Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:29

Deputat: 'Azərbaycan Trump əleyhinə... araşdırma aparmaz'


Tramp Qülləsi
Tramp Qülləsi

“ABŞ senatorlarının göstəriş və ya tələbi ilə Azərbaycanın addım atmaq öhdəliyi yoxdur. Ancaq Azərbaycanın dövlət marağında olarsa, ölkənin təhlükəsizliyi tələb edərsə, bu yöndə araşdırma apara bilər”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elman Məmmədov (sözügedən məmmədovlarla qohumluq əlaqəsi yoxdur) ABŞ Senatının bir neçə üzvünün prezident Donald Trump-ın Azərbaycandakı biznes fəaliyyətinin araşdırılması ilə bağlı müraciətinə münasibət bildirərkən belə deyir. Senatorlar prezidentin Azərbaycandakı biznes fəaliyyətinin antikorrupsiya və sanksiyalar haqqında qanunları pozub-pozmadığını araşdırmaq üçün federal təhqiqat aparılmasını istəyirlər.

Buna da bax:​ ABŞ senatorları Trump-ın Məmmədovlarla biznesinin araşdırılmasını tələb edirlər

Onların fikrincə, sözügedən biznes çirkli pulların yuyulması və İranın İslam Keşikçiləri Korpusuna bağlı başqa qanunsuz fəaliyyətlər üçün vasitə rolunu oynaya bilərdi. Bu məsələdə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun, onun oğlu Anar Məmmədovun və qardaşı Elton Məmmədovun da adı hallanır.

Deputat Elman Məmmədov
Deputat Elman Məmmədov

“Trump ABŞ prezidentidir, iki ölkə arasındakı münasibətlərə xələl gəlməməsi, soyuqluq yaranmaması üçün Azərbaycan Trump əleyhinə olan senatorların xətrinə araşdırma aparmaz. Mən belə hesab edirəm”, - deputatın sözləridir.

AzadlıqRadiosu-nun “Trump-la bağlı iddialar - Azərbaycanda çirkli pulların yuyulması haqda deyilənlər nə qədər doğru ola bilər” sualını Elman Məmmədov belə cavablayıb:

– Məlumatım yoxdur. Bunu Trump-la biznes fəaliyyətində olanlardan soruşun.

Buna da bax: Obama Trump-a deyib: “ABŞ prezidentliyi ailə biznesi deyil…”

– Keçmiş nəqliyyat naziri Ziya Məmmədovla oğlunun, eləcə də qardaşının - sizin keçmiş deputat həmkarınız Elton Məmmədovun da adı hallanır.

– Məlumatım yoxdur. O barədə bir söz deyə bilmərəm.

“Azərbaycan dövlətinə müraciətlər edilərsə...”

Milli Məclisin adıçəkilən komitəsinin başqa üzvü Zahid Oruc bu fikirdədir ki, Trump ətrafındakı həlqəni daraltmaqdan ötrü “siyasi səhnəni tərk etməyə məcbur qalan məğlub qüvvələr qalibiyyət üçün mübarizəni davam etdirəcəklər”.

Zahid Oruc düşünmür ki, həmin qüvvələrin başlıca hədəfi Azərbaycan və ya burda gerçəkləşdirilən maliyyə layihələridir. O ki qaldı Trump və İranın İslam Keşikçiləri Korpusuyla bağlı maliyyə vəsaiti haqda səslənən fikirlərə, deputat bunun doğruluq dərəcəsini bilmədiyini söyləyir:

Buna da bax:​ Azərbaycanın itirilmiş şəffaflığı

Zahid Oruc
Zahid Oruc

“Hazırkı dövrdə Trump dünyanın əsas problemləri ətrafında “fake news” - saxta xəbərlər məsələsini daim vurğulayır. O, zənginlər məhəlləsindən yönləndirilən, seçkiləri uduzmuş hərbi, maliyyə korporasiyalarının, dərin dövlət nəzəriyyəçilərinin onun əleyhinə kompromat savaşı apardığını bildirir. Bu üzdən Bakıda inşa olunan bir binanın çirkli, yoxsa təmiz pullar hesabına inşa olunduğunu təyin etmək bizim işimiz deyil. Hər bir halda bu məsələylə bağlı Azərbaycan dövlətinə müraciətlər edilərsə, bunun araşdırılmasında normal əməkdaşlıq aparıla bilər. Zənn etmirəm ki, həmin binaların təməli qoyulanda, kimsə Trump-ın gələcəkdə ABŞ-ın birinci şəxsinə çevriləcəyini bilirdi. Hər halda, onun qanunvericilik tələblərinə uyğun şəkildə, rəsmi vergi ödəyicisi olaraq, kapitalını 5-6 milyard dollara çatdırdığını hər kəs bilir. Bu şəxsin beynəlxalq məkanda şəbəkə halında böyük korporasiyaları və biznesi olduğu bəlliydi. Onun üstünə indiki halda dövlət başçısı kimi yeriyirlər və məncə, bütün bunlar Trump-ı impiçmentə vadar etmək, beynəlxalq aləmdə əl-qolunu bağlamaq üçün atılan addımlardır. Məncə, Azərbaycan bu məsələdə ən kiçik halda da yer tutmur”.

Bununla belə deputatın fikrincə, ABŞ rəsmiləri Trump-ın biznesini araşdırmaq üçün Azərbaycanın hüquq-mühafizə orqanlarına üz tuta və bu yöndə əməkdaşlıq aparıla bilərlər.

Buna da bax: Trump, Anar və İran İnqilab Qvardiyası... (ABŞ jurnalı yazır)

AzadlıqRadiosu Məmmədovlardan sözügedən məsələyə münasibət almağa çalışsa da, mümkün olmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG