Keçid linkləri

2024, 18 Sentyabr, çərşənbə, Bakı vaxtı 03:22

Qəzada ölmüş qızın anası məhkəmədə şikayətçi olmadığını dedi...


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

İşadamının oğlunun törətdiyi qəzanı sürücü niyə öz üzərinə götürüb?

Qarabağ döyüşlərində həlak olmuş Elton Əkbərovun həyat yoldaşı Bəsti Qədimova 2017-ci ilin noyabrında prezident və xanımı da daxil, müxtəlif dövlət orqanlarına, mediaya müraciət edib, qızının məmur oğlu tərəfindən avtomobillə öldürüldüyünü, cinayətin ört-basdır edildiyini bildirirdi.

Fevralın 1-də isə Bəsti Qədimova Bakı Ağır Cinayətlər Məhkəməsində qızının ölümünün araşdırıldığı iş üzrə ifadə verib və şikayətçi olmadığını deyib.

Bəsti Qədimova
Bəsti Qədimova

Söhbət noyabrın 8-də axşam saat 19:30 radələrində Bayraq meydanı yaxınlığında baş vermiş qəzadan gedir. “Jeep Grand Cherokee” markalı, “90 FO 007” dövlət nömrə nişanlı avtomobil 1975-ci il təvəllüdlü Könül Əkbərovanı vurub. O, hadisə yerində keçinib.

Buna da bax: Vəkil: 'Hacı Məmmədov xeyli sirləri özüylə apardı'

Bu hadisəyə görə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılan isə 17 yaşlı Rəhim Rəhimovdur. O, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur.

“SÜRÜCÜ BUNU ÖZ TƏŞƏBBÜSÜ İLƏ EDİB”

R.Rəhimov hadisədən təxminən bir ay sonra – dekabrın 4-də həbs olunub. Bundan öncə isə Rəhimovlar ailəsinin Əmrulla Şahbazov adlı sürücüsü saxlanmışdı. O, hadisəni özünün törətməsi haqda ifadə də vermişdi. O zaman B.Qədimova mətbuata açıqlamalarında bildirmişdi ki, yalandır, sükan arxasında həmin şəxs olmayıb.

Buna da bax: Biz hələ yaşamırıq, nə vaxt ehtiyac olsa, onda yaşayacağıq

R.Rəhimov fevralın 1-də məhkəmədə ifadə verərkən sürücünün onun əvəzinə hadisəni öz üzərinə götürməsi məsələsinə də toxunub. Deyib ki, sürücü ondan xəbərsiz, öz təşəbbüsü ilə bunu eləyib.

“Polislər mənə dedi ki, get, atana de, sürücünü göndərsin...”

Hadisəyə gəlincə, R.Rəhimov özünü təqsirli bilib və bunları danışıb: “Həmin gün “Enerji” kluba ad gününə gedirdim, saatda 50-60-la sürürdüm. Hava yağışlı idi, aşağı sürətlə gedirdim ki, maşın sürüşməsin. Birdən maşına nəsə dəydi. Heç bilmədim ki, maşına dəyən insandımı? Saxlayıb düşdüm, gördüm ki, qadın yıxılıb. Nəbzini yoxladım. Gördüm ki, artıq dünyasını dəyişib. Mən şokda idim. Yolun kənarında oturub ağlayırdım. Təcili yardıma zəng elədim, 15-20 dəqiqəyə gəldi. Sonra polislər də gəldi. Polislər yenidən baxıb dedilər ki, artıq dünyasını dəyişib. Müəyyən səbəblərə görə polis əməkdaşları mənə dedi ki, ‘get, atana de, sürücünü göndərsin’. Polislərə dedim ki, ‘qəzanı mən törətmişəm’”.

Buna da bax: Akif Çovdarova 12 il həbs cəzası verildi [yenilənib]

R.Rəhimov hadisə yerindən qaçmaya görə məsuliyyət nəzərdə tutan CM-nin 264-cü maddəsi ilə ona verilmiş ittihamı qəbul etmir.

Zərərçəkmiş B.Qədimova isə dövlət orqanlarına şikayətlərində hadisəni törədən şəxsin qızını yaralı vəziyyətdə qoyub qaçdığını iddia edirdi.

Təqsirləndirilən şəxs deyir ki, sürücülük vəsiqəsi olmayıb, maşını da atasından gizli götürüb:

“Sürücümüzə dedim ki, ‘ad gününə gedirəm. Maşını ver, amma atam bilməsin’. Ad gününə dostlarım maşınla gəlirdi deyə, mən də maşınla getmək istədim. Bir uşaqlıq idi etdim. Başıma da bu hadisə gəldi. Heç istəməzdim belə olsun. Mən dünyasını dəyişən qadını tanımıram. Hadisədən peşmanam. Polislərə dedim ki, sənədlərim yoldadır, gəlir. Orada demək istəmədim ki, sənədlərim yoxdur”.

POLIS DEYIB, “MİN TAKSİYƏ GET”

R.Rəhimovun sözlərinə görə, polislər ona deyib ki, ərazidə piyada keçidi var, amma piyada oradan keçməyib: “Polislər dedilər ki, ‘səni tanıyırıq’. Yəni valideynlərimi nəzərdə tuturdu. Qolumdan tutub aşağı gətirdilər. Dedilər ki, ‘narahat olma, min taksiyə, get, biz hər şeyi qaydasına qoyacağıq’. Mən sürücüyə zəng elədim”.

Məhkəmədə təqsirləndirilən şəxsin ifadələri elan olunub. Məlum olub ki, o, ilk ifadəsində qəzanı sürücünün törətdiyini deyib. O bildirib ki, “Enerji” klubda olarkən sürücüyə zəng edib, gəlib onu aparmasını istəyib. Sürücü yolda onunla əlaqə saxlayaraq, qəza törətdiyini deyib.

Buna da bax: Əfqan Muxtarlı: 'Məni bu adama təhvil verdilər, cibimə pulu da o atdı...'

R.Rəhimov sonradan ifadəsini dəyişib və qəzanı özünün törətdiyini etiraf edib.

Məhkəmədə zərərçəkmiş B.Qədimova da dindirilib. Bildirib ki, şikayəti yoxdur: “Mənim qəzanı törədən şəxs yaşda nəvəm var. Ona baxanda nəvəmi xatırlayıram. Qızım artıq geri qayıtmayacaq. İstəmərəm ki, onun həyatı qaralsın. İndi şikayətim yoxdur”.

Zərərçəkmiş onu da söyləyib ki, qızının yas mərasiminin xərclərini təqsirləndirilən şəxsin ailəsi ödəyib.

R.Rəhimov CM-nin 263.2 (yol hərəkəti qaydalarını pozma zərərçəkmişin ölümünə səbəb olduqda) və 264 (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunur. Qanunda bir nəfərin ölümünə səbəb olmuş yol qəzasına görə 2 ildən 6 ilədək, hadisə yerindən qaçmaya görə isə 2 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Məhkəmə davam edir.

Akif Rəhimov parlament seçkilərində deputatlığa namizəd olub.

XS
SM
MD
LG