Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:29

Keçmiş deputata ittiham: 'Bilirdi ki, pullar qeyri-leqal yolla gedəcək...'


Manat (arxiv fotosu)
Manat (arxiv fotosu)

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı olan sabiq deputat Elton Məmmədovun özünün də adı oğlunun 210 minlik məhkəməsində hallanır.

Keçmiş deputatın oğlu Elnur Məmmədov bu işdə zərərçəkmişdir, onun on illik tanışı tərəfindən aldadılıb pulunun ələ keçirildiyi iddia olunur. E.Məmmədov ötən məhkəmə iclasında ifadə verib, təqsirləndirilən Rövşən Heybətovla Türkiyədən qəlyan gətirmək biznesində necə anlaşdığını, pulun necə verildiyini danışmışdı.

“Ağsaqqal bunu bilirdi, ona görə məndən “qarantiya” istədi”

Fevralın 2-də isə R.Heybətov ifadə verib, ünvanına səslənən ittihamları cavablandırıb. Bildirib ki, həqiqətən də birlikdə işləmək təklifi ondan gəlib: “Mənim tanışlarım var idi, Türkiyədən mal gətirəndə gömrükdən rüsumsuz keçirə bilirdim. Yaxşı da pul qazanırdım. Təklif elədim ki, belə bir iş var, o da razılaşdı. Sonra ağsaqqalın (Elton Məmmədovu nəzərdə tutur - red.) yanına gedib məsləhətləşdik. O bilirdi ki, pul qara yolla çıxacaq, mal necə gələcək. Yəni bunun təhlükəli iş olduğunu bilirdi. Buna görə də məndən soruşdu ki, nəsə olsa, kim cavabdehlik daşıyacaq? Məndən “qarantiya” istədi. Az pul deyildi də... Dedim ki, cavabdeh mənəm. Söz vermişəm, sözümün də üstündə dayanacam. Axırıncı qəpiyinə qədər də qaytaracam, söz verirəm. Mən dələduz deyiləm, hadisədir də, başıma gəlib”.

Buna da bax: Keçmiş deputat oğlunun 212 minlik məhkəmə qalmaqalı

Elton Məmmədov
Elton Məmmədov

R.Heybətov deyir ki, zərərçəkmiş E.Məmmədovla çörək kəsib, yaxşılıq görüb, amma Türkiyədə qəza görüntüsü yaradıb, onun pulunu ələ keçirməsi haqda onun dedikləri doğru deyil. Onun sözlərinə görə, özü iki idmançı ilə Türkiyəyə gedəndən sonra 210 min qeyri-leqal yolla ora göndərilib. O da gedib İstanbulda, “Kapalı çarşı”dan o pulu götürüb.

İstanbulda qəzaya düşdüyünü, həmin vaxt maşında olan pulların götürüldüyünü deyən təqsirləndirilən Heybətov buna görə Türkiyə polisini də günahlandırır: “Orda başıma bu oyunları açanlar mənim pulla olduğumu bilən adamlar olub. Bu işdə Türkiyə polisinin də əli vardı. Mən özümü öldürdüm ki, polisin məsələdən xəbəri var, dedilər ki, nə danışırsan, Türkiyə polisi elə şey eləməz. Çevriliş məsələsində (2015-ci ilin iyulunda Türkiyədə törədilmiş uğursuz çevriliş cəhdini nəzərdə tutur – red.) gördük də onların nələr elədiyini...”

R.Heybətovun dediyinə görə, həmin puldan 144 min qaytarıb. Bunun 50 minini vəkili ilə birlikdə aparıb, keçmiş deputatın özünə verib: “Hissə-hissə qaytarırdım. Bir müddət sonra Elnur polisə verdi, məni həbs elədilər”.

Buna da bax: Qəzada ölmüş qızın anası məhkəmədə şikayətçi olmadığını dedi...

“Pulları sən özün götürmüsən”

Zərərçəkmiş E.Məmmədov məhkəmədə deyib ki, R.Heybətovla münasibətləri olub, ona görə də həbsinin tərəfdarı deyil. Amma qalan pulunun da geri qaytarılmasını tələb edir.

Sabiq deputatın oğlu atasının pulların qara yolla ölkədən çıxarılmasından xəbərdar olması haqda təqsirləndirilən şəxsin söylədiklərinə heç bir cavab verməyib. Amma R.Heybətovun ifadəsindən sonra deyib ki, onun başına iş gəlməsinə, pulların qəza zamanı götürülməsinə inanmır: “Pulları sən özün götürmüsən. İndi burada etiraf eləmirsən, amma dəfələrlə bizim yanımızda demisən ki, gərək belə eləməyəydim...”

Məhkəmə davam edir.

İttihama görə, E.Məmmədovla R.Heybətov birlikdə qəlyan biznesi ilə məşğul olmağa razılaşıblar. E.Məmmədov ona 210 min pul verib. Türkiyəyə gedəndə R.Heybətovun icarəyə götürdüyü maşınla qəzaya düşdüyünü eşidib. Heybətov ona deyib ki, pullar qəza zamanı maşında olub. E. Məmmədov isə buna inanmayıb və ondan polisə şikayət edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG