Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:48

Keçmiş deputat oğlunun 212 minlik məhkəmə qalmaqalı


Manat
Manat

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı olan sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov yanvarın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, 212 minlik dələduzluq işində ifadə verib. Keçmiş deputat oğlu uzun illər yaxşı münasibətdə olduğu Rövşən Heybətova indi əks tərəfdədir.

Təqsirləndirilən R.Heybətov K-1 (kikboksinq) üzrə məşqçidir. O, E.Məmmədovun Bakı şəhər Baş Polis İdarəsinə şikayətindən sonra həbs olunub. Məmmədov ərizəsində tanışının birgə iş qurmaq adı ilə onun pulunu alıb aldatdığını göstərib.

R.Heybətov beş ay Kürdəxanı təcridxanasında qalandan sonra onun barəsində həbs-qətimkan tədbiri dəyişdirilib, ev dustaqlığına buraxılıb. Hazırda da həbsdə deyil.

«İdman maşınımı 125 min manata satdım...»

Yanvarın 25-də məhkəmədə öncə prokuror ittiham aktını elan edib. R.Heybətov birgə biznes adı ilə sabiq nazirin qardaşı oğlunu aldadıb 212 min dollarını ələ keçirməkdə suçlanır. Amma istintaqın gedişində bu məbləğin böyük hissəsi qaytarılıb.

***Buna da bax-Beynəlxalq Avtovağzalın sahibi Vircin adalarından çıxdı

O da məlum olub ki, zərərçəkmiş tərəf Heybətova qarşı həm də 65 min dollarlıq mülki iddia qaldırıb. E.Məmmədovun iddiasına görə, təqsirləndirilən şəxsin ona bu qədər borcu qalıb.

İttihama münasibət bildirən Heybətov özünü təqsirli bilməyib. Heç zərərçəkmişin dediyi məbləğlə də razılaşmayıb. Bildirib ki, cəmi 40 min borclu qalıb.

Ardınca E.Məmmədov ifadə verib. Deyib ki, R.Heybətovu 10 ildir tanıyır, arada birlikdə xarici səfərlərə gediblər. 2015-ci ilin noyabrında belə səfərlərin birində – Moskvada Heybətov ona birgə biznes qurmağı təklif edib: «İdman maşınım vardı, onu 2015-ci ildə 125 min manata satmışdım. İstəyirdim, Almaniyadan yeni maşın alım. Rövşən dedi ki, «neynirsən maşını, gəl, Türkiyədə iş quraq, qazandığımız pula daha yaxşı maşın alarsan».

Zərərçəkmişin sözlərinə görə, söhbət qəlyan biznesindən gedirmiş. E.Məmmədov deyir ki, Rövşən onun yanında Türkiyədə yaşayan bir neçə nəfərə zəng edib, məsələ haqda danışıb. Axırda da deyib ki, bu işi qurmaqdan ötrü 200 min dollardan çox pul lazımdı. O da razılaşıb. Amma pulu verməmişdən şərt qoyub:

***Buna da bax-Deputat: 'Azərbaycan Tramp əleyhinə... araşdırma aparmaz'

«Dedim ki, gərək ağsaqqalla, yəni atamla danışım. Danışdım, Moskvadan qayıdandan sonra Rövşəni ağsaqqalla görüşdürüb tanış elədim. Atam şərtlərini deyəndə Rövşən cavab verdi ki, «hər şeyə başımla cavabdehəm». Atam xeyir-dua verdi. Maşınımın pulundan əlavə, bankdan da bir aylıq 100 min dollar pul götürdüm. Rövşən Türkiyəyə gedəndə təhlükəsizlik üçün iki idmançı da aparmışdı. Mən pulu onun ardınca bank vasitəsilə göndərmişdim. Ora çatanda dedi ki, götürüb...».

«Söz verdi ki, evini adımıza keçirəcək»

Sabiq deputat oğlunun deməsinə görə, bir müddət sonra özü də Türkiyəyə gedib. Bundan öncə iş ortağı ona məlumat verib ki, hərəkət rahatlığı üçün orada icarəyə maşın götürüb sürür. E.Məmmədov Türkiyədə təqsirləndirilən şəxsin qaldığı otelə gedib. Ora çatanda Rövşənlə birlikdə getmiş idmançılarla qarşılaşıb, onun qəzaya düşdüyünü, xəstəxanada olduğunu deyiblər: «Rövşənə zəng elədim, dedi ki, boynu sınıb. Xəstəxanaya qaçdım. Amma onda ciddi xəsarət görmədim. Həkimlər də ciddi bir şey olmadığını dedilər. Özü isə durmadan qəribə şeylər danışır, sayıqlayırdı. Pulu soruşanda dedi ki, qəza vaxtı maşında idi. Sonra polislər onun ifadəsini aldılar. Pulu soruşduq, polislər dedi ki, nə pul, maşında pul olmayıb...».

E.Məmmədov deyir ki, maşına baxanda da ciddi ziyan dəymədiyini görüb, aldadıldığını başa düşüb: «Onun məqsədi məni çağırıb bütün bunlara inandırmaq idi. Çəkdim kənara, mübahisə elədik, bir-birimizə əl-qol da atdıq».

Zərərçəkmiş deyir ki, Türkiyədən qayıdandan sonra Rövşən yenə onun atası ilə görüşüb, öz evini onların adına keçirəcəyinə, qalan pulu da qaytaracağına söz verib. Amma sonra yoxa çıxıb: «Zəng vurdum, telefonuna zəng çatmadı. Binanın mühafizəçisi dedi ki, əşyalarını yığıb harasa getdi. Sonradan gah Moskvada, gah Kiprdə, gah da Londonda olduğunu deyirdi. Sonra əlaqə birdəfəlik kəsildi. Ona bəlkə beş yüz dəfə xəbərdarlıq eləmişdim...».

E.Məmmədov ifadəsinin sonunda deyib ki, iki il ərzində ona ümumilikdə 144 min dollar qaytarıb, qalan pulu da tələb edir.

Növbəti məhkəmə iclasında təqsirləndirilən R.Heybətov ifadə verəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG