kadr

80-yaşlı Entoni (Entoni Hopkins) təqaüddə olan mühəndisdir. O, Londonda özünün geniş və eleqant mənzilində tək yaşayır. Qızı Enn (Oliviya Kolman) gündəlik ziyarətlərinin birində ona problemin başlandığını deməyə çalışır. Entoni hələ enerjili və fiziki sağlamdır. Ancaq yaddaşı pozulmağa başlayır. O, sonuncu bir neçə köməkçisini güman ki, təxəyyülünün məhsulu olan pozuntulara görə işdən qovub. "Mənə heç kim lazım deyil", – deyə o, Ennə çəmkirir. Entoni demensiyaya yuvarlanmaqdadır.

Etibarsız, narahat baxış bucağı

"The Father" (Ata) fransız dramaturqu Florian Zellerin rejissorluq debütüdür. Onun bu pyesi ilk dəfə 2012-ci ildə Parisdə oynanılmış və böyük hitə çevrilmişdi. O zamandan bəri pyes müxtəlif dillərə tərcümə edilərək 45 ölkədə tamaşaya qoyulub. Əsərin Brodvey versiyası 2016-cı ildə baş rolun ifaçısı Frenk Lancellaya "Tony" mükafatı qazandırıb. Bu qədər uğurdan sonra düşünmək olardı ki, cəmi bir neçə aktyorun iştirakı ilə və, sadəcə, bir məkanda çəkilən "The Father" darıxdırıcı, klaustrofobik və teatrsayağı alınacaq. Ancaq Zellerin yanaşması sayəsində Entoninin hekayəsi yalnız kinonun bacaracağı tərzdə nəql edilir. Bunun üçün montaj, kameraların mövqeyi, prodakşn, səs dizaynı səfərbər edilib.

İnsanların öz əzizlərini yaşla gələn demensiya nəticəsində itirməsi haqda çoxlu güclü, mükəmməl filmlər çəkilib. Sara Pollinin "Away From Her"‚ Mixael Hanekenin "Amour", Riçard Qlatser və Uoş Uestmolendin "Still Alice" və Körsten Consonun ötən il ekranlara çıxmış yarısənədli "Dick Johnson Is Dead" filmləri bu qəbildəndir.

Ancaq bütün bu filmlərin yaradıcıları mövzuya fərqli bucaqlardan yanaşıblar. "The Father" filmində biz Ennin dərin kədərini hiss etsək də, filmin bizə təqdim etdiyi yeganə baxış bucağı Entoninin baxış bucağıdır. Bu, çox etibarsız və narahat baxış bucağıdır.

Eyni rollar, fərqli aktyorlar

Entoninin vəziyyətinin pisləşdiyini ilk dəfə təxminən filmin 20-ci dəqiqəsində görürük. Həvəslə özünə çay hazırlayan Entoni qəfildən evində yad bir kişinin qəzet oxuduğunu görür. Onunla dalaşır və onu sakitcə başa salırlar ki, bu Ennin həyat yoldaşı Poldur, yad adam deyil. Üstəlik, içində yaşadıqları mənzil Entoniyə məxsus deyil, onlarındır. Görünür, sonuncu səhnədən sonra müəyyən qədər vaxt keçib və cütlük Entonini tək qoymamaq üçün öz yanına gətirib. Ancaq hər şey get-gedə daha da dolaşır. Əvvəllər gözə dəyməyən bir qadın (Oliviya Uilyams) qapıda görünür və Enn olduğunu iddia edir. Hələ bir onun çaşqınlığına gülür də. Bir qədər sonra tamamilə başqa bir kişi (Rufus Syuell) Ennin əri kimi görünür və Entoniyə qarşı daha qəddar davranır.

Müxtəlif aktyorların eyni rolları oynaması fəndi auditoriyanı çaşdırır. Tamaşaçı hansı versiyaya inanacağını bilmir. Hətta öz gözümüzə və qulaqlarımıza nə dərəcədə inanacağımızı tam anlamırıq. Zellerin bu fəndə əl atmaqda məqsədi hər şeyi dramatikləşdirmək deyil. Məqsəd koqnitiv pozuntu içində olan şəxs üçün reallığın özünün belə hər gün yenidən yazılan və sonra yenidən silinən ağ kağız kimi olduğunu göstərməkdir.

Dəyişikliklər

Maraqlıdır ki, Entoninin yaşadığı mənzildə əşyaların düzülüşü və dekor da daim dəyişir. Dəyişikliklər böyük deyil, ancaq biz onları görən kimi bu məkanı onun əvvəl yaşadığı mənzillə qarışdırmağa başlayırıq.

Filmdə eyni söhbətlər müxtəlif personajların dilindən təkrarlanır, yaxud eyni səhnədə iki dəfə eşidilir. Entoninin beynində baş verən bu incə, lakin davamlı prosesi tamaşaçıya çatdırmaq üçün heç bir mürəkkəb kamera, yaxud montaj tryukundan istifadə olunmur. Biz artıq anlayırıq ki, Entoni hər gün öz yataq otağının qapısını açanda otaqdan kənarda onu kimin, yaxud nəyin gözlədiyini bilmir.

Qeyd edək ki, bu rolun adı və doğum tarixi bilərəkdən Ser Entoni Hopkinsinki ilə eyniləşdirilib. Bu, aktyor oyununa əlavə dərinlik qazandırır. Bu film auditoriyaya bir daha insanın, o cümlədən ekranda gördüyü 83-yaşlı əfsanəvi aktyorun ölümlü olduğunu xatırladır. Əlbəttə, bu filmə baxmaq həm də Florian Zellerin rejissor kimi qarşımıza çıxmasını görmək üçün fürsətdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG