Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 11:58

Y.Səfərov: 'Müşfiq adı çəkmişəm deyə, heç tanımadığım Müşfiqi də tutublar'


Y.Səfərov

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd olayına görə həbs olunub, 2020-ci ilin noyabrında təcridxanada vəfat edən Müşfiq Qurbanovun ailəsi ona bəraət verilməsində israrlıdır. M.Qurbanovun işinə baxan məhkəmə onun ailəsinə seçim imkanı yaradıb: ya ölümü ilə əlaqədar onun barəsindəki cinayət işinə xitam verilir, amma bəraət verilmir, yaxud da hüquqi varisi tanınır və məhkəmə prosesi onun iştirakıyla davam etdirilir.

Moskvada saxlanaraq Azərbaycana verilib

M.Qurbanovun həyat yoldaşı Məhəbbət Qurbanova fevralın 3-də məhkəməyə ərizə təqdim edərək onun hüquqi varisi qismində tanınıb. Həyat yoldaşının heç bir cinayət törətmədiyi halda həbs olunduğunu, nəticədə həyatını itirdiyini vurğulayan M.Qurbanova bildirib ki, ona bəraət verilməsi üçün hüquqi müstəvidə sona qədər mübarizə aparacaq. Hətta yerli məhkəmələr bu işə obyektiv baxıb, ədalətli hökm çıxarmasalar, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək.

M.Qurbanov 2017-ci ilin fevralından ailəsi ilə Moskvada yaşayıb. O, icra başçısına qarşı sui-qəsddən üç ay sonra – 2018-ci ilin oktyabrında Moskvada saxlanılıb. Bir neçə dəfə Moskvada məhkəmə onu Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verməkdən imtina edib. 2020-ci ilin yanvarında o, Bakıya gətirilib.

Moskvada yaşayıb-işləyən Yusif Sadıqov da icra başçısına qarşı sui-qəsdlə əlaqədar axtarışa verilərək Moskvada saxlanıb eyni vaxtda Azərbaycana göndərilmişdi. Onlar Bakıya gətiriləndə Y.Səfərov və onunla eyni cinayət işi üzrə təqsirləndirilən şəxslərin işi artıq məhkəməyə göndərilmişdi. Bu səbəbdən M.Qurbanovla Y.Sadıqovun ikisinin işi birləşdirildi. Onların işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri, lakin Bakıda – Sabunçu rayon Məhkəməsinin binasında baxırdı.

"Evində qaldığım Müşfiqin də bu işə heç bir aidiyyəti olmayıb"

Fevralın 3-də onların məhkəməsində icra başçısını öldürmək cəhdində suçlanan Yunis Səfərov və onunla birlikdə ittiham olunan şəxslər şahid kimi dindirilib. İfadə verən 10 şahidin hamısı M.Qurbanovu tanımadığını bildirib.

Y.Səfərov deyir ki, o, 2017-ci ilin aprelində Müşfiq adlı şəxsin evində kirayə qalıb. İstintaqa ifadəsində də bu barədə danışıb. Y.Səfərov ehtimal edir ki, hüquq-mühafizə orqanları həmin Müşfiqi nəzərdə tutaraq, heç vaxt tanımadığı M.Qurbanovu cinayət məsuliyyətinə cəlb ediblər: "Görünür, o Müşfiqin yerinə bu Müşfiqi həbs eləyiblər. Bu da faciə ilə nəticələnib. Hərçənd, evində qaldığım Müşfiqin də bu işə heç bir aidiyyəti olmayıb. Bu adamı isə ümumiyyətlə, tanımamışam. Müşfiq adı çəkmişəm deyə, heç tanımadığım Müşfiqi də tutublar".

Mərhum M.Qurbanovun hüquqi varisi bildirib ki, Y.Səfərov 2017-ci ilin aprelində Müşfiq adlı şəxsin evində kirayə qalanda onun həyat yoldaşı heç Gəncədə olmayıb. Həmin vaxt o, iki ay idi ki, Moskvaya getmişdi.

"O, niyə soruşduğumu bilmirdi"

Digər təqsirləndirilən Yusif Sadıqova gəlincə, Y.Səfərov və digər şahidlər onu savadlı müəllim, ziyalı kimi tanıdıqlarını vurğulayıblar. Y.Səfərov onun da günahsız həbs edildiyini bildirib.

Cinayət işinin materiallarında iddia olunur ki, Y.Səfərov o zaman icra başçısı ilə yanaşı, Gəncənin deputatı Naqif Həmzəyevi də öldürmək istəyib. Vaxtilə N.Həmzəyevlə eyni məktəbdə təhsil almış Y.Sadıqov da ona deputatın koordinatlarını verib.

Y.Səfərov təsdiqləyib ki, ondan deputatın harada yaşadığını soruşub: "Dedi ki, əlaqəmiz yoxdur, bilmirəm. Hətta məlumatı olsaydı belə, o, niyə soruşduğumu bilmirdi. Bilə də bilməzdi. Mən nə düşündüyüm, nə eləmək istədiyim haqda hamıya məlumat vermirəm ki...".

Y.Səfərov və onunla birlikdə mühakimə olunanların da məhkəməsi davam edir. Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahidlərin dindirilməsi mərhələsidir. Şahidlərin də əksəriyyəti onları tutan polislərdir.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin o zamankı başçısı Elmar Vəliyev və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd törətməkdə suçlanan Yunis Səfərov həbs olunub. Hüquq-mühafizə orqanları bunu terror əməli sayır, Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğu iddia edilir. Y.Səfərov isə bu iddianı təkzib edir, sabiq icra başçısını özbaşınalıqlarına, əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirir.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

Y.Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG