Keçid linkləri

2024, 20 İyul, şənbə, Bakı vaxtı 14:00

Elmar Vəliyevə görə həbs edilib təcridxanada ölən şəxsə 10 maddə ilə bəraət verildi


Elmar Vəliyevə qarşı silahlı sui-qəsd terror aktı kimi rəsmiləşdirilib. Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib.
Elmar Vəliyevə qarşı silahlı sui-qəsd terror aktı kimi rəsmiləşdirilib. Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib.

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə görə Moskvada həbs olunub Bakıya gətirilən və təcridxanada vəfat edən Müşfiq Qurbanova ittiham verilən 10 maddənin əsassız olduğu aydınlaşıb. Mərhum Qurbanovun işinə baxan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri bu nəticəyə gəlib. Məhkəmənin hökmünə əsasən, ümumiyyətlə, onun Vəliyevə qarşı sui-qəsd hadisəsinə heç bir aidiyyəti olmayıb. Ona görə də qəsdən adam öldürməyə cəhd və buna bənzər başqa maddələrin hamısı üzrə ona bəraət verilib.

Məhkəmə Qurbanovu 5 maddə ilə - sabiq icra başçısına sui-qəsddə suçlanan Yunis Səfərovla əlbir olub terrorçuluğa hazırlıq, silah-sursat əldə etmə kimi əməllərdə təqsirli bilib. Lakin öldüyünə görə ona cəza təyin olunmayıb.

Qurbanov məhkəmə qarşısında tək deyildi. O, Moskvada saxlanılaraq Bakıya ekstradisiya olunmuş Yusif Sadıxovla birlikdə mühakimə olunurdu. Sadıxova isə 11 maddə ilə bəraət verilib. Terrorçuluğa hazırlıq, dövlət xadimi və ya ictimai xadimin həyatına sui-qəsd kimi və s. daha dörd ittiham isə CM-nin 307.3 (xüsusilə ağır cinayəti gizlətmə) maddəsinə tövsif olunub. Yəni Sadıxov son nəticədə yalnız cinayəti bilib vaxtında hüquq-mühafizə orqanlarına xəbər verməməkdə təqsirli bilinib. O, 4 il 6 ay azadlıqdan məhrum edilib.

"Yunis Səfərovun özü də Müşfiqi tanımayıb"

Müşfiq Qurbanovun vəkili Zibeydə Sadıqova bu hökmlə də razı deyil. O, apellyasiya şikayəti verəcəyini bildirib. Vəkilin sözlərinə görə, hər iki şəxs haqqında bəraət hökmü çıxarılmalıydı: "Məhkəmədə dindirilənlərin hamısı deyirdi ki, biz bu adamları tanımırıq. Təsəvvür edin, Yunis Səfərovun özü də Müşfiqi tanımayıb. Müşfiq Qurbanov da, ümumiyyətlə, Gəncə işinə görə həbs olunanların heç birini tanımır. Hansı mütəşəkkil dəstədən, hansı terrora hazırlıqdan söhbət gedə bilər?".

Qurbanov 14 yaşından epilepsiya xəstəliyindən əziyyət çəkib. Sonradan onun ürəyində də problemlər yaranıb. 2020-ci il noyabrın 29-dan 30-na keçən gecə Bakı istintaq təcridxanasında ürək çatışmazlığından vəfat edib.

Yusif Sadıxov Gəncədən Milli Məclisin deputatı Naqif Həmzəyevin sinif yoldaşı olub. Cinayət işinin materiallarında iddia olunur ki, Səfərov icra başçısı ilə yanaşı, deputatı, polis polkovniki Rasim Qurbanovu da qətlə yetirmək niyyətində olub.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) sui-qəsd olub. Vəliyev və onu mühafizə edən polis əməkdaşına qarşı silahlı sui-qəsd terror aktı kimi rəsmiləşdirilib və bu əməli törətməkdə suçlanan Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan doqquz nəfərə isə 18-20 il həbs cəzası verilib.

Səfərov bildirib ki, icra başçısını əhaliyə zülm etdiyinə görə öldürmək qərarına gəlib və bu məsələ təkbaşına onun planı olub. Digər təqsirləndirilən şəxslər günahsız olduqlarını, icra başçısına qarşı sui-qəsd olayına heç bir aidiyyətləri olmadığını bildiriblər. Onlar hökmdən apellyasiya şikayəti veriblər. Həmin şikayətə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

Məhkəmədə sabiq icra başçısının dindirilməsi tələb olunsa da, nümayəndəsi Vəliyevin anlaqsız olması haqda arayış təqdim edib.

XS
SM
MD
LG